Ya sponsorlar Qurbanovu çarəsiz qoyur, ya da özü inad edir...

ya-sponsorlar-qurbanovu-caresiz-qoyur-ya-da-ozu-inad-edir
Oxunma sayı: 7879

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində “Frayburq”la matçda heç-heçə etməklə Azərbaycan futbolunda növbəti tarixi yaza bilmədi. “Qafqazinfo” xəbər verir ki, Ağdam klubu əksər zaman olduğu kimi vacib oyunda yenə büdrədi.

Tarixində 9-cu dəfə avrokubokların qrup mərhələsində çıxış edən “Qarabağ” yenə son turda qələbə qazana bilmədi - 3 heç-heçə, 6 məğlubiyyət.

Həmçinin oxuyun: Махир Эмрели поддержал "Карабах" - Фото

2014/15 mövsümü, Avropa Liqası

“Qarabağ” – “İnter” – 0:0

2015/16 mövsümü, Avropa Liqası

“Anderlext” – “Qarabağ” – 2:1

2016/17 mövsümü, Avropa Liqası

“Qarabağ” – “Fiorentina” – 1:2

2017/18 mövsümü, Çempionlar Liqası

“Roma” – “Qarabağ” – 1:0

2018/19 mövsümü, Avropa Liqası

“Arsenal” – “Qarabağ” – 1:0

2019/20 mövsümü, Avropa Liqası

“Qarabağ” – “Düdelanj” – 1:1

2020/21 mövsümü, Avropa Liqası

“Vilyarreal” – “Qarabağ” –  3:0

2021/22 mövsümü, Konfrans Liqası

“Bazel” – “Qarabağ” – 3:0

2022/23 mövsümü, Avropa Liqası

“Qarabağ” – “Frayburq” – 1:1

Düzdür, bu qarşılaşmaların bəzilərində hakimlərin yanlış qərarları da böyük rol oynayıb. Eləcə də ötən gecə VAR-ın şübhəli qərarları diqqət çəkmədi desək, doğru olmaz.

Amma gəlin komandanın keçdiyi yola nəzər salaq. “Frayburq”la ilk oyundakı məğlubiyyət gözlənilən idi. Almanların qrupun favoriti  və ən yaxşı formaya sahib komandası olduğu bəlli idi.

Daha sonra “Nant” və “Olimpiakos” üzərində qələbələr böyük qığılcım, hətta qrup liderliyi iddiası yaratmışdı. Əslində, inkişaf ssenarisi cızan “Qarabağ”ın evdə “Olimpiakos”u yenidən darmadağın edəcəyi, komandanın “Nant” səfərindən xalla qayıdacağı gözlənilirdi. Amma “Olimpiakos”la evdə sönük oyundan sonra səfərdə “Nant”a məğlubiyyət bizi ipdən asılı vəziyyətə gətirdi. Şahruddin Məhəmmədəliyevin həlledici oyunlardakı növbəti səhvi komandanı Konfrans Liqasına daşıdı. Bir məşqçi futbolçusunu müdafiə etməlidir, amma Qurban Qurbanov Məhəmmədəliyevi eyni zamanda cəzalandırmalı idi də. Milliləşdirilmiş çərçivə qoruyucusu böyük uğurlar üçün komandanı daşıyacaq səviyyədə qapıçı olmadığını göstərib. Amma maraqlıdır ki, heyətə yüksək səviyyəli qolkiper transferi olmur. Ya sponsorlar xəsislik edərək Qurbanovu çarəsiz qoyur, ya da həmişə öz qərarlarında yanlışlar çox olsa da, dəyişməyən məşqçi inandını davam etdirir.

Xəsislik demişkən “Qarabağ” yaxşı pul qarşılığında əsas forvardı İbrahima Vadjini satdı. Amma zaman olmasına baxmayaraq forvard almadı. Yəqin ki, azad agent olan futbolçu axtaran klub çətin durumda qaldı. Kvabena Ovusuya güvəndi, amma onun qeyri-sabit çıxışı ilə çox irəliyə getməyin mümkün olmadığı ortada idi.

“Qarabağ”ın təsnifat mərhələlərində mübarizədən kənarlaşdırdığı, meydandan silib-süpürdüyü komandalar isə vacib oyunlarda öz imkanlarını ortaya qoyub yollarına davam edir. Macarıstanda Azərbaycan təmsilçisi qarşısında aciz qalan “Ferençvaroş” Avropa Liqasında “Trabzonspor”, “Monako” kimi komandaların yer aldığı qrupda lider kimi növbəti mərhələyə adladı.

1:5 hesabı ilə Qurban Qurbanovun komandasının darmadağın etdiyi Polşa “Lex”i isə həlledici oyunda İspaniya nəhəngi “Vilyareal”ı darmadağın etdi. 3:0-lıq qələbə poznanlıları növbəti mərhələyə daşıdı.

Əlbəttə ki, Azərbaycandan “Qarabağ” kimi komandanın çıxması möcüzədir, ölkə futboluna hədiyyədir. Bu komandanın qurulmasında ən böyük pay sahibi olan Qurban Qurbanov isə inadkarlığ ilə, klub rəhbərliyinin maddiyat ayırmamasından gələn məcburiyyətdən sonra əlindəkilərlə qane olmaqla yazacağı tarixin qarşısını alır.

Bu mövsüm qrupa düşməklə sponsoruna böyük pullar qazandıran “Qarabağ”ın ehtiyat oyunçular skamyasının kasad olması, bir futbolçu zədələndikdən sonra çətin vəziyyətə düşməsi, hələ də bəzi mövqelərə lazım olan futbolçunun çatışmazlığı böyük uğurların yolunu kəsir. Əvvəllər, məşqçilərin “yaxşı futbolçular Azərbaycana gəlmir” bəhanəsi keçərli idi. Amma indi “Qarabağ”ın Avropada kifayət qədər tanınması fonunda bu cür açıqlamalar keçərli deyil.

Ümid edək ki, Konfrans Liqasının 1/16 final mərhələsinə qədər heyət güclənər və bu dəfə də vacib oyunda “Qarabağ” büdrəməz. Ya yaxşı at özünə qamçı vurdurmamalı, ya da pis at kimi qamçılanmaqdan zövq almalıdır...

Elsevər Məmmədov