“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi təşəbbüsü ictimai nəqliyyatda qalan problemlərin maksimum qısa müddətdə həllinə, avtobus daşınmalarının keyfiyyətinin yüksəldilməsinə, hər yerdə rahat və təhlükəsiz olmasına yönəlib”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
O bildirib ki, paytaxtda sərnişindaşımanı hazırda 2300 avtobus istismar edən 27 daşıyıcı həyata keçirir: “Bu 27 daşıyıcıdan yalnız 5-i bütün avtobus parkının 58 faizinə sahibdir və onların istismar etdiyi nəqliyyat vasitələrinin orta yaşı 7 il təşkil edir. Digər daşıyıcıların istismar etdiyi avtobusların orta yaşı 12 ildir”.
Nazir müavininin sözlərinə görə, ölkənin müntəzəm sərnişin daşımaları sərnişinlərdən gedişhaqqının yığılması kimi sadə biznes modelinə əsaslanır: “Bu model üzrə daşıyıcıların məqsədi minimal resurslar sayəsində daha çox sərnişin daşımaqdır ki, bu da tez-tez hərəkət cədvəlinə uyğunluq və avtobusların tutumundan istifadə ilə bağlı bir sıra haqlı narazılıqlara səbəb olan problemlər yaradır. Bu, daşımanın keyfiyyətini və etibarlılığını əhəmiyyətli dərəcədə azaldır. Sərnişinlərdən alınan gedişhaqqının tənzimlənən tarif olduğunu nəzərə alsaq, bu biznes modelinin sadəcə olaraq rentabelsiz olduğu aydın olur.
Əsas problemlərdən biri ondan ibarətdir ki, müntəzəm sərnişindaşıma keyfiyyətinin aşağı düşməsi ictimai nəqliyyat xidmətlərinə inamsızlıq yaradır, sərnişinləri avtobuslardan istifadə etməkdən çəkindirir, onları şəxsi nəqliyyata və taksilərə keçməyə məcbur edir. Nəticədə şəxsi avtomobillərin sayında artım və şəhər küçələrində tıxacların yaranması müşahidə olunur.
Fərmanda göstərilən “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu Azərbaycanın dövlət büdcəsi daxilində müəyyən edilmiş meyarlara cavab verən avtobuslarla müntəzəm sərnişindaşıma xidmətləri göstərən daşıyıcıların xərclərinin ödənilməsi üçün formalaşdırılır. Yeni avtomobil nəqliyyatı xidməti bu daşımaların keyfiyyət səviyyəsini yüksəltmək, onların əlçatanlığını artırmaq və onlara tələbatı artırmaq məqsədi daşıyır”.
Son xəbərlər
Son Xəbərlər