Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb.
“Qafqazinfo” məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlayıb.
Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, həmin ərazidə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması məqsədilə müvəqqəti piyada keçidi üçün xüsusi hissə ayrılıb və həmin hissəyə çınqıl örtük döşənib: “Eyni zamanda, ərazinin digər istiqamətində də piyadaların hərəkəti üçün ayrıca keçid hissəsi mövcuddur.
Təhlükəsizlik tədbirləri çərçivəsində hər iki istiqamətdə piyada hərəkət zonalarının tikinti sahəsindən ayrılması məqsədilə xüsusi çəpərləmə vasitələrindən və xəbərdaredici lentlərdən istifadə olunub.
Sözügedən hissə Koroğlu-Həsən Əliyev avtomobil yolu layihəsinin tərkib hissəsidir. Layihə Bakı şəhəri və şəhərətrafı ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini nəzərdə tutan 2025-2030-cu illər üzrə Dövlət Proqramına uyğun olaraq icra olunur.
Hazırda tikinti işləri təsdiq edilmiş qrafikə uyğun şəkildə davam etdirilir və layihənin müəyyən olunmuş müddətdə yekunlaşdırılması nəzərdə tutulur”.
Mədinə Useynova
Son xəbərlər
Son Xəbərlər