“Heydər Əliyev ili” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin sədri Arif Buzovnalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Hacıyev, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, təhsil müəssisələrinin rəhbərləri və rayon ziyalıları iştirak edib.
Xəzər Rayon İcra Hakimiyətinin başçısı Elşən Salahov bütün həyatını doğma xalqının, vətəninin inkişafına, intibahına həsr edən, bu yolda misilsiz tarixi uğurlar qazanan Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə həmişə layiqincə diqqət yetirdiyini və rəhbər uzaqgörənliyi ilə xüsusi qayğı göstərdiyini qeyd edib. Heydər Əliyev tərəfindən hələ sovet dövründə, imperiya qadağalarına baxmayaraq, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilçi alimlərinin yüksək dövlət mükafatlarına layiq görülərək daha böyük tədqiqat işlərinə ruhlandırılması Azərbaycan dilçiliyinin sürətli inkişafına təkan vermişdir. Müstəqillik illərinə toxunan E.Salahov latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ilində qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ümummilli Lider Heydər Əliyevin dövlət dili siyasətinin çox uğurla davam etdirildiyini vurğulayıb.
Sonra YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Hacıyev, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, şairə Gülarə Munisə, muğam ustası Aqil Məlikov tədbirdə çıxış edərək, bu günün əhəmiyyətindən danışıb, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzsiz rolunu vurğulayıblar. Ümummilli Liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətləri qeyd edən natiqlər Heydər Əliyevin Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsində xüsusi rolunun olduğunu qeyd ediblər.
Mövzu əsasında fikirlərini və şəxsi xatirələrini bölüşən natiqlər istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.