“Səfər Əbiyevi görəndə dik qalxırdı” - Müsahibə

sefer-ebiyevi-gorende-dik-qalxirdi-musahibe
Oxunma sayı: 772

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlunun “Qafqazinfo”ya müsahibəsi


-Son günlər ordu ilə bağlı ən çox müzakirə olunan general Yaşar Aydəmirovun başçılığı ilə yayılan və daha sonra 10 min zabitin qoşulduğu bəyanatdır. Sizcə, 10 min zabitin bəyanat yayması çoxmu vacib idi?
- Zabitlərin yaydığı bəyanatı müdafiə edənlərlə yanaşı, etirazını bildirənlər də oldu. Hər iki tərəfə öz hörmətimizi ishar edirik. Etiraz edənlərin əsas arqumenti belə idi ki, guya ordu ictimai-siyasi proseslərə qoşulmaqla öz işindən yayınır. Bu fikirlə qətiyyən razılaşmaq olmaz. Ona görə ki, bəyanata imza atanlar qarşılarına belə məqsəd qoymayıblar. Zabitlərin bəyanatda səsləndirdikləri məqamlar kənarda qaldı, bəziləri mətləbi başqa yerə çəkdilər. Həmin zabitləri danışmağa məcbur edən başlıca amil son zamanlar bəzi QHT-lərdə təmsil olunan, Ordudakı qüsurlu xidməti fəaliyyətinə görə kənarlaşdırılan adamların Müdafiə Nazirliyinə qarşı ardıcıl, məqsədyönlü, həm də sifarişli mövqeləri idi. Həmin bəyanatı diqqətlə oxusalar görərlər ki, bir kəlimə belə ictimai yükü olan söz yoxdur. Heç bir siyasi proseslərə müdaxilə edilməyib. Onların məsələni bu cür qiymətləndirməsi çox təəssüfləndiricidir. Ordudakı zabitlərin sosial şəraitinin yaxşılaşdırması ilə bağlı köhnə partnomenklatur təfəkkürə söykənən plakat, şüar sahiblərinə qarşı bəyanata imza atan zabitlər söyləyiblər ki, sizin bizə sosial qayğılarınız lazım deyil, buna ehtiyac duymuruq. Biz öz hökumətimizə, Ali Baş Komandanımıza arxayınıq. Bütün qayğıları da ondan gözləyirik. O zaman nədən Müdafiə Nazirliyi və onun rəhbərliyi hədəfə çevirilməlidir?

Dünya indi qapalı deyil, internetə girməklə Azərbaycandan çox uzaqda olan dövlətlərdən istənilən informasiyanı almaq mümkündür. Baxın heç bir ölkədə ordu bu dərəcədə aşağılanmır və ictimaiyyətin gözündən salmaq üçün hansısa addımlar atılmır. Elə bilirsiz ki, orada qüsurlar, nöqsanlar yoxdur? Elə o ölkələrin ordularında istənilən qədər ciddi nöqsan tapmaq mümkündür. Amma Azərbaycan Ordusuna qarşı bu cür davranmağın məntiqi yoxdur. Xüsusilə də ordudan qovulan bəzi zabitlər bunu nəzərə almalıdırlar. Yenə təkrar edirəm və fikirlərimin üzərində dayanmaq istəyirəm həmin bəyanatda heç bir ictimai siyasi proseslərə müdaxilə edilmir və bu barədə heç bir söhbət gedə bilməz. Başqa yanaşma ilə Müdafiə Nazirliyinin rəhbərliyini top-tüfəngə tutmasınlar, açıq söyləsinlər ki, əlimizə müəyyən fürsət düşüb, qamçılamaq istəyirik. Bunu onlara sifariş ediblər. Hazır şəkildə onların qarşısına qoyulur, təkidlə bildirirlər ki, bunları söylə və qeyd olunan fikirlərdən kənara çıxma.

- Yəqin millət vəkili Siyavuş Novruzovun zabitlərin bəyanatı ilə səsləndirdiyi fikirlərlə tanışsız. O, bəyanatı kəskin tənqid edərək bunun səhv addım olduğunu bildirib. Hətta bunu naşı addım adlandırıb.
- Mən onun fikirlərini şərh etməkdən uzağam.Bəyanatla bağlı mövqeyimi yuxarıda da bildirdim. Hesab edirəm ki, həmin zabitlər bəyanatları ilə heç bir kənar işlə məşğul olmayıblar. Onlar qeyd ediblər ki, biz Ali Baş Komandandan olduqca razıyıq və bütün qayğıları ondan gözləyirik.

- Eldar müəllim, Siyavuş Novruzovun bu hadisəyə konkret münasibətindən sonra belə fikirlər yaranıb ki, bəzi qüvvələr Müdafiə Nazirliyinin rəhbərliyini hədəfə alıblar.
- Bu suala cavab verdim, xahiş edirəm məni siyasətə çəkməyin.İndi hər hansı söz desəm, yenə də top tüfənglə çıxış edəcəklər ki, Eldar Sabiroğlu siyasi fikir işlətdi. Bu səbəbdən mən bu mövzuya nöqtə qoyuram.

- QHT kimi nəzərdə tutduğunuz, yəqin, “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyidir. Yeri gəlmişkən ehtiyatda olan zabitlər də həmin bəyanata qarşı yeni bəyanat verdilər. Bu həftəni də Səfər Əbiyev həftəsi elan ediblər. Onlar nazirliyi məhkəmə qərarlarını icra etməməkdə, zabitlərin pulunu ödəməməkdə ittiham edirlər.
- Mən belə başa düşdüm ki, siz bu prosesin dırnaqarası qəhrəmanı Yaşar Cəfərlini nəzərdə tutursuz. Bu adam haqqında əvvəllər fikirlərimi söyləmişəm. İndi isə üzərində dayanmaq istəmirəm, çünki danışdıqca onu şişirtmiş kimi qələmə veririk. Mənə qalsa, Yaşar Cəfərliyə ümumiyyətlə əhəmiyyət vermək lazım deyil.

- Niyə? O deyir ki, əlində faktlar var.
- Çünki əhəmiyyət verdikcə həqiqətən o özünü əlçatmaz şəxs hesab edir. Onun iddiası ilə imkanı arasında o qədər məsafə var ki, bunu görə bilmir və özü-özünə qiymət verməyi bacarmır. Təsəvvür edin, onlar keçirdiyi tədbirə gedən zabitlərə nə deyir? Siz bura nə səbəbə gəlmisiz, bura Səfər Əbiyev gəlməli idi? Kimdir o? Yaşar Cəfərli vaxtilə Səfər Əbiyevi görəndə dik qalxırdı. İnsanın heç olmasa tərbiyəsi olar? Mən Müdafiə Nazirliyində xidmətə fəaliyyətə başlayanda dırnaqraası ordu təəssübkeşinin tərcümeyi-halı ilə maarqlandım. İnanın bir nəfər də tapılmadı ki, onun barəsində yaxşı söz işlətsin. Onunla bərabər uzun illər bir yerdə xidmət edən zabitlər elə faktlar söyləyirlər ki, o adam gərək bunları unutmasın. Rüşvətxorluqdan, tamahkarlıqdan qayda-qanunu, nizam-intizamı pozmaqdan tutmuş bir sıra neqativ əməllərlə özünü tanıtdırıb. Onun özü və başına yığdığı dəstə 14 punktdan ibarət Müdafiə Nazirliyinə qarşı ittiham irəli sürüblər. Xatırladım ki, vaxtı ilə onların dediyi “faktları” bəzi qəzet də yazmışdı, sonradan təsdiqini tapmadığı üçün təkzib verdilər.Yaşar Cəfərlini hazırlayan adamlar var. Sifarişin hardan gəldiyi ünvan da bəllidir. Zabitlərin sosial qayğısı, mənzil, məzuniyyət pulları istiqamətində ardıcıl işlər aparılır. Hökumətimiz, başda Ali Baş Komandanımız olmaqla zabitlərimizə lazımı qayğılar və böyük diqqət göstərilir. Bu yaxınlarda xeyli sayda zabitimizə mənzil verildi. Bunlar nə üçün sadalanmır? Çünki ona sərf etmir. Mən onun keçirdiyi tədbiri saytlardan izlədim, o coşmuşdu, özünə yer tapa bilmirdi, hətta elə təhqirlərə keçirdi ki, ona cavab verilməli idi. Ancaq zabitlərimiz onun kimi hərəkət etmədilər. Zabitlərimizə deyib ki, bura qapalı iclasdır, gəlməyə ixtiyarınız yoxdur. Ordunun məsələsini müzakirə edirsizsə, başqa mövqeləri niyə eşitmək istəmirsiz?. Axı sən özünü son dərəcə demokrat, azad fikirli hesab edirsən. Bunlar hamısı fiksiyadır. Təəssüf edirəm ki, bəzi KİV-lər də onlara geniş tribuna verirlər. O da əsassız, məntiqsiz, qərəzli fikirlərini yaymaqla məşğuldur. Hesab edirəm ki, onların açıqlamaları ordu ilə ictimaiyyət arasında münasibətləri korlaya bilməz.

- Siz dediz ki, onları idarə edənlər var və siz bunu bilirsiz. Kimdir onlar və nə istəyirlər?
- Mən onların adlarını açıqlasam yenidən hay-küy qopacaq. Ona görə də sakit dayanmaq istəyirəm. Azərbaycan çox balaca ölkədir. Kimin nə işlə məşğul olduğu və hardan qidalandlığı çox tez görünür.

- Eldar müəllim, həmin zabitlər də bu orduda xidmət ediblər. Əgər hər ikiniz Azərbaycan ordusunun yaxşılaşması üçün çalışırsızsa, niyə ortaq fikrə gəlmirsiz? Ehtiyatda olan zabitlərlə dialoq qurmaq olmaz? Onlar nazirliyi pisləyir, nazirlik də onları
- Onlar orduya qarşı o qədər qərəzlidirlər ki, hər hansı dialoqun qurulmasının əhəmiyyətini görmürəm.

- Siz cəhd eləmisiz buna
- Bizim Yaşar Cəfərli ilə söhbətimiz olmuşdu. O, özünü müsbət tərəfdən çatdırmaq istəyirdi, hətta elə şeylər söyləyirdi ki, indi onu biabır etməmək üçün açıqlamıram. İkimizin arasında olan söhbətdir. İndi isə kəskin mövqe ortaya qoymağa başlayıb. Belə bir adamla hansısa stol arxasında oturub söhbət etməyin heç bir mənasını təsəvvür etmirəm.

- Bəs o söhbəti niyə açıqlamırsız?
- Çünki onu dəyişdirmək mümkün deyil. O, elə hazırlanıb meydana buraxılıb ki, hər hansı dürüst sözün ona təsir etməsinə inanmıram.

- “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 2013-cü ilin yanvar ayı üçün itkilərin sayını açıqlayıb. Məlumatda bildirilir ki, Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 6 nəfər təşkil edib. Dünyasını dəyişənlərin 4-ü Müdafiə Nazirliyinin, 1-i Daxili Qoşunların, 1-i Fövqəladə Hallar Nazirliyinin (Naxçıvan FHN), hərbi qulluqçularıdır. Həmişə olduğu kimi bu dəfə Milli ordunun itkisi daha çoxdur. Niyə həmişə Milli Ordu digər qoşunlarla müqayisədə siyahıda öndə gedir?
- “Doktrina”nın rəhbəri də Yaşar Cəfərli kimi böhtanları yaymaqla məşğuldur. Mən sual vermək istəyirəm.Ümumiyyətlə, orduda müsbət bir şey yoxdur ki, ondan danışsınlar? Baxın onların yaydığı hesabatlara, başdan ayağa qərəz, həqiqəti əks etdirməyən cəfəngiyyatla doludur. Axı ola bilməz ki, müsbət heç nə olmasın, sadəcə dillərinə gətirmək istəmirlər. Dediyiniz o müqayisəni aparmağım özü çox zərərli və qüsurlu məsələdir. İstər Milli Ordu, Sərhəd qoşunları, daxili qoşunlar olsun, hamısı bizimkidir. Xidmət edən bütün əsgər və zabitlərin hamısı azərbaycanın övladıdır. Birinə açıq gözlə, digərinə eynəklə baxmaq doğru deyil. Mən bir daha bu müqayisəni olduqca zərərli müqayisə kimi qiymətləndirirəm. Düşünürəm ki, belə müqayisə aparmaqla cəmiyyətdə qoşun növləri arasında uçurum yaratmaq məqsədi güdülür və əsas məqsəd ictimaiyyətin gözündə bir qoşun növünü qaldırmaq, digərini isə alçatmaqdan ibarətdir. Milli ordunu digər qoşunlarla müqayisə edənlər bu xətti həyata keçirməklə məşğuldurlar. Mən deməyə məcburam ki, 20 ildir ki, səngərdə dayanaraq torpaqlarımızın keşiyini qoruyan, erməni ilə üzbəüz əlində silah gecə-gündüzünü, şaxtanı-sazağı, istini bilməyən əsgərin, zabitin fəaliyyətini bu dərəcədə heçə endirmək olmaz. Müdafiə Nazirliyinə məxsus itkiləri də şişirdirlər. Belə müqayisələri apararkən nəzərə almaq lazımdır ki, döyüşən indi təmas xəttində dayanan Azərbaycan ordusunun əsgər və zabitidir. Burada itki əlbəttə, olacaqdır. Bu zaman psixoloji vəziyyəti, stresi, əsəb sarsıntılarını nəzərdən qaçırmaq olmaz. Bunlar hamısı təsir göstərən faktorlardır.

- Eldar müəllim, bu itkilər varsa, nə fərqi “Doktrina” yayıb və ya nazirlik?
Xatırladım ki, dünyanın ən güclü ordularından biri Amerika ordusudur. Keçən il orada 349 əsgər və zabit intihar edib. Bu məlumatı mən deyil, “Röyters” agentliyi yayıb. Hər 80 dəqiqədən bir Əfqanıstanda vuruşmuş veteran özünə qəsd edir. Eyni zamnda Ermənistanda 44 əsgər və zabit itkiyə məruz qalıb, 67 hərbi quluqçu isə Dağlıq Qarabağda ölüb. Müharibə şəraitində olmayan bəzi MDB ölkələrinin ordularında baş verən itkləri nəyin ayağına yazaq? “Araşdırmaçılarımız” bunları gözəl bilirlər. Amma sərf etməyəndə belə müqayisələri yaxına buraxmırlar. Mən yuxarıdakı faktları söyləyərkən Azərbaycan ordusundakı itkilərimizə bəraət qazandırmaq və ya üstünü örtmək fikrini gödmürəm. Hər bir itki bizim üçün ağırdır, dərddir. Biz əsgər analarının, ataların göz yaşlarına şərikiik. Onlar bizim övladlarımızdır. Ancaq elə hesabatlarla rastlaşırıq ki, çox təəccüblənirik. Doğurdanmı orduya belə düşmən mövqe bəsləmək olar və ya bu dərəcədə qərəzlə yanaşmaq mümkündür?

- Bəs dediyiniz statistikada Azərbaycanda vəziyyət necədir? Niyəsə həmişə xalq düşünür ki, başqa ölkələrdəki itkilər dəqiqliklə deyilsə də, Azərbaycan ordusunun itkiləri gizlədilir.
- Bundan söhbət gedə bilməz. Bu gün Azərbaycan Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə baş verən bu və ya digər hadisə həmən ictimaiyyətə çatdırılır. Biz bunun üçün məsuliyyət daşıyırıq. Heç bir hadisəni qapalı saxlamaq mümkün deyil və qarşımızda belə bir məqsədimiz yoxdur ki, nəyisə gizlədək, üstünü örtək. Bu barədə danışılır, amma əsası yoxdur. İtki və ya baş vermiş hadisələr barəsində maksimum çalışırıq ki, gecikdirmədən informasiyanı KİV-ə çatdıraq və ictimaiyyət məlumatlı olsun.Necə gizlədirik ki, həmin adamlar o rəqəmləri açıqlayır? Onlar sadəcə nəsə söz demək istəyirlər. Bu məsələlərdə KİV-dən diqqətli olmağı xahiş edirik, hər bir məsələni müzakirə etmək, təhlil aparmaq sizin vəzifənizdir, buna heç kim müdaxilə edə bilməz. Ancaq müqayisələr aparan bəzi jurnalistlərin düşünmələrini rica edirəm. Biz daima jurnalistlərlə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq və eyni münasibəti də mətbuatdan gözləyirik.

- Bu gün Azərbaycanda əsgər itkisi lokal səviyyədə qeyd olunur. Biz özümüzü tez-tez Türkiyə ilə müqayisə edirik. Orda bir əsgər öləndə bu ictimailəşir, hamı görür ki, əsgərə necə münasibət bəsləyirlər. Amma Azərbaycanda tutaq ki, elə o rayon, kənd səviyyəsində əsgərin ölümü hiss olunur. Uzaqbaşı şəhər icra nümayəndələri oraya gedə bilər.
- Əsgərin dəfn mərasimlərinin təşkilinə nazirlikdə diqqətlə yanaşılır. Mübariz İbrahimov, Fərid Əhmədov və Əhməd Abdullayevin dəfnini diqqət önünə gətirin. Belə hadisələr baş verəndə nazirlik generalları, yüksək rütbəli şəxsləri göndərir. Yəni biz bu məsələyə diqqtsiz deyilik. Bizi buna görə tənqid edənlər sadəcə həqiqəti olduğu kimi etiraf etmək istəmirlər.

- Mübariz və Fəridin dəfn mərasimi istisna olmaqla, siz özünüz hansısa əsgərin yas mərasimində iştirak etmisiz? Lerikin ucqar kəndində və ya Qazaxda olan mərasimə?
- Mən getmişəm, hətta bir az əvvəl Fəridin anası və dayısı ilə görüşmüşəm. Mübarizgilin evlərinə getmişəm. Əgər bir narazılıqları varsa, qoy söylərsinlər. Bu və ya digər məsələ ilə bağlı müraciət edirlər, heç birinə diqqətsiz yanaşmırıq. Bunu özümüzə haqq qazandırmaq üçün demirik. Bu bizim mənəvi brcumuzdur. Sadəcə öz borcumuzu yerinə yetirik.

- Niyə Müdafiə Nazirliyi əsgər ölümünə elə Eldar Sabiroğlu səviyyəsində münasibət bildirir. Niyə Azərbaycanda əsgər öləndə Səfər Əbiyev bu barədə danışmır? Bu həmin əsgərin ailəsinə də mənəvi dəstək olar. Bunu cəmiyyət gözləyir. Bəlkə də nazirin bir fikri sizin deyəcəyiniz 10 cümlədən daha əhəmiyyətli sayıla bilər.
- Bu gün Müdafiə Nazirliyi hər hansı açıqlama səsləndirirsə, bu barədə KİV-ə məlumat göndərirsə, bu həm də Səfər Əbiyevin mövqeyidir. Nazirdən kənarda heç bir iş ola bilməz. Mən səsləndirdiyim hər bir fikirdən əvvəl hökmən Səfər Əbiyevin məsləhətlərini, göstərişlərini dinləyirəm və ondan sonra nazirliyin fikrini açıqlayıram. Nazirimizin şəxsən mövqe bildirməsinə gəlincə, dəfələrlə tədbirlərdə jurnalistlər yaxınlaşanda o öz mövqeyini bəyan edib. Burada təcrid olunası bir məqamı görmürəm. Bununla bağlı ara-sıra eşidilən narazılıq epizodlarını da qəbul etmirəm.

Eldar müəllim, niyə Azərbaycan Ordusunda əsgər itkisi ilə bağlı hadisə ictimailəşəndən sonra günahkarlar cəzalandırılır? Daha sonra cinayət işi açılır, zabitə töhmət verilir.
- Diqqətinizə bir həqiqəti çatdırmaq istəyirəm. Hər hansı hadisə baş verəndən dərhal sonra Müdafiə Nazirliyinin rəhbərliyi həmin hərbi hissəyə xüsusi komissiya göndərir. Vəziyyət yerində ətraflı araşdırılır və ölçülər götürülür. Nədən biz gözləməliyik ictimai fikir fomalaşsın, sonra münasibət bildirək? Bunu hansı məntiqlə deyirlər? Onda belə çxır ki, bu cür məsələlər meydana çıxanda nazirlik astagəllik edir?! Mən bu fikrə yalnız gülə bilərəm. Çünki kökü olmayan bir ittihamdır. Necə ola bilər ki, hərbi hissədə hadisə baş versin Müdafiə Nazirliyi buna ümumiyyətlə diqqət yetirməsin. Deməli hansısa QHT-çi və yaxud mətbuat məsələni ictimailəşdirəndən sonra biz fəaliyyətə başlayırıq? Uyduranda elə uydurmaq lazımdır ki, heç olmasa buna müəyyən dərəcədə inanan tapılsın. Belə bir şey yoxdur. Bu məsələdə bizi ittiham etməkdə tamamilə haqsızsınız.

Günel Əbilova