Yardımınız təpəmizə dəysin...

yardiminiz-tepemize-deysin
Oxunma sayı: 7797

Bir neçə gün öncə ABŞ-də xarab bir saat 31 min dollara satıldı. Həmin saat 80 il əvvəl dayanmışdı. Səbəb Hiroşimaya atılan atom bombası. Əslində həmin anı daha bir sivilizasiyanın, nəhəng kişilərin qurduğu, dinozavr adamların yaşadığı ata-baba dünyamızın sonu hesab etmək olardı. Ondan sonrakı zaman isə tamam başqadır. Zaman Amerika vaxtı ilə ölçülməyə başladı... Amerika vaxtı da elədir ki, orada gündüz olanda dünya zülmətə çevrilir.

Çağdaş ədalət anlayışının böyük güclərin mikrofonunun ucundan asılı olduğu günlərdə xarab saat xəbəri çoxu üçün sadəcə bir məlumat oldu. Uzaqbaşı bu xəbəri eşidən insanlar amerikasayağı “vaauuvv” elədi, bitdi.

Əcəb işdi, öz əlinlə bombanı apar başqa bir ölkənin insandolu şəhərinə at, hamı üçün zamanı orada saxlat, üstündən bir əsr keçməmiş həmin ölkə üçün “dayanmış zamanı” gətir öz ölkəndə hərracda sat. Lənət olsun belə qafiyəyə!

Bostonda...

Həmin Boston ki, amerikalılar orada 250 il əvvəl xarici şirkətin sadəcə aksiz markasız biznesinə etiraz edərək 42 ton çayı balıqların başına atmışdılar. 

Adını da qoymuşdular “Boston çay qonaqlığı”. 

Qonaqlıq və Amerika sözləri bir-birinə o qədər ziddir ki... ABŞ-nin dünyaya verə biləcəyi “qonaqlıq” yalnız belə olur, bomba, yalan, protez ayaq və s.

Bir neçə gün əvvəl ABŞ Qəzzaya humanitar yardım etdi. Amerikan təyyarələri bomba atmağa o qədər öyrəşib ki, atdıqları humanitar yardım da adam öldürdü. Havadan paraşütlərlə atılan humanitar yardım yerə elə sürətlə endi ki, yardımın altında qalan 5 nəfər dünyasını dəyişdi. Yardımın altında qalıb ölmək...

Ötən gün 7 nominasiyada “Oskar” alan “Oppenheymer” filmi isə tamam ayrı yazının mövzusudur. Yenə də atom bombası, yenə də atan tərəf ABŞ, xaraba qalan Hiroşima, qazanan Hollivud...

“Oppenhaymer”ə qayıdarıq... 

Onsuz da son illər hansı filmə baxsanız, orada ABŞ-nin özünəxas izini görəcəksiniz.  

Möhsün Məhməlbalfın məşhur “Qəndəhar” filmində dünya kinosunun ən təsirli səhnələrdən biri yer alır: Amerika göydən paraşütlərdə protez ayaqlar atır, aşağıda da ayaqsız əfqanlar göya baxa-baxa qaçırlar. Səhnəni insanı dəhşətə gətirən bir ritm müşayiət edir. Qoltuqağacı ilə tullana-tullana həmin taktda düşən əfqanlar gözləri bərəlmiş, ağzıaçıq göyə baxaraq enməkdə olan protez ayaqlara yanındakılardan daha tez çatmağa çalışırlar. Göyə elə heyrətlə baxırlar ki, bəlkə də ayaqları qopmadan əvvəl bir dəfə də olsun sağlamlıqlarına görə səmaya həmin baxışlarla baxmamışdılar.

Onlar da Amerika minalarına düşən əfqanlardır. 

Amerika dünyaya üstdən aşağı baxmağa, üstdən aşağı atmağa və dünyanı üstdən-aşağı çəkməyə vərdişdir. Və o qədər güclüdür ki, Şərqin həqiqətlərini bütün obyektivlərlə yalanlaya bilir. Və Şərq ayaq tutur, yeriyə bilmir.

Sərdar Amin,

Xüsusi olaraq “Qafqazinfo” üçün