“Ulayan iti də qonşusu bilir...” – Məmməd Araz

ulayan-iti-de-qonsusu-bilir-memmed-araz
Oxunma sayı: 956

Bu, insan adlanan insan

İlahi, sən saxla, kallaşır insan,
Ölüm adiləşir, dərd adiləşir.
Bu insan yanında insan da yansa,
Sanır tamaşadır bu haray-həşir...

Baş əyir, and içir ana torpağa,
Aşınan, daşınan torpağı görmür.
And içir ulduzlu, aylı bayrağa,
Böyründə dilənən uşağı görmür.

Bu insan qara daş, paslıca dəmir,
Görmür, görə bilmir səpilən dəni.
Seçmir, seçə bilmir, seçmək istəmir
Qara geyinəndən ağ geyinəni.

İndi bu insanı ayır, tap, tanı
Qələm görə-görə, söz görə-görə!
Qadın təhqirlənir, qoca tapdanır
Qanun görə-görə, göz görə-görə.

Ölüm adiləşir, kallaşır insan...
Onsuz da ah-vayı ölü eşitmir,
Kallaşa-kallaşa karlaşır insan,
İçinin səsini çölü eşitmir...

Görmür göz yaşını, çay görən insan,
Vay deyən saç yolan ananı görmür,
Özü də özünün çıxır yadından,
Özünün oduna yananı görmür.

O qədər qan tökən əl var ki, görür:
O, axan qanı da axan su bilir.
O qədər qəribə hal var ki, görür;
Ulayan iti də qonşusu bilir...

Gözümün aynası, oyat nurunu,
Boylan ürəyimə bir səhər çağı,
Gəzdirib sinəmdə boyat nurunu,
İnsanı harayla, insanı çağır.

Bir gör ürəyimdə insan yatırmı?
İnsanla baş-başa insaf yatırmı?
İlahi, sən saxla, kallaşır insan
Kallaşa-kallaşa karlaşır insan.


Murova qar yağırdı

Axşamdan başlamışdı;
Murova qar yağırdı;
Qar altda donmuşların
Üstünə qar yağırdı.
Düşmənin qəfil hücum-qəsdinə qar yağırdı.
Kürəkçayın nəfəsi batmışdı elə bil,
Mürgü bilməz küləklər
Yatmış idi elə bil;
Keşikdəki əsgərin baxışı, zəndi oyaq...
Murova qar yağırdı.
Murova qar yağacaq,
Min illərlə belə sıldırımlar qalacaq...
Qalacaq dilsiz yatan hər qaya, hər qalaça,
Bu dəli uçrumlara ələnən qar qalacaq.
Döngəni düz, düzü döngə eyləyən
O qarların altından
Gizli cığır keçəcək,
O qarların üstündən açıq cığır keçəcək,
O, qorxmazlar cığırı, igid ərlər cığırı,
O, cəsarət cığırı
Yenməz hünər yoludur,
O dönməzlər yoludur, qalib əsgər yoludur;
Murova qar yağırdı...
Hardasa kimlərinsə
dəminə qar yağırdı...
Nigaran anaların qəlbinə qar yağırdı...
Bir azdan qar tutacaq
Keçidləri, yolları;
Bircə əsgər nəfəsi
əridəcək o qarı..
Murova qar yağırdı...


Əsrin yalanları, əsrin vədləri

Bu əsrin yalanı tükənmir, artır,
Bu əsrin vədləri ilğımdı deyən,
İnsan da insanı uçruma dartır,-
“Bu mənim insana qayğımdır”-deyə

Düşmənə yük çəkir itən yolumuz,
Biz hələ şirincə yatmaq işində.
Bağlanıb sabaha gedən yolumuz,
Biz hələ dünəndə yortmaq işində.

Hayımız, küyümüz göyə yüksəlir,
“Kimsə başımıza gül ələyəcək”.
Və ya da “ulduzlar tökülüb gəlib,
Hamını evində güllələyəcək”.

Gah elə qürrəli, gah elə xoflu,
Hamımız bir səsli, bir adam kimi,
Hamı cilovludur, hamı buxovlu,
Hamı da sozalan yağsız şam kimi

Kiminsə ikrahı, kimin istəyi,
Dünənki bəxtəvər bugünkü yazıq,
Fikirli görürəm Əbülfəz bəyi,
Nəriman narazı, Söhrab narazı.

Çörək dükanları boş olur bəzən,
Yalan dükanları ağzına qədər...
Vəzir də, vəkil də seçə bilərsən,
Qartaldan, qarğadan, quzğuna qədər.

Bu əsrin vədləri bu qırıq tikə,
Nə yeyən görübdü, nə görən yeyib.
Bu qırıq tikəni ona göz dikən-
Qazanan yeməyib, götürən yeyib.

Bu elin qibləsi itibdi, vallah,
Kim ona yön tapsa-dahimiz odur.
Aldansan, bu yurdun qızına aldan,
Onun da and yeri bu yurd oğludur.

Məndə haq yolunu keçmişəm deyim,- deyim
Vəd yalan olanda yalan vəd olur.
Onun da “avtoru” cin-şeytan deyil,
Hamımız tanıyan bir namərd olur.

Bu əsrin yalanı külək atlı ki,
Hər bənddən, keçiddən çıraqlar asın,
Ehtiyatlı olun, ehtiyatlı ki,
Gələn əsrimizə yalan sızmasın.


Uzaq diyarda bir gecə

Uzaq, uzaq bir şəhərin
Bir uca mehmanxanasında,
Oturmuşam tənhalıq libasında
Oturmuşam qələmimlə baş-başa
Ürəyimlə baş-başa,
Qərib evlərin qapısı
Yaşmaqlı-həyalı olarmış
Qərib olan yerdə
Telefonun da lal olarmış.
Az qalıram duram,
Təcili yardıma zəng vuram.
(Bir miyoner adından).
Yüyürərək həkim gələ,
Dərdimi soruşa.
“Tənhalıq təzyiqim
Həddini aşıb,
Yeddi yüz səksənə yaxınlaşıb...”
Həkimin əlinin təması,
Bir ilıq təbəssüm dəvası
Bəs edə bir neçə
Yuxusuz gecə...
Sonra da yeni bir
“temperatur”.
İstəsən, indi dur
Təcili yanğına zəng vur.
Hay-küyçü maşınlar
Ulaşa-ulaşa.
Yanına dırmaşa...
Deyəsən: beləcə
Məcrama sığmadım, darıxdım
Təcili yanğını yığdım...
Bir-iki bəd kəlimə,
Bir az da cərimə-
Bəs elər yarım gün.
Deyirəm özümə
Bəlkə sən
Belə bir nəticə düşündün:
Nəyinə gərək axı
İşığı sırtılmış
Dəbdəbələr,
Aşağıdan uca,
Yuxarıdan alçaq,
Görünən mərtəbələr?
Nə vermisən
Araz vadisinə,
Qarabağ düzünə
Yoluna qalxanlı qayalar,
Kəmərli çinarlar düzülə.
Axı səni
Ayağının tozundan tanıyır
Çoban Ələsgərin
əlləş-pəlləş itləri...
Ehey, pasportumu bəri,
Otel xanımı,
pasportumu bəri...