27 sentyabr - Anım Günü ilə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə şəhid məzarları ziyarət olunub və ümumrayon anım tədbiri keçirilərək ehsan süfrəsi açılıb.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, rayon ictimaiyyəti iştirak ediblər.
Səhər saatlarından başlayaraq Əmircan, Bülbülə, Yeni Suraxanı, Hövsan, Zığ, Binə Bakıxanov qəsəbələrindəki Şəhidlər xiyabanlarında və Fəxri xiyabanda şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.
Daha sonra Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş ümumrayon tədbirində qonaqlar şəhidlərimizin fotoşəkillərindən təşkil olunmuş sərgiyə baxış keçiriblər. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, dövlət himni səsləndirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Şəhid ailələrinə dərin hüznlə başsağlığı verib, torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Əziz Əzizov həmçinin, ordumuzun sentyabrın 19-da günorta saatlarında başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsindən də bəhs edib.