“Xəstələrdən aldığım puldan Pərviz Abbasovun xəbəri olmayıb”

xestelerden-aldigim-puldan-perviz-abbasovun-xeberi-olmayib
Oxunma sayı: 18676

Bakı Ağır Cinayətlər Məhkəməsində “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və digərlərinin məhkəmə iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər ifadə verib.

Samir Mirzəyev ifadəsində bildirib ki, klinikanın direktoru Pərviz Abbasovun xəbəri olmadan xəstə yaxınlarından pul alıb: “Pərviz həkim mənim qardaşımın sinif yoldaşı olub. Onunla yaxın münasibətimiz vardı, özüm və atam koronavirusa yoluxanda həmin klinikaya yerləşdirildik və müalicə olunaraq sağaldıq.

Klinikadan ayrıldıqdan sonra bu fürsətdən istifadə edərək ora xəstə yerləşdirməyə başladım. Tanışım Əvəz mənə müraciət edəndən sonra Pərviz həkimdən yaxın bir adamın vəziyyətinin ağır olduğunu deyərək xahiş etdim. O da xəstənin klinikaya yerləşdirilməsinə icazə verdi. Mənim buna görə kimdənsə pul almağımdan Pərviz həkimin xəbəri olmayıb, sadəcə onunla münasibətlərimdən istifadə etmişəm. Sonra da başqaları üçün həkimə müraciət edirdim. Amma bir məsələni də qeyd etmək istəyirəm ki, hətta atam xəstəxanadan çıxandan sonra rayondan bir quzu kəsdirib gətirmişdim. Pərviz həkimə verdim, amma götürmədi”.

Samir Mirzəyev istintaqda təzyiqlə üzləşdiyi üçün Pərviz Abbasovun əleyhinə ifadə verdiyini deyib. O, Pərviz Abbasovdan xəstələrin klinikaya yerləşdirilməsi üçün heç bir göstəriş almadığını, ona pul vermədiyini bildirib.

S.Mirzəyev özünü qismən təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

Təqsirləndirilən, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov deyib ki, atası həmin klinikada koronavirus infeksiyasına görə müalicə alıb: “Buna görə heç bir ödəniş etmədik. Xəstəxanadan çıxarkən direktor Pərviz Abbasova təşəkkür etdim. Kənddə atamı həmin klinikaya yerləşdirdiyimi biləndən sonra ətrafımdakı insanlar klinikanın rəhbərliyi ilə yaxşı münasibətimin olduğunu düşünürdülər. Amma mən heç vaxt Pərviz Abbasova klinikaya xəstə yerləşdirilməsi üçün müraciət etməmişəm”.

Ə.Hüseynov ifadəsində təqsirləndirilənlərdən yalnız Samir Mirzəyevi tanıdığını deyib: “Klinikaya xəstələri Samir Mirzəyev vasitəsi ilə yerləşdirirdim. Xəstə yaxınlarından da pulu maddi marağım olduğu üçün də alırdım”.

Ə.Hüseynov ittihamda göstərildiyi qədər pul almadığını, xəstələrdən alınan pulu geri qaytarmağa hazır olduğunu deyib.

Xəstələrin yaxınlarından 2000-2500 manat tələb edildiyini etiraf edən Ə.Hüseynov həmin məbləğin 1000 manatının özünə çatdığını deyib: “Xəstələri mənə yönləndirən Vüsalə Əliyevanın xəstələrdən konkret olaraq nə qədər almasından xəbərim olmayıb”.

İttihama görə, həbs edilən şəxslər COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından pul alıblar.

Həbs edilən şəxslərdən Qalib Nəcəfov "Buta" klinikasında həkim radioloq vəzifəsində işləyib, Vüsalə Əliyeva “Avrasiya” klinikasında və "Viola" MMC-də menecer, Əvəz Hüseynov Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi işləyib, Samir Miriyev isə işsiz olub. Hazırda adıçəkilən şəxslərdən yalnız Vüsalə Əliyeva ev dustaqlığındadır.