10 may 2023-cü il tarixində Rusiyanın Volqoqrad şəhərində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən salınmış Azərbaycan-Rusiya dostluğunun rəmzi olan “Volqoqrad-Bakı” dostluq parkında Sovet İttifaqının və Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, öncə tədbir iştirakçıları- Volqoqrad vilayətində yaşayan Azərbaycandan olan xalqların nümayəndələri, milli ictimai birliklərinin fəalları, Volqoqrad Administrasiyasının millətlər və kazakların işləri üzrə komitə sədri Davidovskiy Eduard Fransoviç, Volqoqrad şəhər administrasiyasının mədəniyyət üzrə komitə sədri Polyanin Dmitriy Borisoviç, Azərbaycanın Rusiyadakı səfirliyinin birinci katibi Fərhad Məmmədov, Bakı Şəhəri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov "Volqoqrad - Bakı" dostluq parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri və əklillər düzüblər.
Tədbirdə çıxış edən rəsmi nümayəndlər Ulu Öndərin həyatı və fəaliyyəti barədə öz xatirələrini danışıblar. Heydər Əliyevin SSRİ-nin dahi şəxsiyyətlərindən biri olduğunu qeyd edərək o dövrdəki fəaliyyəti barədə söz açıblar.
Daha sonra milli adət ənənəyə uyğun açılmış bayram süfrəsi arxasında tədbir davam etdirilib. Volqoqrad Administrasiyasının millətlər və kazakların işləri üzrə komitə sədri Davidovskiy Eduard Fransoviç Volqoqrad vilayətinin ictimai həyatında fəal iştirakı ilə seçilən,orada yaşayan azərbaycanlılara təşəkkürnamələr təqdim edib.
Tədbirdə Ülu Öndərə, Azərbaycana həsr olunmuş mahnılar səslənib və ölkəmizdə yaşayan xalqların rəqsləri nümayiş olunub.