“Yeni ildə işləyirdim, ilin ilk uşağı mənim növbəmdə doğuldu”

yeni-ilde-isleyirdim-ilin-ilk-usagi-menim-novbemde-doguldu
Oxunma sayı: 3389

TƏBİB dünyanı gəzib, vətəndən yaxşısını görməyənlərin hekayəsindən bəhs edən “Vətən yaxşı!” layihəsini təqdim edir. Layihədə iştirak edən şəxslər xaricdə təhsil almaqla yanaşı, həm də bu ölkələrdə işləmiş, yaşamış və kifayət qədər imkanlara rəğmən, yenə də vətəni seçən təbiblərdir. 

“Qafqazinfo” xəbər verir ki, “Vətən yaxşı!” layihəsinin ilk qəhrəmanı adı ərəb, özü azərbaycanlı olan Ahdab Ali Azimdir.

Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) yaşayan və bu ölkənin “Medical & Health Sciences University”də dosent və həmin unversitetinin klinikasında mama-ginekoloq kimi çalışan, ABŞ, Niderland, İtaliya, İspaniya, Fransa və Türkiyə kimi ölkələrdə elmi çıxışlar edən həkim Ahdabın vətənə qayıdış hekayəsi belə başlayır:

“Mən tibb üzrə fəlsəfə doktoru, mama-ginekoloq Ahdab Ali Azim hazırda Yeni Klinikada fəaliyyət göstərirəm. Ahdab adı ərəb adıdır. Tərcüməsi kiprik deməkdir. Mənim atam ərəb olduğuna görə mənə ərəb adı qoyub. Atam dəri-zöhrəvi xəstəliklər üzrə professordur. Lakin 25 il Azərbaycanda yaşayıb, çalışıb. Burada Azərbaycan xalqına xidmət edib və bura onun ikinci vətəni sayılır. Hətta deyə bilərəm ki, bizim yeməklərimizi, iqlimi Səudiyyə Ərəbistandan üstün tutur. Məndən çox gəzib Azərbaycanı. Mən olmadığım regionları, rayonları atam gəzib-görüb.

Hazırda valideynlərim Azərbaycanda yaşamır. Mən özüm həkim ailəsində böyümüşəm. Bacım da tibb üzrə fəlsəfə doktoru Sabrin Ali Azim artıq 9 ildir ki, BƏƏ-də çalışır. Biz ikimiz də Azərbaycanda oxumuşuq. Çox sevinirik ki, xaricdə Azərbaycan adını layiqincə təmsil edə bilirik.

Mən Azərbaycanda anadan olmuşam, lakin sonradan atamın işi ilə əlaqədar Səudiyyə Ərəbistana köçdük və orta məktəbi də orada bitirdim. 15 yaşımda Azərbaycana geri döndük və Azərbaycan Tibb Universitetinə daxil oldum. Sonra dərhal atam kimi elmi istiqaməti seçdim. Həyatımı soruşsanız, mən daimi bir yerdə yaşamamışam. İşlə bağlı həmişə Səudiyyə Ərəbistanına, Avropaya köçürdük. Hətta məndən soruşanda ki, "özünü harada evdəki kimi hiss edirsən?", deyirəm ki, hər yerdə. Təbii ki, vətənim Azərbaycandır. Hər zaman bura qayıtmağı düşünürdüm. 

Beynəlxalq ailədə böyüməyin avantajları var. Bu səbəbdən də mən 6 dildə danışıram. Ərəb, ingilis, fransız, türk, rus və Azərbaycan dillərində sərbəst danışıram. Tələbəlik illərimdə ispan dilini də öyrənirdim, lakin çatdıra bilmədiyimə görə yarımçıq saxladım.Doğrudur, bu dillərin bəziləri (ingilis, ərəb, Azərbaycan dilləri) mənim ana dilim sayılır. Məktəbi ingilis dilində oxumuşam. Belə deyim ki, yaşıdlarım həyətdə oyunlar oynayanda bizim evimizə müəllimlər gəlib-gedirdi və mən hər zaman valideynlərimə bunun üçün əsəbləşirdim. Amma indi o dilləri öyrənməyin faydasını çox görürəm.

Yəqin ki, atama görədir, amma mən uşaq vaxtımdan həkim olmaq istəyirdim. Hansı ixtisası deyə bilmərəm, lakin hər zaman həkim olmağı arzulayırdım. Həkimlik mənim uşaqlıq arzumdur və mən bu sahədə özümü çox xoşbəxt hiss edirəm. İnsanları müalicə etmək, onlara yardım etmək məni həqiqətən çox xoşbəxt edir.

Ginekologiya elə bir sahədir ki, çox zaman özümə vaxt ayıra bilmirəm. Məsələn, mən bu Yeni il gecəsi işdə növbətçi idim. Bacım xaricdən gəlmişdi ki, mənimlə birgə Yeni ili qeyd etsin, mən isə axşam saat 9-dan etibarən növbədə idim. Amma o gün də çox maraqlı keçmişdi. 2024-cü ilin ilk uşağı da mənim növbəmdə dünyaya gəldi. Həmin axşam 11:55-dən başlayaraq səhər saat 07:20-dək uşaqları dünyaya gətirməklə məşğul idim.

Elə ailələr var ki, artıq onların ailə həkimi kimi olmuşam. Birini əməliyyat etmişəm, sonradan qohumlarını müayinə edib, əməliyyat etmişəm. Hətta bir ailədən 5-6 nəfər xəstəm olub. Bəzən paylaşım edirəm ki, xəstələnmişəm, özümü narahat hiss edirəm, görürəm ki, səhər mənə ev yeməkləri gətirirlər. Deyirlər doktor, özünüzə baxmırsınız. Hətta bir dəfə mənə şorba bişirib gətirmişdilər. Məni getmədiyim rayonlara dəvət edirlər, amma işlə bağlı çatdırıb getmək şansım olmur.

İxtisasımı bitirdikdən və diplom aldıqdan sonra ümumi olaraq 9 ildir ki, bu sahədə çalışıram. Həkimlik elə bir sahədir ki, bir yerdə dayanmaq olmaz. Hər zaman öz üzərində çalışmaq lazımdır. Bizim vizyonumuz da odur ki, daimi inkişaf etməli, üzərimizdə işləməliyik. Buna görə də, həm səyahət edirəm, həm də oxuyuram.

Maraqlı xəstələrimiz çox olur. Xüsusilə də, Yeni Klinikada çox gözəl xəstə kontingenti var. Çünki qohumlarımdan daha çox xəstələrlə əlaqə saxlayırıq. Ən əsas maraqlı hadisələr mənim adımla bağlı olur. Gəlib məni soruşanda və qeydiyyatdan deyiləndə ki, sizə Ahdab doktor baxacaq, onda etiraz edirdilər ki, niyə başqasına qadın həkim, bizə kişi həkim verirsiniz. Amma otaqda məni görəndən sonra bilirlər ki, elə deyilmiş. Artıq tanınıram və bilirlər ki, Ahdab həkim qadın həkimdir, kişi yox. İstərdim ki, övladlarımdan heç olmasa, biri mənim yolumu davam etdirsin. Mən hər zaman demişəm ki, həkimlik və müəllimlik çox vacib sahələrdir.

TƏBİB-in vizyonu da odur ki, xaricdə çalışan, oxuyan həkimləri ölkəmizə cəlb etsin. Düşünürəm ki, biz çox doğru yoldayıq. Çünki bizim gənclər xaricdə olan zaman öz üzərində çox çalışırlar. Yeni Klinika ilə bağlı deyə bilərəm ki, səfərlərin birindən qayıdırdım. Səhv etmirəmsə, COVID-19 pandemiyası vaxtı idi. Heydər Əliyev prospektindən keçəndə sürücüdən soruşdum ki, bura nə binasıdır? Dedilər ki, bura xəstəxanadır. Mən o an düşündüm və ürəyimdən keçdi ki, mən mütləq burada çalışmalıyam. Hətta özümü xəstəxananın dəhlizində həkim xalatında da təsəvvür etmişdim. Tale elə gətirdi ki, məhz burada fəaliyyətə başladım.

TƏBİB yaranandan sonra səhiyyəmizdə çox fərq var. Bunu aydın görmək olur. Ötən ilin oktyabr-noyabr aylarında tədbirlə bağlı Almaniyada olmuşdum. Gördüm ki, artıq biz onlarla eyni səviyyədə və hətta bir qədər Almaniya səhiyyəsindən də üstünük. Çox inkişaf etmişik. Bu cür şəraitdə işləmək, vətəndaşlara xidmət etmək ginekoloq üçün zövqdür. Ən son avadanlıqlarla müayinə etmək, əməliyyat aparmaq xoşbəxtlikdir. TƏBİB-in gənclərə yaratdığı şəraitə görə, biz çox irəli gedəcəyik. Həqiqətən, bizim üçün qürurvericidir ki, səhiyyə sahəmiz bu qədər inkişaf edib və buna görə, TƏBİB-ə çox təşəkkür edirəm. Fəxr ediləsi məqamdır ki, Azərbaycan tibb üzrə lider ölkələrdən biridir”.