ABŞ Prezidenti Donald Tramp Tehranın yekun sülh təkliflərini təqdim etməsi üçün atəşkəs müddətini uzatdığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə özünün “Truth Social” platformasında paylaşım edib.
Ağ Ev rəhbəri bildirib ki, bu qərarı Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistanın Baş Qərargah rəisi, feldmarşal Asim Munirin xüsusi xahişi əsasında qəbul edib.
Prezidentin sözlərinə görə, hazırda İran rəhbərliyi daxilində ciddi fikir ayrılıqları mövcuddur və vahid mövqe yoxdur:
“İran hökumətinin ciddi şəkildə parçalandığını nəzərə alaraq və Pakistan rəhbərliyinin xahişi ilə Tehran vahid sülh təklifi ilə çıxış edənə qədər hərbi hücumu təxirə salmaq qərarına gəldik. Biz onlara danışıqları yekunlaşdırmaq üçün vaxt veririk”.
Buna baxmayaraq, Tramp Pentaqona İranın dəniz blokadasını eyni sərtliklə davam etdirməyi və ordunun tam döyüş hazırlığı vəziyyətində qalmasını əmr edib.
Xatırladaq ki, cəmi bir gün əvvəl Tramp atəşkəsin uzadılmasına qarşı çıxsa da, Pakistanın vasitəçilik səyləri və regiondakı diplomatik manevrlər vəziyyəti dəyişib.
Son xəbərlər
Son Xəbərlər