Sionizmin “atası” ölüb – Şeirlər

sionizmin-atasi-olub-seirler
Oxunma sayı: 1103


Sionizmin “atası” ölüb


Atasını 102 –ci baharında dəfn edən
Soruşmaq olarmı görən?!
Fələstində körpələr niyə 1, 2 yaşlarında ölür?!
Nə üçün yəhudi senaqoqlarından tarix boyu qan iyi gəlir?!
Əsgərlər bu azadlıq aşiqi- səhra çiçəklərini gülləylə biçir?!
Netenyahu ailəsində matəmdir bu gün
Yaxınları əzizinin qəbri üstündə
Yana –yana ağlamağın necə olduğunu biləcək!
Ancaq vicdanları Avropa məhkəmə salonlarında dindirilməyəcək
Qurbanlıq canlar kimi edama çıxarılmayacaq
Uğrunda “Xaç yürüşlərinə” çıxdıqları
İsanın müqəddəs torpağının çaylarında
Ləkəli ruhları yuyunmayacaq
Qeybdən bir əl möhkəm sıxmayacaq boğazlarından
Ağlatmayacaq anasını, bacısını
Netenyahu ailəsində matəmdir bu gün
Sionozmin “atası” ölüb
Fələstini 2-yə bölüb
Mərmiləri göylərə yağdıran, adam
Yox deməyəcəm, başın sağolsun!
İstəmərəm behişt ola yeri
Bilmirsənsə deyim tikanlar üstə
Neçə-neçə Fələstinli çağa yatır
Səhər ölü tapılmazsa
Günü –günə belə satır!
Atasını 102 –ci baharında dəfn edən
Daha alınası çoxmu canlar qalıb?!


Gecələri tez-tez üstünü örtən

Dolu idi sənlə boş evim
Ölülərim diri idi, lap əvvəl
Eyvanda güllərim açardı
Quşlarım vardı çil-çil
Oğlumuz da olmuşdu - adı Ümid
Dənizə gedərdik birlikdə
Sən, mən, o- üçümüz
Mavi gözlərində dənizə baxmaq
Nə gözəl mənzərə idi
Ümid qəsrlər tikərdi sahildə
Dalğaların belinə minib
O yana –bu yana çapardı
Hər şey birdən çox dəyişdi
Sən “Xəyanət” döngəsindən keçən gündən
Ölü oldu dirilərim
Eyvanda güllərim tikanlarıyla
Bağçamdakı quşları qana boyadı
Ümid qəsrdə unudulub qaldı
Mən nəğmələr yazdım
Xəyanəti hecalara, sonra notlara bölüb
Ayrıldığımız gündən narahatam-
Gecələri tez-tez üstünü örtən
İndi varmı gündüzləri sirdaşın?

Gördüm səni illər sonra...

Çatladı

Dünən soruşdun məndən
Nə boydadır ürəyin?
“Bəlkə, dəniz , çay qədər
Soyuqdur lap ay qədər
Günəş təkin istidir
Vulkan kimi hirslidir?”
İndi bilirəm dəqiq
Balaca, böyük qəlbim
Ovcum qədər xırdadı
Ad günümdə verdiyin
Elə o gül boydadı
Kağızdan qayıq qurub
Hərə min cür qatladı
Axır çox kövrək olub
Sevgidən qəlb çatladı
Daha gəlmə yuxuma
Yorub məni suallar
Beynimdə yaranıbdır
Saysız, kefsiz nidalar!

Uşaq

Ruhum ayaq yalın gəzən uşaqdır
Köhnə dostun bil elə məni
Hər sözüm bır bıçaq batacaq yenə
İçindən xəlvəti yeyirəm səni
Ruhum ayaq yalın gəzən uşaqdır
Qopar mənliyimdə qəribə qiyam
Yalqızların dərdi böyükdür, balam
Tanımaz nə qışdır, nə də borandır
Ruhum ayaq yalın gəzən uşaqdır
Eşidib hardansa bu kəlmələri
Bu cürdür yaşamaq, elə budursa?!
Sözlərin görübdür rəngini yoxsa
Səssizlik, sakitlik məndən uzaqdır
Ruhum ayaq yalın gəzən uşaqdır
Azad varlığım tanımaz qəmi
Qalmayıb qorxum, yox daha fərqi
Divanə çağırsın, desinlər dəli
Süni hər nə varsa kobud yamaqdır
Ruhum ayaq yalın gəzən uşaqdır

Günahkar saçqıranlar

Sən adlı ünvana çatım deyə
Uzatdım saçlarımı
Əvvəlcə düşmən qayçılarla başladı müharibəm
Qırıq-qırıq etdim
Atdım uzağa ….
Bir o qədər də yaxınıma
Evin sən olmayan küncünə
Uzadırdım saçlarımı
Sən başqasını sevənə
Əlimdən quş olub uçana
Qəlbimdən ruh olub köçənə qədər
Dedim daha hörüklər bağlamayacam
Gecələr hər tük üçün ağlamayacam
Bir insan kimi əsir
Fərd kimi kəsir olmayacam
Biryandan da...
Saçqıranlar doğradılar tellərimi
Kəsdilər sən adlı ünvana yolumu
İndi qayçılarla dostam
Səni içimdə öldürmək üçün
Al qırmızı lentlərlə boğuram ruhumu
Hər gün daha çox nifrət edirəm
Sən adlı ünvana yol axtaran
Neçə -neçə saçlarını uzadanlara

⃰ ⃰ ⃰

Bir vaxt məndə bütün qızlar kimi
Uzadardım saçlarımı……

Bağışla!

Kəsib qabağını desəm
Salam, məni sevən adam!
Qırdımsa çox ürəyini
Bağışla, ay yaxşı adam!
Gildən uydur, sudan qondar
Təzədən sındırıb yarat
Deyirəm vallah doğurdan
Bağışla, ay yaxşı adam!
Bir mən, bir Allahım bilir
Çox istədim eşqi danam
Yəqin hərə, bir cür sevir
Bağışla, ay yaxşı adam!