Suraxanıda Gənclər Günü qeyd olundu - Fotolar

suraxanida-gencler-gunu-qeyd-olundu
Oxunma sayı: 447

Suraxanı rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının və Yasamal rayon İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Akademiyanın rəisi general-mayor Baba Salayev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar Sevinc Fətəliyeva, Qaya Məmmədov, RİH bşçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon gəncləri iştirak ediblər.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

Gənclərin cəmiyyətin ən fəal və dinamik təbəqəsi olduğunu diqqətə çatdıran RİH başçısı bildirib ki, ölkəmizdə gənclərlə bağlı dövlət siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır və Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verən dövlət gənclər siyasəti bu gün də uğurla davam etdirilir. O, bildirib ki, Azərbaycan gəncləri bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, beynəlxalq arenada dövlətimizi layiqincə təmsil edirlər. Adil Əliyev gənclərin təhsil, idman, mədəniyyət və innovasiya sahələrində əldə etdikləri uğurlardan danışaraq, onların potensialına daim dəstək göstərildiyini də qeyd edib. RİH başçısı vurğulayıb ki, hər zaman Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehribn xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət göstərməsi hər bir gənci ruhlandırır.

Həmçinin, bütün gənclərə möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayev və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışlarında bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü gənclərin yetişməsində dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, gənclərin bilikli, vətənpərvər və təşəbbüskar ruhda yetişməsi ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır.

Rayonun fəal gənci Elay Kərimli də çıxış edərək Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısından bəhs edib, gənclərin ölkə başçımızın ətrafında sıx birləşdiklərini, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədiyini diqqətə çatdırıb.

Tədbirdə bir qrup gənc 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə Rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.

Tədbir Yasamal rayon İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin təqdimatında bədii hissə ilə davam edib.