O taylı, bu taylı Azərbaycanda milli kimlik şüurunun formalaşması ən ağrılı proses olub və bunu ancaq bir amilə bağlamaq yanlış sonuclara gətirə bilər. Səbəblər çoxdur, lakin əsas hesab etdiklərimizə nəzər salaq.
Azərbaycan ərazisində, bütövlükdə Qafqazda təkcə bir türk boyu yaşamayıb, zaman-zaman bir türk boyunun üstünə başqa bir türk boyu gəlib və çoxlaylı etnik xəlitə yaranıb. Bu mənada Azərbaycan türklərin yaşadığı məkan kimi çoxrənglilik baxımından Mərkəzi Asiya, Uyğurustan, Tatarıstan, Başqırdıstan, Qaraçaylı, Balkar və s. bölgələrdən fərqlənir.
Bu coğrafiya həm də müxtəlif adda çoxsaylı dövlətlərin mövcud olması baxımından da seçilib. XIX yüzildəmillətləşməsürəci başlayan zaman konkret və dominant etnik kökə bağlanma, özünü konkret bir etnosa (türk etnoslarından konkret biri nəzərdə tutulur, çünki bütövlükdə türk etnos deyil, yer üzündə analoqu olmayan, demək olar ki, bütün irqlərin əlamətlərini özündə ehtiva edənsuperirqdir) və konkret dövlətə aid etmə məsələlərimilli özünüdərk prosesində özünəməxsus çətinliklər yaradıb.
Digər bir məsələ dini amilə bağlıdır. XIX yüzilin ortalarına qədər quzey Azərbaycan ərazisində sünnilər şiələrdən xəfif üstünlüklə çox idi. Rus işğalları başlayan zaman həm Şimal, həm Cənub Qafqazdan əsasən sünni müsəlmanlar Osmanlıya köç etmək məcburiyyətində qaldılar və artıq yüzilin sonlarında sünni şiə nisbəti şiələrin xeyrinə təxminən 70%-in 30%-a nisbətində dəyişdi. Digər tərəfdən, dindəki cəhalət dövrün ağıllı adamları tərəfindən kəskinliklə tənqid edilir və belə münasibəttoplumda tərəddüdlərin yaranmasına səbəb olurdu. Bu proseslər milli kimliyin formalaşmasının ilkin dönəmlərində aparıcı amil olan dini kimlik şüurunun da mücərrəd və dayanıqsız (təbii ki, başqa səbəblər də var idi) formalaşmasına səbəb oldu. Belə ovqat quzeydə ümmətçilikdən millətçiliyə keçidə də öz təsirini göstərdi, başqa sözlə mücərrədlik, qeyri-müəyyənlik, tərəddüdlər millətçiliyin tərəfdarlarının yaradıcılığında, düşüncələrində də özünə yer tutduğundan, aydınların özləri üçün qaranlıq qalan bəzi məqamlar kütlələrin gözündə zülmətə çevrildi. Bolşevik işğalından sonra isə ateizm və beynəlmiləlçilik mərhələsi başladı və imansız, milli kimliksiz mücərrəd “sovet xalqı” anlayışı insanların düşüncələrində uzunmüddətli xaos yaratdı.
Ruslar Qafqazı işğal etdikdən sonra Şimali Azərbaycan türklərini tarixi kökündən qoparmaq üçün etnosa etiqad etdiyi dinin adını verməyə çalışırdı. Burada yaşayan türklər “müsəlman”, “tatar” adlandırılırdı. Sovetlər dönəmində isə şəkilcə fərqli, mahiyyətcə oxşar siyasət yürüdüldü. 1937-ci ildə Stalinin əmri ilə əhali “azərbaycanlı”, onun dili isə “Azərbaycan dili” adlandırıldı. Professor N. Nəsibli haqlı olaraq yazır ki, “belə addımla təkcə “Türk” adı yasaqlanmırdı, yəni bu, mexaniki addəyişmə deyildi. Həm də türkləri öz keçmişindən qoparmaq, onları buradakı “yerli” etnoslarla qarışdırıb əritmək, yeni bir xəlitə düzəltmək lazım idi. Bu yeni xəlitə öz ata-babalarını əski və orta çağlar Türk yurdlarında deyil, Midiyada axtarmalı idi.
Bu məkrli planı gerçəklişdirmək üçün yeni etnik konsept – “Azərbaycanlı” konsepti quraşdırıldı.”
Paralel vaxtda Cənubda da məzmunu eyni, amma şəkli müxtəlif olan proseslər gedirdi. Bu mənada panirançı Seyid Əhməd Kəsrəvinin təlimi diqqəti cəlb edir. Onun “Azəri, ya zəbanebastaneAzərbayqan” adlı kitabında deyilirdi ki, İranın başqa əyalətləri kimi Azərbaycanın da qədim avtoxton əhalisi Arilər olmuş, onlar İran dillərindən birində-“Azəricə” danışmışlar. İranın bu bölgəsinə Türk tayfalarının Səlcuqlularla başlanan yürüşləri nəticəsində Türk dili yerli əhaliyə 70 il ərzində zorla qəbul etdirilmişdir.Təssüf ki, bu mənasız mülahizəyə indiyə qədər ciddi əhəmiyyət verilmiş və heç kim Kəsrəvi və kəsrəviçilərdən sadə bir suala cavab istəməmişdir: nə üçün 70 il ərzində ancaq Azərbaycan adlı ərazidə yaşayanlar“türkləşmiş”, İranın başqa bölgələrində yaşayan farslar türkləşməmişdi? Axı Səlcuqlular, sonra tatarlar bütün İrana sahib idi.
Bu konseptin mahiyyəti o idi ki, türklər türk olmalarına şübhə ilə yanaşıb, öz soy-köklərindən aralı düşsünlər və fars kültürünə doğma kültür kimi baxmağa başlasınlar.
Kəsrəviçilik maraqlı bir mülahizə də ortaya atdı. Bu mülahizəyə görə Azərbaycan indiki İran dövlətinin şimal əyalətidir və burada yaşayanlar müasir müstəqil Azərbaycan dövlətinin ərazisində yaşayanlarla eyni etnik kökdən deyillər, fərqli etnoslardır, şimaldakı torpaqların adı isə Azərbaycan deyil. Yeri gəlmişkən qeyd edək ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarananda da İran hökuməti yeni dövlətin adına etiraz edərək bildirmişdi ki, Araz çayının şimal sahilindəki torpaqların adı Arandır. Bu, artıq bir xalqı ideoloji-psixoloji alanda açıq-aşkar iki yerə parçalamaq və bir-birindən uzaqlaşdırmaq cəhdinin çox bəsit və ikrah doğuran təzahürü idi.
XX yüzildə quzey Azərbaycanda milli kimlik şüurunun formalaşmasına əngəl olan amillərdən biri də düşünən beyinlərin biçilməsi olmuşdur. Ötən yüzilin əvvəllərində ümumi sayı təxminən iki milyon yarım olan Azərbaycan əhalisinin 46 min nəfəri 1920-1921-ci illərdə, 120 min nəfəri 1937-38 ci illərdə məhv edilmiş, on minlərlə insan katorqalara göndərilmiş, 1920-ci il bolşevik işğalından sonra, 1941-ci ildə isə böyük vətən müharibəsinin başlanması ilə 100 mindən artıq insan mühacirətə getməyə, müharibədən sonra isə dünyanın müxtəlif ölkələrində qalıb yaşamağa məcbur olmuşlar. Milli kimlik şüurunun formalaşmasında lokomotiv rolu oynayan milli elitanınməhv edilməsi heç şübhəsiz öz işini görmüşdür.
Sovetlər Birliyi dağılan ərəfədə milli kimlik məsələsi yenidən gündəmə gəldi və müstəqil olmaq istəyən bütün xalqlar kimi azərbaycanlılar da öz soy-kökü, kimlikləri barədə axtarışlara başladı. Çoxsaylı məqalələr, kitablar yazıldı, mətbuatda qızğın müzakirələr və mübahisələr getdi.
Milli kimlik məsələsi, millət və onun adı, dövlət dilinin adı ilə bağlı mübahisələr indi də gedir, terminlərlə bağlı rəsmi təsbitlərə baxmayaraq ciddi fikir ayrılıqları qalmaqdadır. Müasir durum və dövlət-millət bucağından baxsaq, indiyəqədər olan mübahisələrə, mülahizələrə ardıcıl nəzər salaraq gerçək nəticəyə gəlməyə çalışsaq hansı mənzərə yaranar? Başqa sözlə, “azərbaycanlı”, “Azərbaycan dili”, “Azərbaycan milləti” terminlərinə münasibət necə olmalıdır?
Azərbaycan adlı dövlət ilk dəfə 1918-ci ildə tarix səhnəsinə gəlsə də “Azərbaycan” kəlməsi qədim zamanlardan mövcuddur və Strabonun “Coğrafiya adlı əsərində, Kaşğarlı Mahmudun “DivaneLuğate Türk” kitabında, eləcə də başqa mənbələrdə təsbit olunubvə burada yaşayan xalqın, onun zaman-zaman yaratdığı mədəniyyətin adının önündə gəlib. Hazırda dünyada ümumi sayı 50 milyon olan azərbaycanlılar cəm şəkildə tarixən indiki Azərbaycan Respublikası ərazisində, Gürcüstanda Borçalı və ona bitişik ərazilərdə, Dərbənd və ətrafında, Güney Azərbaycanda, bir qismi isə Anadolunun şərq yaxasında yaşayır və dünyanın başqa bölgələrindəki türklərlə eyni kökdən olmalarına rəğmən özünəməxsus elmi və ədəbi dil, mədəniyyət, tarix yaratmış bir xalqdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1920-ci ildə onun fərqli məzmunda davamı olan Azərbaycan Sovet Sosialist Respublikasının, 1991-ci ildə isə yeni və müstəqil Azərbaycan Respublikasının mövcudluğu “azərbaycanlı”, “Azərbaycan dili”, “Azərbaycan milləti” terminlərinə son yüzilin tarixini və müasir gerçəklikləri nəzərə alaraq yanaşma tələb edir. Artıq 100 ilə yaxındır ki, Azərbaycan adlı dövlət var və bu müddət ərzində onun vətəndaşlarında yanlış, yaxud doğru, azərbaycanlı kimliyi formalaşıb. Stalinin və Kəsrəviçiliyin Azərbaycan insanlarını tarixi kökdən qoparmaq üçün uydurduqlarıkonseptlər nə qədər məkrli olsalar da, artıq müasir azərbaycanlı üçün təsir gücünü itirib və indi milli kimlik məsələsinə bu konseptlərin təsiri altında yanaşmaq düzgün deyil. Doğru olan milli kimlik məsələsinə son yüzilingerçəkliyindən çıxış edərək yanaşmaqdır.
Digər bir məsələ isə odur ki, Azərbaycan təkcə Arazın şimalı deyil, həm də güneyidir və burada 30 milyona yaxın azərbaycanlı yaşayır. Deməli “Azərbaycan” termini vahid və ortaqdır, Arazın hər iki sahilində yaşayanlarda milli kimlik düşüncəsinin formalaşması üçün ümumi və əsas qaynaqdır, az qala bütöv Avrasiyanı əhatə edənümumtürk arealında ayrıca bir məkandır, qəlibdir.
Klassik millət anlamında erkən formalaşan Avropa millətlərinin modelini örnək götürüb başqa nümunələri gözardı etmək də yanlışlıqdır. Məsələn, Ukrayna, İran, Belçika, İsveçrə, Əfqanıstan, Pakistan və b. dövlətlərlə Avropanın klassik dövlətləri arasında fərqləri düzgün dəyərləmndirmək tələb olunur. Dövlətləşmə prosesi qabaqda da gedəcək və fərqli coğrafiyalarda fərqli xalqlar dövlət-millət olmaq uğrunda mübarizə aparacaq. Ona görə də Azərbaycan, Ukrayna, Pakistan və b. dövlət adlarına və azərbaycanlı, ukraynalı, pakistanlı kimi millət adlarına normal baxmaq gərəkdir.
Digər bir məsələ Azərbaycan millətini mövcud coğrafi hüdudlarla məhdudlşdırmanın yanlışlığı ilə bağlıdır. Azərbaycanlılar dünyada azsaylı millətlərdən biridir ki, çoxu müstəqil dövlətin hüdudlarından kənardadır. Ona görə də özünü azərbaycanlı hesab edən hər bir fərd Azərbaycan dilinin daşıyıcısı və bu millətin bir üzvüdür. Belə yanaşma təxminən klassik alman və yapon yanaşmasına bənzəyir və bizim təcrübəmiz, bənzərsiz taleyimizə uyğundur.
Deyilənlərə yekun vuraraq belə qənaətə gəlmək olar ki, son yüz ildə Azərbaycan dövlətinin mövcudluğu millət-dövlət məsələsinə modern baxışı gerçəkliyə çevirib və ölkə əhalisinin mütləq əksəriyyətinin türk, dövlət dilinin türk dili olmasına baxmayaraq “Azərbaycan milləti”, “Azərbaycan dili” terminləri qazax, qırğız, özbək, uyğur, tatar dili və milləti anlayışları kimi vətəndaşlıq hüququ qazanıb və geriyə qayıtmaq milli düşüncəni yenidən dilin, millətin adı vəəlifba ilə bağlı mübahisələrin getdiyi bataqlığa sürükləmək, insanların ağlını yenidən qarışdırmaq olardı. Onsuz da o taylı, bu taylı Azərbaycanda yaşayan əhalinin mütləq əksəriyyəti türkdür, dövlət dili də türk dilidir və bu məsələnin mübahisəsini etmək də mənasız məşğuliyyətdir. “Azərbaycan türkləri”, “Azərbaycan türkcəsi” kimi terminlərin rəsmiləşdirilməməsiisə türk kökündən qopmaq kimi qavranılmamlı və milli aşağılıq kompleksi sayılmamalıdır. Həm də kim iddia edə bilər ki, milli kimlik şüuru məhz bu terminlər rəsmiləşdirildiyi təqdirdə formalaşa, “Azərbaycan milləti”, “Azərbaycan dili” terminləri isə bu sahədə ziyanlı, yaxud tərsinə bir prosesə rəvac verə bilər.
Təhlükəli olan “Azəri” termininin işlənməsidir. Qloballaşmanın sürətləndiyi, dünya sosial şəbəkələrinin genişləndiyi və intensivləşdiyi bir zamanda gənc dövlət olan Azərbaycanın və onun xalqının “Azəri” adlandırılmasına və bizi tanımayanların, yaxud yaxşı tanımayanların yanlış tanımalarına imkan vermək olmaz.
Dil məsələsində isə dünya türkləri üçün ortaq türkcənin formalaşdırılmasına tərəf baxmaq, bu yöndə fəaliyyət göstərmək lazımdır. Bu yöndə fəaliyyət dünya türklərinin ortaq türkcəsinin, tarixinin, ədəbiyyatının, nəhayət ortaq konfederasiya tipli siyasi birliyinin yaranmasına gətirib çıxara bilər. Bu zəruri və asan, həm də çox faydalı, heç şübhəsiz böyük Avrasiyada ab-havanı dəyişdirəcək bir məsələdir.
Azərbaycan milli şüuruna tarixşünaslıqdakı bir sıra boşluqlar, yanlışlıqlar da öz təsirini göstərib və onların aradan qaldırılmasına ehtiyac var. Azərbaycan tarixinə baxışın təkmilləşdirilməsinin və yeni, gerçək müstəqillik dönəminin konsepsiyanın işlənməsinin də vaxtı çatıb. Tarixşünaslığın bir sıra məsələlərə ortaq türk tarixi prizmasından yanaşması tələb olunur və bir sıra məsələlərdə qarşılıqlı anlaşmalara ehtiyac var. Bunlardan biri dərin fikir ayrılıqlarına səbəb olan və düşüncələrdə suallar yaradan Səfəvi imperiyasının tarixi ilə bağlıdır. Heç şübhəsiz, tarixi gerçəkliklərə sayğı göstərilməli və gələcəyin düzgün planlanması naminə tənqidi baxışlara, sistem təhlillərə meydan verilməlidir. Eyni zamanda, tarixin hansısadönəminin tamam üstündən xətt çəkmək də mümkün və doğru deyil.
Səfəvilərlə bağlı İran tarixçilərinə bir sıra həqiqətlər dəlil və sübutlarla deyilməli, ortada olan möhtəkirliklərə meydan verilməməlidir. İran tarixçiləri müasir siyasi xəritələrdən çıxış edərək Səfəvi imperiyasını bir İran dövləti adlandırır. Lakin Səfəvilər sırf Azərbaycan hadisəsidir və tarixən Azərbaycan adlanan ərazilərdə quruldu, paytaxtı da ən qədim Azərbaycan şəhəri Təbriz oldu. Şah İsmayıl mərkəzləşmiş dövlət quruculuğuna da məhz Şimali Azərbaycan əyalətlərini vahid hakimiyyətə tabe etdirməklə başladı, hakimiyyətini, ilk növbədə Arazın hər iki sahilindəki Azərbaycan torpaqlarında möhkəmləndirdi, buranı imperiyanın nüvəsinə çevirdi.
Tarixdəki dövlətə düzgün qiymət vermək üçün vacib indikatorlardan biri də etnik amildir. Səfəvi dövlətini quran tayfaların mütləq əksəriyyəti türkmən tayfalarıdır və bu baxımdan da onun farslara bağlılığı nəzərə çarpmayacaq dərəcədə azdır. Hətta Şah İsmayıl bəzi tarixçilərin iddia etdiyi kimi türk olmasaydı belə, yuxarıda qeyd olunan iki amil onun qurduğu dövlətin türk dövləti və bu dövlətin tarixinin Azərbaycan tarixinin önəmli bir parçası olduğunu söyləmək üçün kifayət edir.
Digər bir məqam Səfəvilərlə bağlı Azərbaycanla Türkiyədəki yanlış düşüncələrdir və təəssüflər olsun ki, bu düşüncələr bir sıra hallarda təkcə tarixşünaslıqda ifadə olunmur, bədii ədəbiyyata və filmlərə belə yansıyaraq lüzumsuz problemlərə qaynaq olur. Heç şübhəsiz, şiəliyin Azərbaycan və Türkiyə arasında ideoloji və psixoloji alanda çat yaratması gerçəklikdir. Avropa və farsların Səfəviləri Osmanlıya qarşı təhrik etmələri də yalan deyil. Lakin miladın bütün ikinci minilliyi boyu istər Xristianlıqda, istərsə də İslamda təriqətlər at oynadıb və hər iki dinin təriqətləri dindaxili savaşlara daha çox enerji sərf edib, nəinki dinlərarası savaşa. Orta əsrlərdə siyasət dinlə qucaq-qucağa olub, çünki ənənəvi totalitar siyasətin başqa ideoloji resursu yox idi. Siyasət üçün alternativ ideoloji resurslar XIX yüzildə yaranmağa başladı və onun nəticəsi kimi müasir tipli ilkin siyasi partiyalar meydana gəldi. Yəni, Səfəvilərin şiəliyi dövlət ideologiyasına çevirərək, bu zəmində Osmanlı ilə düşmənçilik etmələrini bağışlanılmayacaq, unudulmayacaq bir hadisə kimi təqdim etmək, keçmişin yanlışlıqlarını davamlı olaraq əngəl kimi perspektivin önünə daşımaq nə Türkiyə, nə də Azərbaycan tarixşünaslığına, nə də iki ölkəyə və bütövlükdə türk dünyasına heç bir fayda gətirmir. Bu məsələdə Türkiyə və o taylı bu taylı Azərbaycan orta çağa bağlanıb qalmamalı, o dövrün gerçəkliklərini düzgün dəyərləndirib, düzgün nəticələr çıxarmaqla qabağa, təriqətlərfövqü münasibətlər mərhələsinə baxmalıdır. Onu da qeyd edək ki, heç bir müsəlman dövlətində hakimiyyətdə İslam olmayıb və indi də deyil, konkret hansısa təriqətdir. Buna görə də istənilən İslam dövlətində təriqətlər arasında asanlıqla münaqişə yaratmaq olur. İslamda təriqətlərfövqü mərhələyə baxmaqda elə də asan məsələ deyil. Ancaq nə etməli, necə davranmalı, orta çağ düşüncəsiyləmi yaşamalı, bu dövrün girovunamı çevrilməli? Bizim on altıncı yüz il insanlarından fərqimiz nədə və harada özünü büruzə verməlidir?
Xristian dünyası qabağa baxdı və təriqətlərarası savaşa son qoydu, dini tamam siyasətdən ayırdı. Biz arxaya baxıb təkrar tarixə qayıtsaq önümüzdə İraqı, Suriyanı görəcəyik. Tarix arxaya baxıb, orada qalmaq üçün deyil, o arxaya baxıb qabağa düzgün yürümək üçündür.
Digər bir məsələ, güney Azərbaycanda milli şüurun zəifliyinin Səfəvilərin hakimiyyət ideologiyasına çevirdiyi şiəliyə bağlanmasıdır. Yuxarıda qeyd etdiyimizi yenə təkrar edək ki, bu amil öz işini görüb. Amma bu yeganə deyil. Uyğurları, tatarları, başqırdları və b. böyük türk toplumlarını da şiəlikmi bu duruma gətirdi. Əlbəttə xeyr.
Türklər yüzillər boyu böyük köçlərlə bütün Avrasiyaya yayıldı və yaratdığı xaqanlıqlar, sonda isə Osmanlı parçalanandan sonra onun yerində cücərən yeni dövlətlərin ərazilərində asılı duruma düşdülər, ikinci, bəzən üçüncü dərəcəli etnoslara çevrildilər və bu gün də yaşadıqları dövlətlərdəki hakim etnosların siyasi-ideoloji, kulturoloji cazibəsindən qurtula bilmirlər.
Tarix zamana bağlı olduğundan bir dəfə yaranır, lakin onu hər nəsil özününküləşdirir və yenidən yazır, reprezentasiya edir. Lakin reprezentasiya prosesi elə getməlidir ki, o hər zaman milli kimlik şüuruna və dövlətçilik ənənəsinə, mədəniyyətinə töhfələr versin.