“Son davranışlarına “don” biçməyə ölçü vahidi tapmıram”

son-davranislarina-don-bicmeye-olcu-vahidi-tapmiram
Oxunma sayı: 4123

Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən və ölkəmizin mərkəzi hakimiyyət orqanlarının səlahiyyətli şəxsləriylə erməni icmasının təmsilçilərinin Yevlaxda baş tutan müsbət atmosferli görüşündən sonra Avropa İttifaqının və sözügedən təsisata üzv olan Fransa və Almaniya kimi ölkələrin BMT Təhlükəsizlik Şurasındakı qərəzli iddiaları bir daha Cənubi Qafqazda son 35 il ərzində baş verən proseslərin əsl mahiyyətini gün işığına çıxardı.

Bəlli oldu ki, bir sıra Qərb dövlətləri və təsisatları vaxtilə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsində hansı səbəblərdən maraqlı olmayıblar və bütün vasitələrlə Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə edilməsinə mane olublar. Təsəvvür edin, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini 30 ilə yaxın zaman kəsiyində işğal altında saxlayan, yüzminlərlə azərbaycanlının öz yurdundan didərgin düşməsinə, onminlərlə günahsız insanın ölümünə, yüzlərlə yaşayış məntəqəsinin viran qoyulmasına, saysız-hesabsız müharibə cinayətlərinə vəsilə olan, tarixi Azərbaycan torpaqlarında yaratdığı qondarma rejim – hərbi xunta vasitəsilə misli görünməmiş vəhşiliklərə imza atan Ermənistanın baş naziri Qarabağdakı ermənilərin həyatına hər hansı bir təhlükənin olmadığını bəyan etdiyi halda Fransa, Almaniya və Avropa İttifaqının təmsilçisi bunun əksini sübuta yetirmək üçün dəridən-qabıqdan çıxır.

“Bu, siyasi əxlaqsızlığın, qərəzin, simasızlığın ən son həddidir” yazmaq istəyərdim, amma bu hədd çoxdan keçildiyi üçün sözügedən ölkə və təsisatların son davranışlarına “don” biçməyə ölçü vahidi tapa bilmirəm. Bu, səlibçi, müstəmləkəçi təfəkkürün bir üzünə tüpürüləndə o birini çevirən klassik obrazının bütün qaranlıq cizgiləri ilə gözə sıçrayan obrazıdır. Bu, “qoca” qitənin əxlaqı qısır təmsilçilərinin bəşər tarixində mövcud olan ən ağlagəlməz siyasi ləyaqətsizlik nümunələrini simvolizə edən “portret”i, yaxud “loqo”sudur. Buna görə Fransa, Almaniya və Avropa İttifaqına, xüsusilə də Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borelə “təbrik”, hətta gözaydınlığı düşür. Yaratdıqları və məharətlə bir-birinə pərçimləyə, calaq edə bildikləri bu vahid ləyaqətsizlik və siyasi simasızlıq “brend”inin üzərinə “Made in Franse”, yaxud “Germany” və ya “European Union” yazıb əbədiyyətə qədər alınlarında “daşıya” bilərlər.

Düşünürəm ki, bu mənzərədən təkcə Ermənistan deyil, hələ də “qoca qitə”nin əyri-üyrü cizgilərinin dərin qatlarında “xoşbəxt gələcək”, “ədalət”, “demokratiya”, “azadlıq” axtarışına çıxan bəsirətsizlər də nəticə çıxarmalıdırlar. Çünki “qoca qitə”nin klassik əxlaq yoxsulları “xoşbəxt gələcək”, “ədalət”, “demokratiya”, “azadlıq” deyəndə yalnız özlərini nəzərdə tuturlar. Müstəmləkəçi və səlibçi təfəkkürün dəyərləri olmur. Onlar üçün “dəyər” satdıqları prinsiplərin, xalq və ölkələrin qarşılığında əldə edəcəkləri mənfəətdir.

…Şübhəsiz ki, BMT-də Fransa və “şamtutan”larının iflasla nəticələnən növbəti canfəşanlığının qarşılığında hər kəsin ağlından olduqca bəsit bir sual keçir: Niyə? Nədir bunların qarın ağrıları? Hansı səbəblərdən xalqların dinc birgəyaşayışını istəmirlər? Cənubi Qafqazda davamlı sülhün əldə olunmasına açılan qapılar bu bölgədən minlərlə kilometr uzaqlıqda yerləşən Fransa, Almaniya və Aİ-nin siyasi avantüra və təxribat “barrel”i funksiyasını icra edən jozef borelləri niyə narahat etməlidir axı?

Səbəb də sualın özü qədər sadədir: Çünki Azərbaycanın 44 günlük müharibə və lokal antiterror tədbirləri nəticəsində onların Cənubi Qafqazda və daha geniş coğrafiyada uzun illərdən bəri yaratmaq istədikləri reallıqlar, bölgəni sümürmək üçün qurduqları planlar və ən əsası istifadələrində olan geosiyasi təzyiq alətləri sıradan çıxarılıb. Qondarma “erməni məsələsi” üzərindən, az qala 100 ildir ki, həyata keçirilən, milyardlarla dollar və avroyla ölçülən siyasi korrupsiya ilə müşaiyət olunan lobbiçilik mexanizmləri əhəmiyyətini itirib. Müxtəlif fondlar və üzərinə qondarma “beynəlxalq” yarlıqları yapışdırılmış təsisatlar vasitəsilə iddialarına bəhanə yaratmaq üçün siyasi partiyalar, “vətəndaş cəmiyyəti” insitutları, media, biznes və bütün digər sahələrdə formalaşdırdıqları “beşinci kolon”ların satqın və xəyanətkar ünsürlərinin sabotaj və təxribatları əhəmiyyətini, daha dəqiq desək, dəyərini itirib və bir “qara sent” qədər də qiyməti qalmayıb.

İndi qondarma “soyqırım” iddialarının yer aldığı kağız parçalarını heç təkrar emala da qəbul etmirlər. Yüz illik planlar və yüzmilyardlar havaya sovrulub. İndi nə Ermənistan, nə onun vaxtilə Azərbaycan ərazisində formalaşdırdığı, son lokal antiterror tədbirlərindən sonra ağ bayraq qaldırıb təslim olan qondarma təsisatı, nə də saxta “erməni məsələsi” heç bir önəm kəsb eləmir. Şübhə etmirəm ki, sözügedən ölkə və təsisatların BMT TŞ-də ayaqlar altına düşən iddiaları davam etdikcə, bir zamanlar günümüzü “göy əski”yə bükən, vaxtımızı və enerjimizi alan bütün təzyiq elementləri məsxərə və məzhəkə elementinə çevriləcək. 

Artıq Avropa İttifaqında da “çörəyi qulağıyla yeməyənlər”in sayı getdikcə artır. Xüsusilə də Şərqi Avropa dövlətləri Aİ-nin “böyüklük” ədasından çat verən bəzi ölkələrinin başlarını aşan iddialarına boyun əyməkdən çox uzaq görünürlər. Macarıstanın Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borelin BMT TŞ-dəki sərsəmləməsini Aİ-nin ayrıca bəyanatı kimi yaymaq niyyətini qursağında qoyması da bunu sübuta yetirir.

“Dünya 5-dən böyükdür”. Türkiyə Prezidentinin dünyadakı mövcud geosiyasi reallıqları dəqiqliklə ifadə edən bu fikirləri, qənaətimə görə BMT TŞ ilə yanaşı, dolayısıyla Avropa İttifaqına da şamil etmək olar. Əslində Türkiyə Prezidentinin BMT Baş Assambleyasının sessiyasındakı Azərbaycanla bağlı çıxışından sonra, ona və ölkəmizə verilən dəstəyi ifadə edən alqış səslərini eşidənlər, bu reallıqların mahiyyətinə varıb özlərini BMT TŞ-də növbəti dəfə biabır etməyə bilərdilər. Amma etdilər. Çünki yazının əvvəlində də vurğuladığım məqamlar, təkcə ayrı-ayrı ölkələri, yaxud təsisatları təmsil edən siyasətçilərin deyil, həmin ölkə və təsisatların özlərinin də ölçü və çərçivələrinin sərhədlərinin sıradan çıxdığını göz önünə sərgiləyir.

Millad tarixi ilə XXI əsrin 2023-cü ilinin sonuna yaxınlaşırıq. Ölümündən 860 il keçməsinə baxmayaraq, səlibçi, müstəmləkəçi psixologiyasından xilas olmayan, xristian təəssübkeşliyini siyasi və korporativ maraqlarının təmin olunması üçün vasitəyə çevirənlər hələ də Səlahəddin Əyyubinin qətiyyət və prinsipiallığından, cəsarətindən, yüksək mənəviyyatından, xeyirxahlığından danışırlar. Amma sadəcə danışırlar…

Əminəm ki, zaman keçəcək, Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin, bütövlükdə Azərbaycan xalqının göstərdiyi şücayət, əzm, iradə, ləyaqət və humanizm yaşadığımız zamanın gerçək mənzərəsinin ən şərəfli səhifələrini ifadə etmək üçün istinad mənbəyinə çevriləcək. Bizdən danışacaqlar, amma öyrənəcəklərinə əmin deyiləm…

Elçin Mirzəbəyli