Toya gələnlər xəstəxanalıq oldu - Yenilənib

toya-gelenler-xestexanaliq-oldu
Oxunma sayı: 4380

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

10-a yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

Hazırda vəziyyətlərinin normal olduğu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna belə cavab verilib: 

“Ötən gün Şamaxı rayonunun Məlikçobanlı kəndindən zəhərlənmə şübhəsilə 21 nəfər (11 nəfəri qadın, 10 nəfəri kişi cinsli olmaqla) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 5-i azyaşlı olub.

Hospitalizasiya olunan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.

***

Şamaxıda toyda baş verən kütləvi zəhərlənmə ilə bağlı rayonun Məlikçobanlı kənd icra nümayəndəsi Sənan Abdullayev “Report”a bildirib ki, Ukraynanın Xarkov şəhərindən kəndə qonaq gələn ailə üçün evdə yığıncaq təşkil ediblər.

Onun sözlərinə görə, məclisdə qonaqlar üçün hazırlanan tort zəhərlənməyə səbəb olub. S.Abdullayev bildirib ki, dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılan zəhərlənən qonaqlar həkim nəzarətinə götürülüb və müayinə olunublar.

Şamaxı rayon Mərkəzi xəstəxanasından isə “Report”a bildirilib ki, artıq bütün xəstələrə ilkin tibbi yardım göstərilib və onların hamısı evə buraxılıb.

Zərərçəkənlərdən yeddisinin azyaşlı olduğu bildirilir, onlardan ən kiçiyinin 1, ən böyüyünün 8 yaşı var.