Vensin səfəri, Rusiyanın “aktivliyi”, radikalların ifşası - Nə baş verir?!

vensin-seferi-rusiyanin-aktivliyi-radikallarin-ifsasi
Oxunma sayı: 405

ABŞ vitse-prezidenti Cey.Di. Vensin Azərbaycana səfəri bir tək tarixi, siyasi, regional maraqlar baxımından deyil, həm də bölgənin gələcək perspektivi, taleyi və yaxın 20-30 ilin konturlarının müəyyənləşməsi baxımından son dərəcə ciddi əhəmiyyətə malikdir.

Əvvəla, ondan başlayaq ki, Vens Trampın “sağ əli”dir, respublikaçıların növbəti seçkilərdə şəksiz (lider) namizədidir və ona görə hesab edirəm, bu masştabda siyasətçinin Cənubi Qafqaza gəlişi (paralel olaraq) həm də bölgə ilə yaxından və əyani tanışlıq məqsədi daşıyır.

İkincisi... Məlum səfər, son zamanlar ABŞ ilə Azərbaycan arasında (Liderlər səviyyəsində) yaranmış olan qarşılıqlı, geniş spektrli, xoş münasibətlərin fonunda gerçəkləşib və bu da belə bir qənaət hasil etməyə imkan verir ki, şəxsi simpatiyadan qaynaqlanan səbəblər də həmin səfərin belə tezliklə reallaşmasında yetərincə önəmli rol oynayıb.

Üçüncüsü... Amerika tərəfi gözəl anlayır ki, regionun lideri qismində Azərbaycan xüsusi çəkiyə, hörmətə sahibdir və belə bir dövlətlə dostluq, əməkdaşlıq, müttəfiqlik ona yalnız divident, fayda gətirə bilər. Yəni Tramp şimal qonşumuzdan fərqli olaraq daha praqmatik düşünür, daha uzaqgörən davranır və beləcə, bir çox məsələlər, konkret mövzular üzərindən açıq mövqeyini ifadə etməklə, əməli addımlarını atmaqla öz yanaşmasını real icraata çevirir.

Dördüncüsü... Əmin olun: sülh müqaviləsi ilə bağlı paraflanmanın, “Tramp dəhlizi” ilə əlaqəli konkret razılaşmanın, Davosdakı möhtəşəm yekunun ardınca bir də, qısa müddət ərzində, Bakıda “Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması son dərəcə böyükmiqyaslı hadisədir!

Eyni zamanda, bu addım (gedişat) regiondakı inkişafı və təməlli sülhü əngəlləmək istəyən qüvvələrə ünvanlanmış açıq mesajdır: özünüzü yığışdırın! Üstəlik, bir tək özünüzü yox, elə “çamadan”larınızı, boğçalarınızı, adda-budda qalan qırıntılarınızı, “veş-vüş”lərinizi də yığışdırın və ortalıqdan ilim-ilim itin! Təcili!

Ona görə, ehtimal edilən “cəbhə”lərdən atəş səsləri eşidilməkdədir...

Ona görə, “bir nəfər” ciddi narahatdır və öz diplomatları, mirzələri vasitəsilə suyu bulandırmağa çalışır. Ona görə, təxribat təxribat dalıncadır. Ona görə, “söyüş müxalifəti” aktivləşdirilib. Ona görə, “YouTuba”dakı feyk videoların yayımına, “raskrutka”sına anti-Azərbaycan qüvvələri tərəfindən gündə ən az 100 min dollar civarında pullar, paralar ayrılır.

Ona görə Mehdiyev-Kərimli “çete”si sakitləşmir, dinc dayanmır...

Hətta;

Hər xain həmlədən sonra qulaqlarının dibində yekə bir şapalaq görsələr belə!

Bəli. DTX cəmi 1 video ilə bunları nokaut elədi...

Anındaca pərən-pərən oldular. Xaotik vəziyyət aldılar. Rabitəsizləşdilər.

Yuvası dağılmış qarışqa kimi ora-bura qaçmağa başladılar.

Və tələsik, sonradan tədavisi mümkün olmayan, kəllə-mayallaq açıqlamalar verməklə, statuslar yazmaqla özlərini daha çox “yandırdılar”.

Qənimət deyir, hə, videodakı özüməm, mənim səsimdir. Amma burada nə var ki? Siyasi qüvvə kimi normal bir danışıq aparmışıq da...

Normal?! Əminsən?!

Niyə soruşuram? Çün, bildiyim qədər axı, siz radikallar, uzun illər boyunca mövcud iqtidarı Rusiya ilə isti münasibətlər qurmaqda, Rusiyaya güzəşt(lər) etməkdə, rus sülhməramlılarını bir müddət cəbhədə saxlamaqda (və sair bu kimi məsələlərdə) ittiham etmisiniz. Deyilmi?

Yaxşı bəs, indi nə dəyişdi? Qənimət Zahidin qəlbində qəfil Rusiya sevgisi haradan yarandı? Ən əsası: spontan KTMT sevdası necə formalaşdı?

Ya da olsun Fuad Qəhrəmanlı...(oxu: Dezertirli)

3 gündür dayanmadan status yazır. Hamısı da nağıl, rəvayət, 2.5-lik IQ-nün məhsulu.

Hətta o səviyyədə ki, 4 yaşında uşağa gecə yuxuya getməsi üçün oxusan, adama deyər, daha maraqlısını söylə, inanmağım gəlmir.

Bir o qalıb, Abbas Abbasov da “Milyarderlər İttifaqı”nda bağban işlədiyini, siyasi məsələlərə qarışmadığını bəyan etsin və bununla da məsələ bitsin.

Xəyanətkar yığını!

Hakimiyyət dəyişəcəkmişlər...

Özü də şimaldan gələn təlimatlarla...

87 yaşlı “nağılbaz”ın patronajlığı, Kərimli soyadlı qaragüruhbaşının vasitəçiliyi, baytar Abbasın köməkliyi, səfirlikdə qadın paltarı ilə bəzənmiş, süslənmiş üzdəniraqların vəsiləsi ilə...

Bilmirsən, bunlara baxıb güləsən, yoxsa acıyasan...

Biri corabla (!) ofisə getdiyini və pulu orada aldığını iddia edir...

Digəri “təcrübəli” agentin təpkisindən sonra (söhbət, Mehdiyevin səs yazısından gedir) susmağa məcbur qalır və 10 saniyə içində “altını vurduğunu” anlayır.

Başqa birisi Hamburqda oturub, vatsapla siyasi sövdələşmə aparır...

Əlqərəz;

Evindəki pərdəni, “lüstır”ındakı lampanı, televizorundakı kanalı dəyişəcək ağıla sahib olmayanlar hakimiyyəti dəyişmək istəyirmişlər!

Sərçə qədər düşüncəsi olmayanlar dövlət çevrilişi etmək istəyirmişlər!

***

Dünən feysbukda diqqətimi çəkdi: Bəzi polikoloqlar (Politologiya ilə ginekologiya elminin sintezinden doğan fəaliyyət növünün qısa adıdır) yenə başlarından yekə görünməyə, ortalıqda boy göstərməyə çalışırdılar. Məsələn, “ağıllı-ağıllı” soruşurdular ki, tutaq, Fuad Dezertirlinin videosu 2020 - yə aiddirsə, o zaman indi niyə yayımlanır, indi niyə ifşa olunur?

Bir “lələkli radikal” isə daha da uzağa gedərək videoların saxta, montaj, “düzüb - qoşulma” olduğunu iddia edirdi...

Üzümü həmin insanlara tutaraq söyləmək istəyirəm:

Əvvəla, videoların gec yayımlanmasının yeganə səbəbi hüquq-mühafizə orqanlarının son ana qədər səbir etməsi olub! Şəbəkənin bütün üzvləri aşkara çıxsın deyə. Çərçivə tam müəyyənləşsin deyə. Cinayət törədən kimsə məsuliyyətdən yaxa qurtara bilməsin deyə...

İkincisi...Videoda adı keçən adamlar təfərrüatları təkzib etsələr də, hadisəni və dediklərini inkar etmirlər.

O zaman, siz niyə özünüzə “əl qatmısınız”, ortalığa atılmısınız? Səbəb?!

Nəhayət, üçüncüsü...Yaşadığmız dövrdə feyk “məhsul”ları orijinaldan ayırmaq artıq elə də müşkül məsələ deyil. Çünki həmin fərqi göstərə bilən kifayət qədər sayda proqramlar, resurslar, vasitələr icad olunub. Həm də çoxdan!

Yəni, bu sərsəmləmənizə də bir “quş”.

Və sonda.

Videodan söhbət düşmüşkən...

Hesab edirəm, hazırda (təzad və təqdimat baxımından) müzakirə ediləsi tək video varsa, o da Mehmanın – aylardır haqqında bəhs etdiyi, anonsunu verdiyi videodur. Özü ilə bağlı olan video! Çəkilişində hakimiyyəti ittiham etdiyi video. Əsl təfərrüatların gizləndiyi video!

Tam əminliklə deyirəm: həmin video Azərbaycan DTX-sının əməliyyatçıları tərəfindən lentə alınmayıb!

O video – Mehmanın hazırda “qul xidməti” göstərdiyi xarici xüsusi xidmət orqanları tərəfindən çəkilib (konkret: Fransada, Strasburqda) və sonra da həmin video müqabilində tam “verbovka” həyata keçirilib.

Nədir o video?! Nə var, o videonun içində?

Detallara varmayacağam. Varmaq istəmirəm. Vara bilmərəm.

Amma ipucu verəcəyəm: Təxminən, qadın paltarında gizlənmək kimi bir şeydir.

Sadəcə, bu dəfə səfirlikdə yox, hoteldə...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri