İran rəsmiləri ABŞ-nin ölkəyə endirdiyi zərbələrdən sonra sərt bəyanatlarla çıxış edərək, Vaşinqtonun addımlarının cavabsız qalmayacağını bildiriblər.
“Qafqazinfo” xəbər verir ki, İran dövlət televiziyasına danışan xarici işlər nazirinin müavini Kazım Qaribabadi ABŞ-ni iyunun 14-də Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmanın şərtlərini pozmaqda ittiham edib.
Onun sözlərinə görə, anlaşma memorandumuna əsasən, tərəflər öhdəlikləri mərhələli şəkildə yerinə yetirməli idilər.
Qaribabadi ABŞ Prezidenti Donald Trampın İrana yönəlmiş son açıqlamalarını da sərt tənqid edib.
“İran xalqını təhqir edən və hədələyən bu açıqlamalar güc nümayişi deyil, illərdir İranı diz çökdürə bilməyən siyasətin uğursuzluğunun etirafıdır. Biz cinayətkar və qatil Trampla onun başa düşdüyü dildə danışmalıyıq. Görünür, o, yalnız güc dilini anlayır”, – deyə iranlı rəsmi bildirib.
O əlavə edib ki, ABŞ-nin son hərəkətləri cavabsız qalmayacaq.
İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, general-mayor Möhsün Rzayi də “X” sosial şəbəkəsində paylaşdığı mesajda ABŞ-yə cavab veriləcəyini bildirib. Qurandan sitat gətirən Rzayi “Təcavüzkar düşmənlər və onlarla əməkdaşlıq edənlər ağır cəzalandırılacaq” ifadəsini işlədib.
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi isə televiziya çıxışında ABŞ-yə daha sərt xəbərdarlıq edib.
“Amerikalılar bilməlidirlər ki, onlara böyük cavab veriləcək və dünyanın harasında olsalar belə, təhlükəsizlik hissini itirəcəklər”, – deyə Əzizi bildirib.
Qeyd edək ki, ABŞ-nin hücumları fonunda İranın cənubundakı Hörmüzqan əyalətinin Sirik və Bəndər-Abbas şəhərlərində, həmçinin Sistan və Bəlucistan əyalətinin Çabahar və Kunarak bölgələrində partlayışların baş verdiyi bildirilir.
İran mediasının məlumatına görə, hücumlar zamanı Çabahardakı İmam Əli Xəstəxanasına ziyan dəyib, şəhərin bəzi hissələrində elektrik enerjisi kəsilib.
Buşehr və Əbu Musa adasında da partlayışların qeydə alındığı bildirilir. Yayılan məlumatlarda Buşehr Atom Elektrik Stansiyasının zərər görmədiyi vurğulanır.
Son xəbərlər
Son Xəbərlər