““Xızı-Abşeron” KES-in tikintisi bu istiqamətdə atılan növbəti addımdır”

xizi-abseron-kes-in-tikintisi-bu-istiqametde-atilan-novbeti-addimdir
Oxunma sayı: 1913

Son illərdə qlobal iqlim çağırışları, dünyanın aparıcı ölkələrinin yaşıl enerji və yaşıl iqtisadiyyat sahəsində iddialı öhdəlikləri və strategiyaları enerji sektoruna mühüm təsir göstərib və göstərəcək. Azərbaycanın yaşıl enerji siyasəti ilə bağlı aydın baxışı, məqsəd və vəzifələri var.

Bu gün ölkə “yaşıl” enerjiyə keçid istiqamətində nəhəng addım atıb. Belə ki, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.

Elektrik stansiyasının tikintisi təxminən 18 ay çəkəcək. Stansiya Xızı və Abşeron rayonlarında yerləşəcək. İstismara verilməsindən sonra stansiya ildə 1 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bu o deməkdir ki, 300 minə yaxın ev elektrik enerjisi ilə təmin olunacaq. Layihə 300 milyon dollar xarici investisiya cəlb edəcək. Bu obyektin istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu, atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini İbrahim Əhmədov Trend-ə bildirib ki, bərpa olunan enerji istehsalının artması, şübhəsiz ki, qazın və ola bilsin ki, elektrik enerjisinin ixracını artıracaq ki, bu da ölkə büdcəsinə əlavə gəlir gətirəcək.

“Qaz və elektrik enerjisinin ixracından əldə edilən əlavə gəlirlər bərpa olunan elektrik enerjisinin daha da inkişafına xidmət edə və beləliklə, onun inkişafının davamlılığını təmin edə bilər”, - deyə o bildirib.

İ.Əhmədov qeyd edib ki, son illər Azərbaycanda qaz hasilatı və ixracı səviyyəsinin sürətli artımı fonunda ölkə daxilində qaz istehlakının səviyyəsi də stabil olaraq artır.

“Təbii qaz dünyada ən mühüm elektrik enerjisi mənbələrindən biridir və ölkəmizdə onun istehsalının əsas mənbəyidir. Bundan əlavə, biz təbii qazdan digər ölkələrə nisbətən daha çox istifadə edirik, bilavasitə məişətdə və evlərin isidilməsində. Ölkədə təsərrüfatların 96 faizindən çoxunun qazlaşdırılması fonunda bu gün elektrik enerjisi istehsalında qazın mərhələli şəkildə daha dayanıqlı mənbələrlə əvəzlənməsi məqsədəuyğundur”, - deyə İ.Əhmədov qeyd edib.

Azərbaycan “təmiz” enerjiyə keçidlə bağlı çağırışları və məqsədləri dəstəkləyir. Ölkə təmiz enerji texnologiyalarını, hidrogen istehsalını və enerji kompleksində bərpa olunan enerjinin mövqeyini gücləndirmək səylərini dəstəkləyir. Bu sahələr Azərbaycanın sosial-iqtisadi inkişafının milli prioritetlərinin mühüm tərkib hissələridir. Paris Sazişi və bu yaxınlarda başa çatmış COP26 konfransı çərçivəsində Azərbaycan bu məqsədlərə sadiqliyini bir daha bəyan etdi. Ölkə 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq niyyətindədir. Şübhəsiz ki, “Xızı-Abşeron” külək elektrik stansiyasının tikintisi də bu istiqamətdə atılan növbəti addımdır.