“Qafqazinfo” millət vəkili Cavanşir Paşazadənin Qaynar.info-ya müsahibəsini təqdim edir:
Cavanşir Pşazadə uzun müddət müxtəlif vəzifələrdə çalışıb: Lənkəran Su-Tikinti İdarəsi, Texniki Materiallar Bazası, 3 saylı Çay Fabrikinin rəhbəri, Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru. Son iki çağırışda Milli Məclisin deputatıdır. Cavanşir müəllim həm də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin qardaşıdır. Bizi çox səmimi qarşılayan millət vəkili ilə söhbətimizə uzaq uşaqlıq illərindən başladıq.
- Eşitdiyimizə görə, ağır uşaqlıq illəriniz olub. Çoxuşaqlı bir ailədə anadan olmusunuz, o illər necə keçib?
- Mən buna çox da ağır illər deməzdim. Düzdür, mən böyük ailədə anadan olmuşam, atam beş il müharibədə olub. Çətinliklər olub, kənddə yaşamaq özünüz bilirsiniz ki, necə olur. Biz şeyxlə həmişə bir yerdə olmuşuq, Özbəkistanda da bir yerdə oxumuşuq, amma fərqli məktəblərdə. Şükür allaha, bu günə gəlib çıxmışıq. Mən o günləri elə də çətin adlandırmazdım, yəni bu günlə müqayisədə əlbəttə ki, çətinliklər olub. Qaz olmayıb, işıq olmayıb, yollar indiki kimi rahat deyildi. O həyatı bügünlə müqayisə etmək olmaz əlbətdə. Dönüb keçmişə baxanda adama elə gəlir ki, o vaxt sanki həyat dayanmışdı. 35-40 il keçib, indi texnologiyanın inkişaf etdiyi bir zamanda yaşayırıq. Həyat şərtləri dəyişib. Dünyanın bundan sonrakı inkişafı hansı istiqamətlərdə olacaq- bunu insan beyni hələ tam təsəvvür edə bilmir. Hər halda keçmişlə müqayisədə bugünki gənclərin həm elm, həm texnologiya, həm də günlük həyat baxımından daha geniş imkanları var.
- Sovet dövründə siz dövlət işlərində çalışırdınız, şeyx isə ruhani sistemdə. O vaxtkı tələblərə görə, siz həm də Kommunist Partiyasının üzvü idiniz. Bəs qardaşınızın şeyx olması sizə problemlər yaratmırdı ki?
- Əlbəttə ki, Şeyxin qardaşı olmaq hər zaman həm böyük xoşbəxtlikdir, həm də böyük məsuliyyətdir. Bu məni çox hərəkətlərdən çəkindirib. Amma sovet sistemin də öz siyasi strukturu var idi, siz də bunu yaxşı bilirsiniz. Qardaşım 29 yaşında şeyx olub. Dünyada ən gənc şeyx idi. Amma dövlət bu məqamı təbliğat metodu kimi öz xeyrinə istifadə etməyə çalışırdı. Deyirdilər ki, baxın, bir ailədə biri şeyxdir, digəri isə kommunist və dövlət strukturlarında çalışan bir adam.
O vaxt rayona gələn birinci katiblər, "KQB"-si və digər qurumları tez məni çağırıb deyirdilər ki, söz özünüzü necə aparmalısınız, sizin adınız təmiz olmalıdır və s. Yəni bu, dövlətin öz siyasətiydi. Mən başqa gənclər kimi əylənə bilmirdim, hara getdim, hardan gəldim, hansı şəhərdə olduğumu bildirməliydim. Müstəqillik dövründə isə bu siyasət dəyişdi. Hər halda mən müəyyən vəzifələrdə işləmişəm, sonra da iki çağırışdı millət vəkiliyəm. Allah ömür versin, seçicilərim istəsə, yenə də mən onları təmsil edə bilərəm.
- "Təzəpir" məsçidinin layihəsinin sizə məxsus olduğunu bilirik. İstərdik ki, bir az bu layihənin necə ortaya çıxmasından danışasınız.
- Bilirsiniz ki, qardaşım 32 ildir ki, Şeyxdir. Mən onunla çox yerlərdə, çox ölkələrdə olmuşam. Hələ sovet dövründə də, sonrakı müstəqilliyimiz dövründə də xaricdə müəyyən dini idarələrdə olanda, onlar üçün yaradılan şəraiti görürdüm. O zaman bu şəraitə həsədlə baxırdıq. Bilirsiniz, Şeyxin də müxtəlif ölkələrdən tez-tez qonaqları olur, onları qəbul etməyə, yerləşdirməyə şərait lazım idi. Allah Cənab Prezidentimizin canını sağ eləsin, o birinci dəfə prezident seçiləndən sonra bu məsələyə çox böyük diqqət yetirdi. Cənab Prezidentin dəyərli fikirləri əsasında belə qərara gəlindi ki, burada daha da yaxşı şərait yaradılsın, istər qonaqları qəbul etmək, istər dini ayinlərin keçirilməsi, istərsə də ibadət üçün geniş yerlər ayrılsın. Cənab Prezidentin bu göstərişlərini həyata keçirmək mənə həvalə olundu. Çünki həm mühəndisəm, həm də xaricdə olarkən bu kimi qurumlarda yaradılan şəraitlə yaxından tanış olmaq imkanlarım olmuşdu. Şükür Allaha ki, gördüyünüz kimi, hazırda burada ən yüksək səviyyədə qonaqlar qəbul olunur və demək olar ki, bütün sadaladığım məsələlərin yerinə yetirilməsi üçün hər cür şərait yaradılıb. Burada universitet, 6 mərasim zalı, qonaq qəbul edilən, yemək bişirilən yerlər var. 300 nəfərlik konfrans zalı var ki, Azərbaycanda bunun analoqu yoxdur.
- Bildiyimizə görə, burada həm də çox böyük və zəngin bir kitabxana da var...
- Cənab Prezidentin göstərişi ilə bura yenidən qurulanda prezidentə təklif elədim ki, belə bir kitabxana yaradaq. Bəli, burada nəhəng bir kitabxana var. Ora 6 mindən çox elmi, dini, tarixi kitablar toplanıb. Şeyx bu kitabların böyük qismini 31 il ərzində xaricdən böyük bir əziyyətlə yığıb. Artıq kitabxanamız kompüterlərlə, internetlə əhatə olunub. Kitabxanada hər cür şərait var. Burada elə kitablar var ki, 1400-1500 il tarixi var. Bununla yanaşı, hörmətli Kəmaləddin Heydərov Dövlət Gömrük Komitəsinə rəhbərlik etdiyi dövrdə qanunsuz olaraq ölkədən çıxarılmağa çalışılan bir çox dini və tarixi kitablar da bu qurum tərəfindən bizim kitabxanaya bağışlanıb. Onu da deyim ki, bura qapalı kitabxana deyil, hamı üçün açıqdı, kim doğrudan da araşdırma aparmaq, elmi işlər üçün istifadə etmək istəsə, onlara hər cür şərait yaradılacaq.
- Eşitdiyimizə görə, siz həm də bir neçə dil bilirsiniz. İstifadə edirsiniz bu dillərdən?
- Mən rus, fars, tacik, özbək dillərini bilirəm. Dediyim kimi, ali təhsilimi Özbəkistanda almışam, orda işləmişəm. Burada özbək, tacik və fars dillərini öyrəndim. Münki mənim ana dilim talış dilidir və fars-tacik dillərinə də yaxınlığı var. Yeri gələndə istifadə edirəm. Özbək dilini son vaxtlar az istifadə etdiyim üçün yavaş-yavaş unuduram. Həmsöhbət olanda əvvəlcə danışmaq çətin olur, ancaq sonra dil açılır.
- Siz bir müddət Qızılağac Dövlət Təbiət Qoruğunun direktoru olmusunuz. Ovla aranız necədir?
- Ovla aram yaxşıdı, mən hətta xaricə də ova gedirəm. Sibirə, digər xarici yerlərə ov üçün getdiyim olub. Hər ovun öz vaxtı var. Saatlarla gizlənirsən, baxırsan, adama ləzzət eləyir.
- İstirahətə hara gedirsiniz?
- İstirahət belədir ki, uşaqlar böyüyüb, biri İstanbulda yaşıyır, hər şəraitləri var. Hərdən ora gedirəm, Hərdən Almaniyaya gedirəm. Yaşda sözünü deyir, bir də görürsən həkimə gedirəm və fürsətdən istifadə edib, istirahət də etməyə çalışıram.
- Ara-sıra Şeyxin ünvanına tənqidlər də səslənir. Bu tənqidlərə münasibətiniz necə olur?
- Mən özüm haqqımda tənqidləri qəbul edirəm. Ancaq qardaşımdır deyə demirəm. Şeyx haqqında, yəni bizim dini liderimiz haqqında olan əndazəni aşan tənqidləri qəbul eləmirəm. Ağa dediyin nədi, bəyənmədiyin nədi. Dünyanın heç bir dini rəhbəri öz ölkəsində təhqir olunmur. Heç bir ölkədə belə bir şey yoxdur. Bu bizdə, Sovet psixologiyasından qalıb. Baxın, şeyx siyasi tərəfdən bir söz deyirsə, deyirlər şeyxdir, getsin öz şeyxliyini eləsin. 90-cı illərin əvvəlini, 20 yanvar hadisələrini yadınıza salım, onda niyə demirdilər ki, şeyx gedib öz şeyxliyini etsin? O vaxt SSRİ-nin qılıncının dalı kəsirdi, qabağı da. O boyda dövlətin qarşısında dayanmaq, Qorbaçova "sənin əlin xalqımın qanına batıb" deyib, əl uzatmamaq, asan deyildi. 20 yanvar hadisələri zamanı bir həftə Azərbaycanda dövlət hakimiyyəti olmadı, bütün məsuliyyət Şeyxin üzərində idi. Niyə onda demirdilər ki, Şeyx, get öz işinlə məşğul ol. Bir balaca ki, vəziyyət başqa cür olur, başlayırlar Şeyxin niyə səsi gəlmir, şeyx niyə bir söz demir. Vəziyyət düzələndə isə hər şey unudulur. Ona görə də insanlarda inanc olmalıdı. Niyə bizim ölkənin düşmənləri görməlidir ki, Azərbaycanda kimlərsə öz rəhbərinə - istər prezident olsun, istər dini rəhbər- hörmətsizlik olunur. Əlbəttə, tənqid eləmək olar, amma təhqir yox. Bu, Allahın yanında da günahdı. Hər adam prezident ola bilməz. Bu, müəyyən seçilmiş və dəyərli şəxslərə Allahın lütfüdür. Bu gün bəzi daxili qüvvələr müəyyən xarici qüvvələrin təsiri ilə kimlərinsə dəyirmanına su tökür, tənqid əndazəsini aşırlar. Tənqid olar, təhlil olar, amma təhqir etmək nə insanlığa, nə müsəlmanlığa, nə də demokratiyaya yaraşan hərəkət deyil.
- Qarşıdan prezident seçkiləri gəlir. Bir millət vəkili kimi seçki ilini necə dəyərləndirərdiniz?
- Seçkilər hər dəfə olduğu kimi normal keçəcək. Dünyanın bəlkə də səksən faizinin gözü Azərbaycanın üzərindədir. Biz seçkiyə hazırıq, seçki də normal keçəcək. Bəzi maraqları olan xarici qurumlar nə deyir, nə demir, bu heç bir əhəmiyyət daşımır.
- Siz xalqın içində olan adamsınız, sizcə xalq kimi prezident görmək istəyir?
- Xalqın rəyi məlumdur. Yeni Azərbaycan Partiyası ilə həmrəy olan xalqın 95-98 faiz səsi ilə İlham Əliyev cənabları yenə prezident olacaq.
- "Milyarderlər İttifaqı" ilə bağlı nə deyə bilərsiniz, sizin münasibətiniz bu ittifaqa?
- Bu ittifaq Rusiyada yaradılıb. Orada minlərlə belə təşkilat var. İnanmıram ki, bu cəmiyyətin Azərabayacana hər hansı bir təsiri olsun. Sadəcə bir az bunu şişirdən media oldu. Fikirimcə bu cür təşkilatlara fikir vermək lazım deyil. Qoy bu təşkilat Rusiyada yaşayan, çalışan çoxsaylı azərbaycanlının hüquqlarını qorusun, onların milli təşkilatı olsun, onları Rusiyada yüksək səviyyədə təmsil etsin. Rusiyada bir çox xalqların belə güclü təşkilatları var.