“Üç il öncə tikintini dayandırsalar da, yenidən başlayıblar” - Video

uc-il-once-tikintini-dayandirsalar-da-yeniden-baslayiblar
Oxunma sayı: 4828

Xətai rayonunun Gəncə prospekti 103 ünvanının sakinləri üç il öncə yaşadıqları problemlə yenidən qarşılaşıblar.

Sözügedən ərazidəki binada yaşayan bir qrup vətəndaş “Qafqazinfo”ya müraciət edərək bildirib ki, 3 il əvvəl dayandırılan tikinti işləri yenidən aparılmağa başlayıb. Onların sözlərinə görə, həmin vaxt şikayət işıqlandırılıb məsələ ictimailəşdikdən sonra tikinti işləri saxlanılıb. İndi, 3 il keçəndən sonra isə adıçəkilən yerdə söküntü bərpa edilib. Nəticədə həmin ərazidə yaşayan Nuranə Mirzoyeva məhz eyni şikayətlə yenidən bizə müraciət edib.

Vətəndaş Gəncə prospektində hazırda ağacların kəsildiyini bildirib: “Gəncə prospekti 103 ünvanında yaşayan bütün sakinlər narazıdır. O vaxtı tikinti işləri dayandıqdan sonra qonşularla öz vəsaitimiz hesabına şəhid adına park saldıq. İndi burada yenidən ağacları kəsərək tikinti işləri aparırlar”.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətindən saytımıza bildirildi ki, həmin ərazidə rəsmi park salınmayıb və orada tikinti üçün icazə var: “Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi əsasında burada tikinti işləri gedir. Ora əvvəl maşın dayanacağı olub, özəl mülkiyyətdir. Həmin ərazidə hazırda böyük bir parkın salınması da layihəyə daxildir”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat xidmətinin sorğumuza cavabında isə belə qeyd edilib: “Xətai rayonu Gəncə prospektində tikinti işləri “Sultan-Y MMC” şirkəti tərəfindən aparılır. Ərazidə yaşayış binasının inşası üçün tikintiyə icazə sənədi təqdim edilib”.

Fidan Etibar