Zibili yerə atanlar üçün cəza

zibili-yere-atanlar-ucun-ceza
Oxunma sayı: 657

İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə görə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunacaq.

Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 1000 manat cərimə olunacaqlar.

Dəyişikliklərə əsasən, zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılması və ya basdırılması qadağandır. Həmçinin, şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır.

Dəyişikliklərlə, həmçinin piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə cərimə tətbiq edilib. Dəyişikliyə əsasən, bu cür qanun pozuntusuna görə 20 manat cərimə tətbiq olunacaq (hazırda bu məbləğ 10 manatdır).