“Sərhəd təhlükəsizliyi Prezidentin xüsusi diqqəti altındadır”

serhed-tehlukesizliyi-prezidentin-xususi-diqqeti-altindadir
Oxunma sayı: 1753

“Son illərdə sərhəd təhlükəsizliyinə təhdidlərin müəyyən transformasiyasını, sərhəd cinayətkarlığının yeni növ və formalarının meydana çıxdığını, coğrafiyasının genişləndiyini müşahidə edirik ki, bu da öz növbəsində sərhəd təhlükəsizliyinin təmin olunması üzrə yeni yanaşma və həllərin tətbiq edilməsinin aktuallığını şərtləndirir”.

“Qafqazinfo” Trend-ə istinadən  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının Bakıda keçirilən 86-cı iclasında deyib.

“Bununla bağlı olaraq baş verən proseslərin vaxtında və düzgün qiymətləndirilməsi, sərhəd təhlükəsizliyinin təmin edilməsində kompleks və effektiv yanaşma beynəlxalq terrorizm, separatçılıq, transsərhəd cinayətkarlıq, o cümlədən qanunsuz miqrasiya, narkotik və digər qadağan olunmuş maddələrin qaçaqmalçılığı ilə mübarizədə təsirli vasitələrdir.

Bununla əlaqədar olaraq sərhəd təhlükəsizliyinin təmin olunması məsələləri Prezident İlham Əliyevin xüsusi diqqəti altındadır. Son 20 il ərzində dövlət başçısı qırx dəfədən artıq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə səfər edərək bölmələrdəki vəziyyətlə şəxsən tanış olub”, - o deyib.

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev diqqətə çatdırıb ki, sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görülür.

O qeyd edib ki, sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir:

“Son 20 il ərzində dövlət başçısı Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinə qırx dəfədən artıq səfər edərək bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Prezident İlham Əliyevin birbaşa dəstəyi ilə sərhəd təhlükəsizliyinin təmin olunması sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və davam etdirilməkdədir”.

Elçin Quliyevin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sərhədboyu infrastrukturun yaradılmasına xüsusi diqqət yetirilir:

"Ölkənin ərazi bütövlüyü bərpa olunduqdan sonra dövlət sərhədinin işğaldan azad olunmuş sahələrində xidməti-döyüş fəaliyyətinin təşkili üzrə lazımi tədbirlər görülüb. Qubadlı əlahiddə sərhəd diviziyası, çevik reaksiya qüvvələri briqadalarıvə müxtəlif hərbi hissələr yaradılıb”.