17 mart 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində və Novruz bayramı münasibəti ilə “Heydər Əliyev və milli ənənələrimiz” adlı ümumşəhər bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdən öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri, şəhər Bələdiyyəsinin sədri, Şura üzvləri, mərkəzi icra hakimiyyəti orqanlarının regional idarələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhid ailələri şəhərin mərkəzi meydanında ucalan Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzüblər.
Sonra Şəhidlər Xiyabanı ziyarət olunub, I Qarabağ müharibəsində itkin düşənlərin şərəfinə ucalan abidənin, “Şəhid anası” memorial abidə kompleksinin və şəhid məzarlarının önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Novruz bayramına həsr olunmuş ümumşəhər tədbir Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən Zəfər meydanında davam edib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Vətən müharibəsinin şəhidi Ramil Əliyevin anası Xuraman xanım İsmayılova, şəhid Məharət Həsənovun övladı Ramil Həsənov, müharibə əlili Aslan Cəfərov ilə birlikdə alovlandırdığı möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini tədbik edib, onlara möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb.
Tədbirdə Şirvan şəhərinin incəsənət nümayəndələri, Şirvan Peşə Liseyinin tələbələri rəngarəng musiqi nömrələri ilə çıxış ediblər. Şənlik iştirakçıları milli musiqinin sədaları altında rəqs ediblər. “Cəngi” sədaları altında şəhərin gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları maraqla izlənilib.