Uşaq ölümlərinin sayı 30 faiz azalıb

usaq-olumlerinin-sayi-30-faiz-azalib
Oxunma sayı: 423

“TƏBİB tərəfindən ana və uşaq sağlamlığı istiqamətində görülən işlər xüsusi nəzarətdə saxlanılıb, il ərzində ağır vəziyyətdə olan hamilə, zahı qadınlar və uşaqlar üçün yerində tibbi yardım göstərilib, konsiliumlar təşkil olunub və yüksəkixtisaslı həkimlərin regionlara ezamı təmin edilərək bir sıra hallarda ana və uşaq ölümlərinin qarşısı alınıb”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. 

“2025-ci il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümünün sayı 22 olub. Sevindirici haldır ki, 101 kritik ağır hal isə tibb personalının səyinə görə ölümlə nəticələnməyib. Təhlillər göstərir ki, 22 ana ölümündən 16-sı bilavasitə (mamalıq) hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə birbaşa bağlı olan səbəblərdən, 6-sı isə ekstragenital səbəblərdən baş verib. Mamalıq səbəbləri sırasında qanaxmalar, emboliyalar, preeklampsiya və eklampsiyanın fəsadları, sepsis halları üstünlük təşkil edib.

Ekstragenital səbəblər arasında anestetik qüsurlar, ürək dayanması, beyinə qansızma, dərman zəhərlənməsi və virus mənşəli vaskulit halları qeydə alınıb”, - V.Qurbanov deyib. 

İcraçı direktor əlavə edib ki, uşaq ölümlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz azalaraq 2025-ci ildə 751 olub: “Uşaq ölümlərinin əsas səbəbləri neonatal dövrdə perinatal dövr üçün xarakterik olan tənəffüs və ürək-damar pozğunluqları, hamiləlik müddəti və dölün böyüməsi ilə bağlı pozğunluqlar, daha yuxarı yaş qruplarında isə qrip və pnevmoniyalar, bağırsaq infeksiyaları, tənəffüs yolları xəstəlikləri, travmalar, termik və kimyəvi yanıqlar, eləcə də virus mənşəli ağırlaşmalar olub”.

Gülnar Əliyeva