Yanvarın 29-da Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın “Şirvan şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunmuş yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə tər güllər düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Sonra şəhərin Heydər Əliyev meydanında Şirvan şəhərində istehsal olunan məhsulların sərgisinə və “Şirvan bu gün” adlı foto sərgiyə baxış keçirilib. Sərgidə Şirvan şəhərinin tarixini və bu gününü əks etdirən fotoşəkillər və məlumatlar nümayiş olunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən yığıncaqda şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü Ərazi sektorunun müdiri Vəfadar Bağırov, Milli Məclisin deputatı Heydər Əsədov, YAP Şirvan şəhər təşkilatının, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, qeyri-hökumət təşkilatları, sahibkarlar, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Toplantıda əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin uzaqgörən strategiyası və müdrik siyasəti sayəsində möhkəm əsaslar üzərində qurulan inkişaf yolu bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlətimizin beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənir, siyasi-iqtisadi və mədəni əlaqələri genişlənir. Azərbaycan nüfuzlu dövlətlər arasında diplomatik münasibətlərdə əsas söz sahibinə çevrilir.
Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də 2025-ci il ərzində ictimai-siyasi sabitlik daha da möhkəmlənib, sosial-iqtisadi sahədə məqsədyönlü tədbirlər həyata keçirilib. Dövlət proqramlarının ardıcıl icrası, şəhərin iqtisadi potensialının artırılmasına, dinamik iqtisadi inkişafın təmin edilməsinə, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun və gəlir səviyyəsinin yüksəlməsinə şərait yaradıb.
Belə ki, 2025-ci ildə ümumi məhsul buraxılışı 694,0 milyon manat olmuş, sənaye sahələrində məhsul istehsalı 425,8 milyon manat təşkil edib.
2025-ci il ərzində şəhərdə 212,6 min ton əmtəəlik neft, 7,9 milyon m3 əmtəəlik qaz və 3,7 milyard kvt-saat elektrik enerjisi istehsal edilib.
Əsas kapitala 285,1 milyon manat vəsait yönəldilmişdir ki, onun da 274,4 milyon manatı və ya 96,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Nəqliyyat müəssisələri tərəfindən 434,0 min ton yük, 33 milyon 58 min nəfər sərnişin daşınıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Şirvan şəhəri ərazisində həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq-quruculuq işləri çərçivəsində MİDA “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, daxili avtomobil yollarının çəkilişi, küçələrin işıqlandırılması işləri davam etdirilib, abadlıq-quruculuq işləri aparılmış, “İDEA” İB-nin “Bizim həyət” layihəsi çərçivəsində yeni “Abad məhəllə”lər və yaşıllıqlar salınıb.
Vurğulayıb ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 15 mart 2024-cü il tarixli 43 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda 13 prioritet istiqamət müəyyən olunub və Proqramın həyata keçirilməsi ilə bağlı icrası planlaşdırılan bütün tədbirlər həmin prioritet istiqamətlər üzrə qruplaşdırılaraq Tədbirlər Planında öz əksini tapıb.
Həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına əsasən 77 mövzuda maarifləndirici tədbir, 6 ağacəkmə aksiyası təşkil edilib, rəqəmli bilbordlarda və monitorlarda videoçarxlar nümayiş etdirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində şəhərin idarə, müəssisə və təşkilatları tərəfindən keçirilmiş çoxsaylı tədbirlər Şirvan şəhər ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb, sakinlərin suveren dövlətə sədaqət, milli həmrəylik hisslərini daha da gücləndirib.
Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və göstərişlərinizə əsasən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və quruculuq işlərinə başlanılır. Sözügedən işlər Şirvan şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, Şirvanın müasir şəhərsalma tələblərinə uyğunlaşdırılmasına xidmət edəcəkdir. Qeyd olunan tədbirlərin şirvanlılar tərəfindən böyük rəğbət və məmnunluq hissi ilə qarşılandığını, dövlət başçısının regionların hərtərəfli inkişafına göstərdiyi diqqət və qayğının növbəti təzahürü kimi yüksək qiymətləndirildiyini vurğulayıb.
Məruzə ətrafında Millət vəkili Heydər Əsədov, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov, “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Telemexanika zavodunun baş mühəndisi Yaşar Əkbərov, Şirvan şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Səadət Quliyeva, invaziv kardioloq, baş həkim Nicat İbrahimov və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsi, Kompüter elmləri ixtisası 1-ci kurs tələbəsi Ayla Mahmudova və çıxış ediblər. Çıxışlar zamanı il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb, təkliflər səsləndirilib.
Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində 2025-ci ildə də bütün sahələrdə yüksək nailiyyətlər əldə olunduğunu, o cümlədən beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin daha da möhkəmləndiyini vurğulayıb.
Daha sonra yığıncaq iştirakçıları və şəhər ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciətin mətni şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva tərəfindən təqdim edilərək, qəbul olunub.
Yığıncaqda “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 21 iyun 2025-ci il tarixli Sərəncama əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Bayramlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abdullayev Elnur Ələkbər oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
Sonda 2025-ci ildə şəhərin sosial-iqtisadi inkişafında və ictimai həyatında, eləcə də mədəniyyət və xidmət sahələrində fərqlənən bir qrup şəxs və təşkilatlar şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib, “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim olunub.








