Ümidin bitdiyi yerdə o...

umidin-bitdiyi-yerde-o
Oxunma sayı: 7013

Bu gün iki güclü zəlzələ effekti yaşadıq. Biri yeraltı təkan idi, bunu səhər saatlarında hiss etdik. Sadəcə, Bakı və Xəzəryanı bir neçə rayon silkələndi.

Axşam baş verən isə yerüstüdür. Episentri rəsmi Bakı olsa da, miqyası bütün dünyanı silkələdi desək, yanılmarıq.

Uzun illərdən sonra, bəlkə də tarixdə ilk dəfə olaraq, Azərbaycanla Ermənistan birgə məlumat yaydı.

Sülh qoxan birgə məlumatda təbii ki, ən əsas məqam Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsiylə bağlıdır. Biz 32 erməni hərbçini təhvil verəcəyik, əvəzində isə Aqşinlə Hüseyni geri alacağıq.

İlk baxışdan 2 nəfərə qarşı 32 nəfərin təhvil verilməsi ədalət tərəzisinin gözündə taraz görünməyə bilər. Amma bunun mənəvi tərəflərini düşünəndə görürsən ki, yox, heç də elə deyil.

Xüsusi ilə Hüseyn Axundovla bağlı ümid bitmişdi. Ona dünən Ermənistanda haqsız yerə ömürlük həbs cəzası verilmişdi. Amma ümidin bitdiyi yerdə məsələyə Prezident, Ali Baş Komandan İlham Əliyev müdaxilə etdi. İllər öncə Ramil Səfərovun məsələsinə müdaxilə etdiyi kimi...

Hər bir azərbaycanlının Prezidenti dünənki xəbərdən huşunu itirən Hüseynin anası Şəlalə Axundovaya qol-qanad gəldi. Bizim belə, xəbərdar olmadığımız danışıqların nəticəsində təkcə Hüseynin yox, həm də Aqşin Bəbirovun azad edilməsinə dair razılıq əldə olunur.

Nəticədə sevincini “Qafqazinfo” ilə bölüşən Aqşinin anası Dürdanə Bəbirova xoşbəxtliyini “Ölmüşdük, bizi Prezidentimiz diriltdi” cümləsi ilə ifadə edir, sevinc göz yaşlarına hakim ola bilmir. Təkcə bu cümlənin özü, bu xoşbəxtlik, bir ananın sevinci əvəzsizdir, nəyə desəniz, dəyər...

Birgə açıqlamada daha bir maraqlı məqam isə Ermənistanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləməsi ilə bağlıdır. Hər halda Ermənistanın Azərbaycanı dəstəkləməsi, bu ölkənin Baş naziri Nikol Paşinyanın rəsmi Bakının addımını “xoşməramlı jest” adlandırması da yeni bir reallıqdır.

Səhər yeraltı zəlzələdən narahat olub oyanmışdıq, indi yerüstündəkindən rahat yata bilərik.

Emin Səfərov