Sabunçuda Zərifə Əliyevanın yubileyi münasibətilə tədbir keçirildi - Fotolar

sabuncuda-zerife-eliyevanin-yubileyi-munasibetile-tedbir-kecirildi
Oxunma sayı: 1512

Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə 25.04.2024-cü il tarixdə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illik yubileyi ilə əlaqədar Sabunçu Gənclər Evində tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Həşimova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, rayonun səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin rəhbərləri, YAP Sabunçu rayon təşkilatının fəalları və rayon ictimaiyyətinin digər nümayəndələri  iştirak ediblər.

Dövlət Himni səsləndirildikdən sonra akademik Zərifə Əliyevanın zəngin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini, onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu qeyd edib.

Çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məğrur Azərbaycan qadınına məxsus mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, humanistlik və vətənpərvərlik rəmzi olaraq müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adladığını, onun ciddi tələblərinə mətinliklə cavab verərək elm və təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhmdillik və təvazökarlığın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksəldiyini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Həşimova akademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çoxşaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin mənəviyyata sahib olmasından söz açıblar.