Xətaidə Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib - Fotolar

xetaide-heyder-eliyevin-anim-gunu-ile-bagli-tedbir-kecirilib
Oxunma sayı: 2157

Dekabrın 11-də Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin  qurucusu, ümummilli lider  Heydər Əliyevin anım günü ilə bağlı “Nə qədər ki Azərbaycan var, mən də varam…” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən ilk olaraq göz önünə onun xilaskarlıq missiyasının gəldiyini deyib.

R.Quluyev qeyd edib ki, dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü bu missiyanı müəyyən mənada özündə ehtiva edir. Daim qeyd edilir ki, ulu öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olub. Onun hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soykökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi.

İcra başçısı deyib ki, ümummilli lider hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından ən qabaqcıl diyarına çevirdi. Dahi rəhbər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyini, bir dövlət olaraq varlığını itirmək təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı həmin dövrün xaosundan, anarxiyasından, iqtisadi böhranından, torpaqlarının işğalından xilas etdi. Bir sözlə, Azərbaycanı yenidən qurdu. Ümummilli liderin  ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər  xalqımızın böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı onu da xüsusi qeyd edib ki, ümummilli liderin dövlətimiz, xalqımız qarşısındakı mühüm xidmətlərindən biri 2003-cü ildə xalqa tarixi müraciətidir. Həmin müraciətdə ulu öndər namizədliyini Prezident İlham Əliyevin xeyrinə geri  götürdüyünü önə çəkərək belə bir inamı ifadə etmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları  İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıra biləcək. Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin bütün arzularını reallığa çevirdi. Bu gün hər birimiz sonsuz qürur hissi keçiririk ki, Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Şuşada və digər işğaldan azad  edilmiş ərazilərimizdə dalğalanır.

Çıxışlarda ümumi fikir bu olub ki, nə qədər ki Azərbaycan dövləti, xalqı var, Heydər Əliyev daim xatirələrdə yaşayacaq.

Sonda ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.