Xəyanətin nə olduğunu ilk dəfə lap çoxdan Tolstoyun “Anna Karenina” romanını oxuyanda dərk etmişdim”. Sonralar eşitdiyim həyat hekayətlərindən anladım ki, xəyanət hansı faciələrə gətirib çıxarır...
...Sevərək evləniblər. Qəhrəmanımız deyir ki, mobil telefonlar həyatımıza daxil olan zamanlardan onun qurduğu həyatın bünövrəsi laxlamağa başlayır: “Mən elə bilirdim ki, o, mənsiz yaşaya bilməz. 92-ci ildə evləndik. Dəli kimi sevirdik bir-birimizi. Heç kəs bizi ayıra bilmədi. Ailəmiz narazı idi. Vəziyyətin dramatik hal aldığını görüb ona qoşulub qaçdım. Heç yerdə işləmirdi. Sabirabada-bir dostuna pənah apardıq. Toyumuz da olmadı. Kimsəsi yox idi. Orda bazarda meyvə-tərəvəz satır, dolanırdıq. Çox xoşbəxt idik. 94-cü ildə Bakıya gəldik. Onu məcbur etdim, ingilis dili kursuna getdi. Ən böyük arzum Dillər Universitetinə qəbul olmaq idi. Amma orta məktəbi bitirən kimi həyatıma daxil olan Mahir, bu arzumu ürəyimdə qoydu. Sən demə, bütün arzulardan, istəklərdən ən yüksək pillədə duran bir şey də varmış-sevgi! Sevdim. Həm də dəlilər kimi... 8-ci kilometr bazarında meyvə-tərəvəz satır və ingilis dili kursuna gedirdi. 8 ay müddətində ingilis dilini öyrəndi. Əynimizdən, boğazımızdan kəsdik ki, kursun aylq pulunu ödəyə bilək. İnanın ki, aylarla ət üzünə həsrət qalırdıq. Həmin vaxt hamilə idim. O doqquz ayda ürəyim istəyən heç nəyi alıb yeyə bilmədim. Amma bunu ona hiss etdirmədim. Yadımdadı ki, Qurban bayramında gözüm yolda qaldı ki, bəlkə qonşulardan kimsə, ya kirayədə qaldığımız evin xozeyini kəsdikləri qurbandan bizə bir-ikə tikə verə, amma heç kim heç nə vermədi. Novruz bayramında bizim evdə quru çörəkdən başqa heç nə olmadı. Qızımız dünyaya gəldi. Az qaldıq torba salıb dilənək. Həkimlərə yalvar-yaxar elədim, uşaq sağ-salamat dünyaya gəldi. O qədər ac qaldım ki, doğuşdan sonra özümə gələ bilmirdim. Uşaq çox zəif idi. Mahir kursda bir oğlanla dostlaşdı. Sonra o dostu Mahiri özəl bir şirkətə menecer düzəltdi. İlk əvvəllər çox yaxşı idi. Artıq bizim də evə bazarlıq olunurdu. Yemək bişirməyi elə unutmuşdum ki, sanki yenidən öyrənirdim. Təsəvvür edin, kotletə düyü vururdum, dolmaya vurmurdum. Təxminən 3-4 ay bu xoşbəxtliyi yaşadım. Mobil telefonlar təzə yayılmağa başlayanda o da birini aldı. Mən o telefonun dilini bilmədiyim üçün onunla mesaj yazmaq kimi bir şeyin mümkünlüyünü ağlıma belə gətirə bilməzdim. Görürdüm ki, gecələr çıxıb çöldə kiminləsə çoxlu danışır, amma ağlıma heç nə gətirə bilmirdim. Sonra evə gec-gec gəlməyə başladı. Və sonra da uşağa və mənə baxmadı. Nə yeyib-içdiyimizlə maraqlanmır, yerli-yersiz bəhanələr tapıb məni döyürdü. Qadın kimi əhəmiyyətimi itirmişdim. Həyatımda boşluq vardı. Bütün gün ağlayırdım. Aclıqdan heydən düşürdüm. Bir gün xozeyinə vəziyyəti danışdım. Çünki Mahir kirayə haqqını da zülmlə ödəyirdi. Evin sahibəsi məni bir türk ailəsi ilə tanış etdi. Orda evi yır-yığış işlərinə başladım. Uşağı baxçaya qoydum. Mahir bunu eşidib məni möhkəm döydü. Uşağı baxçadan çıxatrdırdı. Dəhşətli günlərimiz başladı. Aclıq-səfalət ana-bala qanımıza işləyirdi. Bir gün xozeyin mənə evi tərk etməyi tapşırdı. “Ehtiyacım var”,-dedi... Məcbur oldum, uşağı da götürüb avtovağzala gəldim. Sürücüdən pulumuz olmadığı üçün bizi rayona pulsuz aparmasını xahiş etdim. Gəldim rayona-atamgilə. Darvazadan içəri girəndə həyəcandan ürəyim getdi. Atamgil məni qəbul etmədi. Əmimgilə pənah gətirdim. Məni və qızımı qəbul elədilər. Elə orda eşitdim ki, Mahir bir imkanlı qadınla evlənib. Əmimgilin bir tanışı vardı. Arvadı ölmüşdü. Bir qızı vardı. 4 ay onlarda qaldıqdan sonra əmimin yoldaşı bizi başından etmək üçün məni həmin adamla tanış etdi və məcburiyyət qarşısında qalıb onunla evləndim. Yenə xoşbəxtlyi bir udum dada bildim. Bu adam restoranda aşpaz işləyirdi. Qızına öz doğma balam kimi baxırdım. Bir-birimizə isnişmişdik. Amma o, mənim qızımı qəbul edə bilmirdi. Halbuki əvvəlcədən qəbul edəcəyini demişdi. Günümü göy əskiyə bükməyə başlamışdı. Qızıma “yetimçə” deyirdi. Ürəyim dözmürdü. Bir gün evə başqa bir qadın gətirdi. Mənim yanımda qadına nəvaziş göstərməyə başladı, saçlarını öpür, komplimentlər deyirdi. Əlacım olmadığı üçün səbrli olmalıydım. Belə də etdim. Heç nə demədim ona. Yenə əvvəlki kimi qayğısına qaldım, qulluğunda durdum. Xeyri olmadı. Qarlı-şaxtalı bir qız gecəsi yenə həmin qadınla gəldi və qızımla məni bayıra atdı. İndi uşaq baxçasının həyətində qalırıq. Qızım orta məktəbdə oxuyur, özüm də elə baxçada xadiməlik edirəm. Kişilərə nifrət edirəm. Heç cür ağlıma gətirə bilmirəm ki, qadınına xəyanət etməyən kişi ola bilsin...”
***
İnsanlar bir-birinə hansı səbəbdən xəyanət edir?
İngiltərədə bir-birinə xəyanət edən cütlüklərin statistikası açıqlanıb. Məlum olub ki, İngiltərə vətəndaşlarının 100-də 21-i həyat yoldaşına xəyanət edir. Bu göstəricinin vətəndaş nikahında olan cütlüklərdə yüzdə 51 olduğu məlum olub. Aparılan araşdırmanın nəticələrinə görə, kişilərin 44 faizi qadınların gözəlliyinə və cazibəsinə heyran olduqları üçün, qadınların 50 faizi isə həqiqətən aşiq olduqları üçün xəyanət edir. Psixoloqlar xəyanətin əsas səbəbini sevgi hissinin olmamasında, yaxud itməsində görürlər. Qadınların baxımsızlığı kişilərin diqqətini başqa qadınlara yönəldir. Qadın nə qədər sədaqətli olsa da kişini daim öz cazibəsində saxlamağı bacarmalıdır. Kişilər füsunkar qadınların cazibəsinə dayana bilmir. Ən başlıcası isə sevgi hissini qorumalıdırlar.
“Xəyanət bu gün sosial xarakter alıb. Adətən kişilər daha çox xəyanətə meylli olduqlarından qadınlara bir az səbrli olmağı tövsiyə edirəm. Xəyanət ucbatından ailəni dağıtmaq olmaz. Bunun səbəbini araşdırmaq və qarşı tərəfin istəyinə uyğun olmağa çalışmaq lazımdır. Xəyanətə səbəb olan faktorlardan biri də intim uyğunsuzluqdur. Yataq sərhəd tanımır - bu günün insanı bu cür düşünür. Burda da həssa olmaq, qarşı tərəfin istəyini nəzərə almaq lazımdır. Nədən xoşlanır, hansı qadın, qadındırsa kişi tipindən zövq alır-bunları öyrənmək lazımdır. Şərq ölkələrində kişi xəyanəti daha geniş vüsət aldığından qadınlar maksimum diqqətli, təmkinli və ağıllı olmalıdırlar...” - psixoloq Naibə Qurbanova deyir...
***
“Oskar Uayldın sözləridir: “Sevginin faciəsini yalnız xəyanət edənlər dərk edir” Gəlin, sevgidə faciə yox, xoşbəxtlik axtaraq...
P.S. Şəxsi həyatınızda baş verən naraqlı hadisələrin işıqlandırılmasını istəyirsizsə bizə bu ünvana yaza bilərsiz:
[email protected]