Sabunçuda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirildi - Fotolar

sabuncuda-dovlet-suverenliyi-gunu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1357

Bu gün Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində “20 Sentyabr-Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirildi.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Həsənli, müavinlər Ramil Əliyev və Rəna Vəliyeva, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Milli Məclisin deputatı Azər Allahverənov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə və sektor müdirləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad edib.

Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“20 Sentyabr-Dövlət Suverenliyi Günü” ilə bağlı hazırlanmış videoçarx nümayiş olunduqdan sonra tədbirin rəsmi hissəsini açıq elan edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov çıxış edərək bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilib. 2020-ci ilin 27 sentyabr tarixində başlanan və 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olub. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın edib. Bütün sərhədlərimizdə dövlət nəzarəti təmin olunub. Qeyd olunub ki, 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda separatçıların təxribatlarına cavab olaraq lokal antiterror əməliyyatı keçirib. 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olunub. A.Xudadanov vurğulayıb ki, bu hadisə yalnız hərbi-siyasi deyil, həm də tarixi və mənəvi baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində mühüm mərhələ olub.

Milli Məclisin deputatı Azər Allahverənov, Vətən Müharibəsi qazisi, “Vətən müharibəsi iştirakçısı”, “İgidliyə görə”, “Cəbrayılın, Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunan, ehtiyatda olan polkovnik-leytenant Muraz Sadıqov, Ramana qəsəbəsi, Publik hüquqi şəxs statuslu 338 nömrəli tam orta məktəbin direktoru Fərid Ağalıyev çıxış edərək bildirib ki, müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərdir. Dövlət Suverenliyi Günü xalqımızın keçdiyi çətin, lakin şərəfli mübarizə yolunun gələcək nəsillərə ötürülməsi üçün mühüm tarixdir. Bu hadisə yalnız dövlətçilik tariximiz üçün deyil, həm də milli kimliyimizin möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.