Məlum olduğu kimi, Azərbaycanda bu gündən etibarən yeni tədris ili başlayır. Paytaxt küçələri, xüsusən, orta məktəblərin ətrafı əllərində gül dəstələri olan birincilərlə gözəlləşib. Gülüb sevinənlərlə yanaşı valideynlərindən ayrıldığı üçün kövrəlib ağlayan, yaşıdlarına qaynayıb-qarışa bilməyən, sübh tezdən oyanmağa öyrəşməmiş yarıyuxulu balacalar da var.
“Qafqazinfo” paytaxtın Nərimanov rayonunda yerləşən 45 saylı orta məktəbdə ilk dərs gününü müşahidə edib.
Şagirdlər bu ildən bütün ölkə üzrə qəbul olunmuş vahid məktəbli formalarında dərsə başlayıblar. Bu il məktəbdə 4 paralel sinifdə 106 uşaq üçün ilk zəng çalınıb.
Qeyd edək ki, bu tədris ilində ölkə üzrə təhsilalanların sayı 2,1 milyon nəfər olacaq. Bunlardan 1,6 milyon nəfəri orta məktəblərin payına düşür. Bakının ümumi təhsil müəssisələrində isə ümumilikdə, 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Sinif otaqlarında isə ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunub.
İlk dərs günündən çəkilmiş fotoşəkilləri təqdim edirik:
Gülnar Əliyeva
Foto: Xəyal Vəlizadə