Süni intellekt döş qəfəsinin rentgenoqrafiyasına əsasən insanın yaşını təxmin edə bilər.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Yaponiyanın Osaka Metropolitan Universitetinin tədqiqatçıları belə qənaətə gəlib.
Alimlər insanın yaşını öyrənməsi üçün süni intellekt modeli hazırlayıblar. Nəticələr göstərib ki, döş qəfəsinin rentgenoqrafiyasına əsaslanaraq təyin edilən yaş bioloji yaşa çox yaxın olub. Araşdırma üçün 67 min döş qəfəsinin rentgenoqrafiyasından istifadə edilib.
Alimlərin fikrincə, bu süni intellekt modeli, həmçinin bir sıra xəstəlikləri də təyin etməyə kömək edə bilər.