Britaniyalı müəllimlər BANM-də imtahan keçirirlər

britaniyali-muellimler-banm-de-imtahan-kecirirler
Oxunma sayı: 851

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi və Kimya mühəndisliyi ixtisasları üzrə təhsil alan II-V kurs tələbələrinin qış semestri üzrə növbəti yazılı imtahanlarını Ali Məktəbin tərəfdaşı olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin (HVU) professor-müəllim heyəti keçiriblər. 

Qafqazinfo” xəbər verir ki, imtahanlar Böyük Britaniya ilə vaxt fərqini nəzərə almaqla HVU-dakı imtahanlarla paralel olaraq keçirilir ki, bu da hər iki ali təhsil müəssisəsinin tələbələri arasında   imtahan suallarının cavablarını bir-birinə ötürmək imkanını istisna edir. 

BANM-də səfərdə olan HVU-nun nümayəndə heyətinin tərkibinə Texniki və Təbiət Elmləri İnstitutunun beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Kevin Makkalax, İnstitutun professoru Grem Vayt, o cümlədən mühəndislik proqramları üzrə direktor müavini Aleksandr Bell, Neft-qaz İnstitutunun baş müəllimi Cillian Pikap, Tələbələrə dəstək şöbəsinin tədris və təlim üzrə meneceri Patrisiya Dunkan və bu şöbənin əməkdaşı İren Foks daxil idilər.

İmtahanları uğurla vermiş BANM-in tələbələri Ali Məktəblə HVU arasında mövcud olan müqavilə çərçivəsində ikili diplom ala biləcəklər. Sözügedən müqavilə çərçivəsində HVU-nun müəllimləri BANM-də imtahanların təşkili və keçirilməsinə nəzarət etmək məqsədi ilə müntəzəm olaraq Bakıya səfər edir, tələbələrin yazılı cavabları qiymətləndirilmək üçün Böyük Britaniyaya - HVU-ya göndərilir. İmtahan prosesinin bu şəkildə təşkili işlərin qiymətləndirilməsinin nəticələrinin şəffaflığına və obyektivliyinə təminat verir.

Qeyd edək ki, BANM Azərbaycanda tələbələrin biliklərinin xarici universitetin ekspertləri tərəfindən qiymətləndirildiyi yeganə ali təhsil müəssisəsidir.