Şəmkirdə fərdi evlərdən birində yanğın başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Çinarlı qəsəbəsi, İsmət Qayıbov küçəsində qeydə alınıb.
Qəsəbə sakini Elmidar Həsənova məxsus dördotaqlı evin zirzəmisindən başlayan yanğın otaqlardan birinə keçib.
Hadisə yerinə Şəmkir rayon Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.
İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində yaranan qısa qapanmadır.
Hazırda qəsəbəyə verilən elektrik enerjisi də kəsilib.
***
Əldə etdiyimiz məlumata görə, yanğın söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.
Məlumat üçün qeyd edək ki, yanğın fərdi evin zirzəmisindən başlayıb və bir otaq qismən yanıb.
***
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “112” qaynar telefon xəttinə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 160 m² olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində beşotaqlı fərdi yaşayış evinin zirzəmisində 60 m² sahədə ev əşyaları və zirzəminin tavanı 12 m² sahədə yanıb.
Otaqlar yanğından mühafizə olunub.
Yunis Quliyev