Gürcüstanda artıq bir neçə gündür ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirə edilməsinə etiraz olaraq aksiya davam etdirilir. Bu gün də Gürcüstan parlamentinə giriş məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
“Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, sözügedən qanun layihəsi ölkənin rəsmi şəxsləri arasında da fikir ayrılığına səbəb olub.
Belə ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə çıxışı zamanı ölkə Prezidenti Salome Zurabişvilini sözügedən qanun layihəsini tənqid etdiyinə görə “xarici agent” adlandırıb.
“Salome Zurabişvili özü xarici təsir agentidir. Müvafiq olaraq, o sadəcə xarici qüvvənin səsi ola bilər və biz dəfələrlə bu barədə danışmışıq”, - deyə baş nazir qeyd edib.
Xatırladaq ki, Gürcüstan parlamenti aprelin 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Sözügedən qanun xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin xüsusi reyestrdə qeydiyyata alınmasını və illik bəyannamələrin doldurulmasını nəzərdə tutur. Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili isə ölkədə etirazlara səbəb olan bu qanuna veto qoyacağını açıqlayıb.