“Sən yaxşı oğlansan şair” – Şairə

sen-yaxsi-oglansan-sair-saire-
Oxunma sayı: 925




Sən yaxşı oğlansan, şair...

Sənin şeirlərini oxumaq nə gözəldi
ürəyini oxumaqsa çətin...
alnında qara yazısı var
kor taleyin, nakam məhəbbətin...
Göz yaşlarını qədəhdə içməyinlə
dərdini içinə çəkməyinlə
sən yaxşı oğlansan, şair!

ayaq izlərin
küçəmizdə cığır açmazdan öncə
şeirlərin yol açdı qəlbimə
şeirlərini sevdim
ruhunu sevdim...
sən bir az da mən idin
mən sən ola bilmədim...

Yazdığın şeirlərin əhatəsində
yetimliyini hiss etmirəm
o qədər zəngin aləmin var ki
kasıblığını görmürəm
səni çox istəyirəm
şeirlərin qədər
amma...
Bu, qara sevda, şair,
mənsə ağ rəngi sevirəm...

Postmodern şeirlər yazırsan
əruzun qəliblərinə sığmırsan bəzən
həyatın çərçivəsinə sığmadığın kimi
çəkilib öz hücrənə
ən gözəl ədəbiyyatı yaratmaqla məşğulsan
papaq altda yatmısan
kimsəni oyatmamaq üçün oyanmırsan
tərki-dünya olmağınla
sevməyi bacarmağınla
sən yaxşı oğlansan, şair!..

Canım mənim, bircə bunu bilmirsən
şeir həm hər şeydi
həm də hər şey deyil
çoxuna gərəkdi
lap çoxuna gərək deyil...
Şeir həyatdı
sevgidi
amma çörək deyil...

İki yol var, şair,
amma heç biri ürəyimdən keçmir...

***
əvvəl günəş doğdu
başımız üstə
ürəyimiz isindi
ürəyimizi günəşə söykəyib sevdik
bir-birimizi
dəniz kənarında tapdaladığımız qumların
üstündə ürək çəkdik
içindən ox da keçirdik
Günəşə dəydi ox
dənizdən doymadan
ayrıldıq...
indi ürəyimizə qar yağır
üşüyürük ikimiz də
amma eks sevgilim
bu, bir həqiqətdir ki
ayrılıqdan o yana
həyatın pəncərələri dənizə baxır...


Gənc şair

səhər açılar
oyanarsan günəşdən öncə
bir siqaret yandırarsan
tüstüsü ah-nalə kimi ərşə qalxar
nimdaş paltarını
köhnə ayaqqabılarını
geyib
çıxarsan evdən
ruh bədəndən çıxan kimi...
kirayədə yaşadığın evin
yoxsulluğu, hüznü çökər üzünə
tələsərsən iş yerinə
yolda qarşına çıxan dilənçiyə
pul verərsən
ürəyinə mərhəmət basarsan
daş yerinə...
Yazarsan, pozarsan
Fikrin, dərdin dolanbaclarında
azarsan...
Günorta bir az kolbasa
yanında araq
nahar edərsən
özünü məmləkətinin şairi
sanaraq.
Axşam düşər
ayaqlarını sürüyə-sürüyə
dönərsən evinə...

səni tənhalıq qarşılayar
yoxsulluq sarılar boynuna
külqabı yolunu gözləyər
qədəh həsrətini çəkər
bir də köhnə kompüter...
Ağ word salamlayar səni...
Dərdlər yığışar başına...
Nə isti çay, nə isti yemək gələr
qarşına
cırıq-sökük paltarını
yamayan, yuyan da yox
dörd divardan
savayı səni heç duyan da yox...
Əllərin klavyedə gəzər ağır-ağır
sevgilinin saçlarında gəzər kimi...
Lüt iynə el-aləmi
bəzər kimi
bəzərsən söz ilə
ağ wordu...
Sevgidən yazarsan
yazarsan o şair
könlündə azandan,
itəndən.
Yazarsan torpaqdan,
yazarsan vətəndən
əsərsən, coşarsan arada
bilmərsən kim üçün
yaradıbdı səni
yaradan...
Və gecə düşəndə
Taleyinin qara rəngilə
ərşə çəkilər yuxun
bir az da artar
qəmin
bir az da artar qorxun...
Girərsən buz kimi yatağa
soyuqluq boynuna dolayar qolunu
tənhalıq qoxlayar ətrini...
Narahat yuxular gözləyər yolunu...

Gənc şair...
Yazarsan, yazarsan
sözlərdən
bir ocaq qalarsan
köz qalmaz ocağında
qocalarsan gəncliyin
qucağında...

***

Yuxusuzluq
"pəncərədən bayıra bax" deyir...
Açıram pəncərəni,
şəhərin hələ insan nəfəsi dəyməyən
saf havası
atır özünü
taybatay açılan pəncərədən
evimizin ağuşuna...
Dan yeri ilmə-ilmə söküldükcə
şəhərin eyibi açılır:
küçələrdə insanlar görünür,
səs-küylü maşınların arxasınca
tüstülər sürünür...
Şəhər oyanır...
Yatmaq zamanıdır.

İllər keçib sevgimizdən

Bu gerçəkdi, güman deyil,
Bir ömürdü, bir an deyil...
Zaman da o zaman deyil,
İllər keçib sevgimizdən...

İradəsiz olduq deyə,
Ayrılıb döndük özgəyə...
Yol gedir yeni sevgiyə-
İllər keçib sevgimizdən.

Vaxtı deyil, baxtı qına,
Ürəyini bir də sına...
Bağışlasın saflığına-
İllər keçib sevgimizdən...