“Zəhər tuluğu”nun inzibatçısı qrim ustasının ərini bıçaqlayıb - Təfərrüat

zeher-tulugunun-inzibatcisi-qrim-ustasinin-erini-bicaqlayib
Oxunma sayı: 5611

"Zəhər tuluğu" filminin çəkilişləri ərəfəsində filmin inzibatçısı qrim ustası olan qadının ərini bıçaqlayıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən il oktyabrın 18-də baş verib.

Xəbəri rus dilində oxuyun: Список имущества Вугара Махмудова - Любителя классических автомобилей

Filmin inzibatçısı, 1981-ci il təvəllüdlü Murad Əbilov (bütün adlar şərtidir) çəkiliş qrupunda inzibatçı kimi çalışıb, həmçinin öz avtomobili ilə bir sıra işçiləri çəkilişlərdən sonra evlərinə aparmaqla məşğul olub. Murad film çəkilişləri vaxtı orada qrim ustası kimi çalışan Ruxsarə Bağırova və anası Sevda Cabbarova ilə tanış olub. Həmçinin həmin əməkdaşları müxtəlif vaxtlarda gecə saatlarında evlərinə aparıb düşürüb. Sonuncu dəfə ötən ilin 18 oktyabrında gecə 23:30 radələrində o, Ruxsarə ilə anasını Yasamalda yaşadıqları evə apararkən küçədə Ruxsarənin əri Fuad Bağırovla qarşılaşıb. Fuad ona həyat yoldaşını və qayınanasını maşınında gətirməsinə görə irad bildirərək söyüş söyüb və yumruqla vurub. Fuadın idmançı olmasını görən Murad avtomobilə yaxınlaşaraq orada saxladığı bıçağı götürüb və geri qayıdaraq onun döş qəfəsi nahiyəsinə xəsarət yetirib. Ağır yaralanan Fuad Bağırov xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

O da məlum olub ki, birgə nikahdan 2 övladları olan Ruxsarə ilə Fuad boşanma ərəfəsində olub. Belə ki, Ruxsarə Bağırova bir müddət əvvəl boşanmaqla bağlı məhkəməyə müraciət edibmiş. Buna səbəb isə ərinin ona qarşı şiddət göstərməsi, bir neçə dəfə iş yerinə - çəkiliş meydançasına gələrək dava salması və onu döyməsi olub.

Bakı Ağır Cinayətlər Məhkəməsi F.Bağırovu Yasamal rayonu Şərifzadə küçəsindəki binanın qarşısında bıçaqlayan M.Əbilova 4 il 6 ay müddətinə həbs cəzası verib.

Nizam Rza