Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri, şübhəsiz, tarixi uğurdur. Bu, Azərbaycan maraqlarının Mərkəzi Asiyada yayılması və möhkəmlənməsi baxımından daha bir addımdır.
Nəzərə almaq lazımdır (bu haqda əvvəl də yazmışıq) ki, Mərkəzi Asiyaya çox böyük güclər can atır, orada öz maraqlarını maddiləşdirir, gerçəkləşdirir, institutlaşdırır.
Təxminən 35 il əvvələ qədər bu bölgə Sovet İttifaqının bir hissəsi idi. SSRİ dağıldıqdan sonra ənənəvi olaraq Rusiyanın təsiri altında qalmışdı. Ancaq zaman keçdikcə – Mərkəzi Asiyanın müstəqil dövlətləri möhkəmləndikcə, öz siyasi suverenliyini də artırdı. O cümlədən, geostrateji müstəqilliyini.
İndiyədək Mərkəzi Asiyanın beş ölkəsindən üçü – Qazaxıstan, Qırğızıstan və Tacikistan Rusiyanın orbitində yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlüyündə qalır. Qazaxıstan və Qırğızıstan həm də Avrasiya İqtisadi İttifaqının üzvüdür. Özbəkistan isə bu təşkilatlardan heç birinin üzvlüyündə yoxdur.
Əvvəllər Azərbaycan və Özbəkistan KTMT üzvü olsalar da, sonralar bu strukturu tərk etdilər. Ancaq daha sonra Azərbaycan və Özbəkistan Ukrayna, Gürcüstan və Moldova ilə birlikdə ÖGUAM təşkilatını qurdular. Bir müddət sonra Özbəkistan bu təşkilatı da tərk etdi.
Əgər bu və bir sıra başqa faktlara diqqət etsək, görərik ki, Azərbaycanın və Özbəkistanın geosiyasətində həmişə oxşar cəhətlər olub. Hər biri öz bölgəsində lider mövqeyində möhkəmləniblər.
Əlbəttə, Qazaxıstan Mərkəzi Asiyanın ən böyük, Özbəkistan isə sürətlə böyüyən iqtisadiyyatlarıdır. Qazaxıstan əhalisinin etnik tərkibi, həm quruda, həm dənizdə Rusiya ilə ortaq sərhədi, həssas geosiyasi vəziyyəti və sair amillər üzündən Rusiya ilə daha ehtiyatlı davranmağa çalışır. Özbəkistan isə bu baxımdan bir qədər daha sərbəst siyasətə üstünlük verib.
Hazırda (xüsusilə, Ukraynada apardığı müharibə üzündən) Rusiya həm siyasi, həm iqtisadi, həm təhlükəsizlik siyasəti və sair baxımından Mərkəzi Asiyada xeyli zəifləyib və bölgədə artıq Çindən sonra ikinci yerə düşüb. Eyni zamanda bölgəyə Avropa İttifaqı, ABŞ, Türkiyə, Cənubi Koreya da daxil olub. Burada bölgə ilə sərhəddi olan İran, bölgəyə yaxın Hindistan, Pakistan kimi aktorlarla yanaşı, Fars körfəzi ölkələri də öz maraqlarını möhkəmləndirməyə çalışırlar.
Nəzərə alaq ki, bu aktorlar arasında da ziddiyyətlər, hətta açıq qarşıdurmalar var. ABŞ-Çin, ABŞ-Rusiya, Hindistan-Çin, Hindistan-Pakistan, Çin-Cənubi Koreya, Avropa İttifaqı-Rusiya, Hindistan-Türkiyə, İran-Körfəz ölkələri xətlərində maraq toqquşmaları hər kəsə məlumdur. Bu ziddiyyətli münasibətlər Mərkəzi Asiyaya da daşınıb. Buradakı bütün aktorlar öz aralarında rəqabətdədirlər. O cümlədən və xüsusilə, Özbəkistanda və Qazaxıstanda.
ABŞ dünyanın birinci, Çin ikinci iqtisadiyyatlarıdır. Avropa İttifaqının aparıcı dövlətləri və Hindistan, eləcə də, Cənubi Koreya, Türkiyə bu bölgəyə böyük investisiyalarla, üstün perspektiv vəd edən layihələrlə gəlir. Bu aktorların siyasi-diplomatik resursları ilə Azərbaycanın imkanları arasında böyük, kəskin disbalans var.
Ancaq belə bir mürəkkəb geosiyasi və geoiqtisadi rəqabət şəraitində Azərbaycan da Mərkəzi Asiyaya daxil olub. Nəinki daxil olub, hətta Mərkəzi Asiya bölgəsinin bir hissəsinə çevrilib – Azərbaycan prezidenti Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinin tamhüquqlu üzvlüyünə qəbul olunub. Bunda Mərkəzi Asiyanın mərkəzi ölkəsinin rəhbəri çox təsirli rol oynayıb. Üstəlik Azərbaycanın və Türküstanın liderləri bu bölgənin Cənubi Qafqazla vahid geosiyasi məkana çevrilməsinə nail olublar. Burada da əsas rol, təbii ki, Azərbaycan, Özbəkistan və Qazaxıstan liderlərinə məxsusdur. Ancaq ideya müəllifi, təşəbbüskar, müəyyən mənada əsas təşkilatçı rolunda yenə də Azərbaycan çıxış edib. Bu, Prezident İlham Əliyevin çox yüksək səviyyəli diplomatik üslubudur, üstün siyasi iradəsinin, güclü siyasi profilinin təsiri ilə qazanılmış nəticədir.
İlham Əliyev bu qədər mürəkkəb geosiyasi və geostrateji maraq kəsişmələri, toqquşmaları, çarpışmaları arasından öz ölkəsinin maraqlarını Mərkəzi Asiyaya, xüsusilə, bölgənin mərkəzi ölkəsinə daşıya bilib. Hətta ölkəsini belə strateji cəhətdən fövqəladə mühüm və zəngin bölgənin söz sahiblərindən birinə çevirib. Bölgə ölkələri ilə diplomatiyanın ən yüksək səviyyəsində – major pərdəsində ortaq geosiyasət aparır. Bölgə ölkələri ilə Özbəkistandan başlayan əbədi dostluğun əsasını qurub.
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərinə məhz bu prizmadan baxmaq və qiymət vermək lazımdır.
Bahəddin Həzi
Yazıçı-publisist, Əməkdar jurnalist