Azərbaycanda qadın deputatlar və seçicilər...

azerbaycanda-qadin-deputatlar-ve-seciciler
Oxunma sayı: 8023

“Seçicilərimlə görüşlərin birində balaca bir qız mənə yaxınlaşaraq israrla təkbətək görüşmək istədiyini bildirdi. Danışdığımız zaman mənə dedi ki, əlaçıdır və təhsil almaq, gələcəkdə mənim kimi siyasətdə olmaq istəyir. Ancaq atası onun oxumasına elə də yaxşı baxmır və məndən onunla danışmağımı xahiş etdi. Valideynlərini razı saldım, indi həmin qız universitet tələbəsidir. İnanıram ki, o bu əzmi ilə mənim kimi, bəlkə də məndən də yaxşı siyasətçi olacaq”- Millət vəkili Qənirə Paşayeva


İrqindən, dinindən, milliyyətindən və yaşadığı ölkəsindən asılı olmayaraq qadınların ictimai aktivliyə gedən yolda qarşılaşdığı problemlər, demək olar ki, eynidir. Bu çətinlikləri yarıb keçənlər çox deyil, ancaq az olduğunu da deyə bilmərik. Gördüyü işlərlə adını tarixə yazdıran hər bir qadın özündən sonra böyük bir məktəb qoyub gedib. Ona görə də, qadınların siyasi aktivliyi və ya cəmiyyətdə roluna nəzər salan zaman, əvvəlcə həyatını qadınların oxuması, cəmiyyətə daha faydalı olması üçün sərf edənləri xatırlamaq yerinə düşər.

Ölkəmizdə qadınların siyasi fəaliyyətində ilk pöhrələr

Bugünkü Azərbaycan qadınının ictimai-siyasi proseslərdə aktivliyinə böyük təsiri olan qadınlardan biri Ceyran Bayramovadır. Şərqdə ilk dəfə olaraq qadınlar klubu yaradan Ceyran Bayramovanın gördüyü işlər böyük gələcəyə hesablanmış olsa da, onun tərcümeyi-halı qısa və lakonikdir. Repressiya illərində “Vətən xaini”nin həyat yoldaşı kimi 8 il həbs verilən Ceyran Bayramova bəraət aldıqdan sonra yenidən ictimai-siyasi həyata qatılıb və 2 dəfə “Lenin” ordeni, 2 dəfə də “Oktyabr İnqilabı” ordeni ilə təltif edilib. Qadınları siyasi proseslərdə yaxından iştirak etməyə çağıran həmyerlimizin qurduğu klubun fəaliyyəti ilə tanış olan Klara Setkin klub haqqında qeydlərində belə yazıb: “Yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq müsəlman qadınlarında insan hüquqlarını əldə etmək səyi oyanır”.

Azərbaycanda prezidentliyə namizəd ilk qadın

Ümumiyyətlə, XIX-XX əsrlər dünyada qadın hüquqları uğrunda mübarizə ilə yadda qalıb. Qadınlar intellekt və bacarıq baxımından kişilərdən geri qalmadıqlarını sübuta yetirməyə çalışırdılar. XXI əsrin fövqündə bu iddianın doğru olduğu təsdiqlənib. Günümüzdə kişilərlə hüquqlarını bərabərləşdirən qadınlar baş nazir, prezident postuna seçilərək ölkələrin birinci şəxsinə çevrilirlər. Ölkəmizin siyasi təcrübəsində hələki qadın prezident olmasa da, prezidentliyə namizədliyini irəli sürən ilk və hələki son qadın Lalə Şövkət olub. İctimai-siyasi xadim lideri olduğu Azərbaycan Liberal Partiyasının sədrliyindən istefa verdikdən sonra 7 iyun 2003-cü ildə prezident seçkilərinə müstəqil namizəd kimi qatılıb. Həmçinin, 1993-cü ildə Heydər Əliyevin dəvəti ilə Azərbaycana qayıdan xanım siyasətçi ölkənin 5-ci Dövlət katibi olan ilk qadındır. Bundan başqa, Tahirə Tahirova Xarici işlər naziri, Kübra Ferecova Səhiyyə naziri, Svetlana Qasımova Ticarət naziri olan ilk qadın kimi Azərbaycan tarixinə öz adlarını yazdıra bilib.

Dünya təcrübəsində qadın siyasi liderlər

Siyasətdə olan qadınların bir çoxu şəxsi həyat və karyera arasında seçim etmək məcburiyyətində qalır. Hazırda Almaniya, Cənubi Koreya, Argentina, Danimarka, Braziliya, Litva kimi ölkələr qadınlar tərəfindən idarə olunur və ölkə liderləri çıxışlarında bu kürsünün onlara heç də asan başa gəlmədiyini bildirib. 2013-cü ildən Cənubi Koreyada prezident səlahiyyətlərini yerinə yetirən Pak Kın Xe də bu çətin seçim qarşısında qalıb və karyerasını daha üstün tutub. Braziliyanın prezidenti Dilma Vana Rusef 2009-cu ildə döş xərçəngindən əziyyət çəksə də, əzmini itirməyən qadın siyasətçi 2 il sonra ölkənin prezidenti seçilməyi bacarıb. Almaniyanın kansleri Angele Merkel “Forbes” jurnalının tərtib etdiyi dünyanın ən güclü insanları siyahısında 2-ci yerdə qərarlaşıb.

“Barem Research” şirkətinin qadınlar və siyasət mövzusundakı sorğusunun nəticələri:

“Barem Research” qadınlar və siyasət mövzusunda Azərbaycan daxil olmaqla 65 ölkədə sorğu keçirib və sorğuda iştirak edənlərin 1/3 hissəsi qadın siyasətçilərin idarə etdiyi dünyanın yaşamaq üçün daha yaxşı bir yer olacağını iddia edib. Sorğunun nəticələrinə görə, anketləri dolduranlardan 34%-i qadınların siyasətdə uğurlu olacağını, 17%-i uğursuz olacağını, 41%-i isə heç bir fərq görmədiyini bildirib. Şirkət hər bir ölkənin də ayrı-ayrılıqda sorğudakı nəticələrini tərtib edib və müsəlman ölkələrində qadınların siyasi iştirakına elə də yaxşı baxılmadığı məlum olub. Anketdə iştirak edənlərdən böyük əksəriyyətinin qadınların siyasətdə uğursuz olduğunu hesab etdiyi ölkələrin ilk onluğuna Qərbi Afrika, Banqladeş, Tunis, Əl-cəzair, Pakistanla yanaşı Azərbaycan da daxil olub.

Cənubi Qafqazdakı yerimiz

Cənubi Qafqaz ölkələrində qadınların parlamentdəki mandat sayına nəzər saldıqda Azərbaycanın bu siyahıda birinci olduğunu görə bilirik. Bu nəticə həm 2000-ci, həm də 2015-ci ildə özünü aydın şəkildə göstərir. Belə ki, regionda 1999-2000-ci illlərdə keçirilən Milli Məclis seçkilərindən sonra Azərbaycanda 124 deputatdan 13-ü, Gürcüstanda 235 deputatdan 17-si, Ermənistanda isə 131 deputatdan 4-ü qadın olub. Hazırda isə Azərbaycan parlamentində 21, Gürcüstan parlamentində 17, Ermənistan parlamentində isə 10 qadın deputat yer alır. Rəqəmlər o qədər də ürəkaçan olmasa da, Azərbaycan bu sahədə hələki liderliyini qoruyub saxlaya bilib.

Azərbaycan qadınının seçkili orqanlarda bugünkü siyasi fəallığı

Qanun qarşısında kişi və qadın bərabər olsa da, qadınlar daha çox icraedici orqanlarda çalışmağa üstünlük verir, idarəetmədə isə daha çox kişilər yer alır. Ancaq əvvəlki illərə nisbətən həm parlament, həm də bələdiyyə seçkilərində qadınların fəallığının artdığının şahidi ola bilərik. Belə ki, 2004-cü il bələdiyyə seçkilərində qadın təmsilçiliyi 4 faizlə ölçülürdüsə, bu nəticə artaraq 2009-cu ildə 26,7%-ə, 2014-cü ildə isə 35%-ə çatıb. 2014-cü ilin dekabrında keçirilən bələdiyyə seçkilərinə namizədlik üçün müraciət edənlərin 15 369 nəfəri kişi, 6395 nəfərin isə qadın olub. Həmin artan xətt parlament seçkilərində də özünü göstərir. Bu ilin noyabr ayında Milli Məclisə keçirilən seçkilərində mandat üçün 131 qadının namizədliyi qeydə alınıb. 2010-cu ildə isə bu rəqəm 83 olub. 2000-ci ildə parlamentdə oturan qadınların sayı 13, 2005-ci ildə 14, 2010-cu ildə 20, son olaraq 2015-ci ildə isə 21 nəfər olub. Builki seçkilərdə ən çox səs toplayan xanım namizəd isə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva olub.

“Qızlarımız əmin olmalıdır ki, bir az öz üzərlərində işləməklə hər şeyi bacara bilərlər”.

Bu gün ölkəmizin siyasi sferasında həm hökumət, həm də müxalifyönlü partiyaların, təşkilatların tərkibində, eləcə də fərdi fəaliyyəti ilə seçilən qadınların sayı heç də az deyil. Onlar ölkədə gedən siyasi proseslərdə yaxından iştirak etməyə, irad və təkliflərini irəli sürməyə çalışırlar. Həmin qadınlara misal olaraq artıq üçüncü dəfə parlament seçkilərində uğur qazanan Qənirə Paşayevanı göstərə bilərik. O, hər zaman qadınların nəinki siyasətdə, ictimaiyyətin bütün sferalarında mühim rol oynadığını vurğulayanlardandır. Qadınların siyasi aktivliyinin illər əvvələ nisbətən xeyli artdığını vurğulayan millət vəkili bu rəqəmlərin gələcəkdə də bu istiqamətdə gedəcəyinə inandığını bildirib: “Hesab edirəm ki, ölkəmizdə sadəcə seçkili orqanlarda yox, bütün sahələrdə qadınların rolu daha da genişlənir. Adicə parlamentdəki son 3 seçki nəticələrində qadınların faizinə nəzər salsaq, bunun şahidi ola bilərik. Bu, o deməkdir ki, qadınlar arasında cəmiyyətin, dövlətin həyatında daha aktiv rol oynamaq istəyi artır. Ancaq “indiki say qənaətbəxşdirmi?” sualını verdiyimiz zaman qadınların potensialının daha artıq olduğunu görə bilərik. Qadınları daha irəliyə çəkə biləcək bir neçə amil var ki, bunlardan birincisi dövlət dəstəyidir və biz bu gün ölkəmizdə qadınlara olan dəstəyi açıq şəkildə görə bilərik. Bu istiqamətdə daha çox işlər görüləcəyinə də inanıram. İkinci bir amil-stereotipləri qırmaq üçün bizlərlə, dövlətlə birlikdə medianın dəstəyi də vacibdir. Çox zaman bəzi sahələrdə qadına kifayət qədər inam olmadığını görürük. “Qadın bu işi bacararmı?”, “Qadın bu sahədə ola bilərmi?” suallarının cavabını keçmişdə də, bu gün də güclü iradəli qadınlarımız çox yaxşı verib. Düşüncələri dəyişmək lazımdır. Üçüncü olaraq onu vurğulaya bilərəm ki, bizim qızlarımızda özünəinam, əfsuslar olsun ki, o qədər də yoxdur. Xüsusilə də, kənd bölgələrində mən bunun tez-tez şahidi oluram. Qızlarımız əmin olmalıdır ki, bir az öz üzərlərində işləməklə hər şeyi bacara bilərlər. Son olaraq erkən nikah faktorunu göstərə bilərəm ki, bu da ictimaiyyətdə qadının inkişaf potensialının tamamən aşağı salınması, sıfırlanması deməkdir. Bütün bu nüansları aradan qaldırmaq üçün biz birlikdə mübarizə aparmalıyıq. Bu mübarizəmiz bizə əzmli qadın, siyasi lider və bir çox sahənin peşəkarını verə bilər.

Son parlament seçkilərində ilk dəfə iştirak edən YAP-ın namizədi Aliyə Ağrılı məğlub olsa da, seçki prosesini yüksək qiymətləndirib:

“Qadınların parlamentdə təmsilçilik faizlərinin artırılmasında göstərilən səylər bizə edilən diqqətinin tərkib hissəsidir. Biz gənc qadınlar bu qayğıdan stimul alırıq. Partiyanın mənə göstərdiyi etimadı ümumilikdə gənclərimizə etimad kimi dəyərləndirirəm. Etimad məsuliyyət, məsuliyyət isə qarşıya qoyulan məqsədə çatmaq üçün başlanğıcdır. Bu seçkidə iştirakım elə də uğurlu alınmaya bilər, ancaq bu məni əsla ruhdan salmır. Yeni hədəflərə doğru yola davam etməliyəm”.

Müsəlman ölkələrinin qadın siyasi liderləri

Əvvəldə qeyd etdiyim kimi sosial sorğularda çox zaman müsəlman ölkələrində qadınların siyasi aktivliyi çox zaman qənaətbəxş olmur. Bunun əsas səbəblərindən biri qızların kiçik yaşlardan məktəbə getməsinə icazə verilməməsi və yaxud siyasəti çirkin əməl adlandıranların qadınları bu statusda görkək istəməməsidir. Ancaq bu o demək deyil ki, müsəlman ölkələrindən güclü qadın siyasətçilər çıxmayıb. Hazırki Banqladeşin baş naziri Şeyx Hasinə Vazəd dünyanın ən uğurlu siyasi fəaliyyətə sahib qadınlarındandır. İlk dəfə 1996-cı ildə baş nazir seçilən Şeyx Hasinənin hakimiyyəti dövründə Hindistan ilə münasibətlər nizama salınıb, Qanqın bölüşdürülməsi ilə bağlı razılıq əldə edilib. Şeyx Hasinə budəfəki hədəfi ölkəni texniki və informasiya cəhətdən inkişaf etdirməkdir.

Qadınların siyasi aktivliyi nə üçün vacibdir?

Bu suala cavab olaraq ABŞ-ın Ohio əyalətinin təmsilçisi Teresa Fedorun məclisdəki çıxışını göstərə bilərik. Belə ki, ölkədə abortun qadağan olunması ilə bağlı qərarın müzakirəsində siyasətçinin çıxışı sərt olub: “Vaxtilə təcavüz olunduğum üçün abort etdirmək məcburiyyətində qadım və mənim kimi minlərlə qadın var. Mən indi bu kürsüyə çıxıb başına gələnləri söyləyə bilməyən bütün təcavüzə məruz qalmış qadınların adından çıxış edirəm”. Bundan başqa, sadəcə siyasətdə yox, bir çox sahədə gender bərabərliyi qadınların öz haqlarını daha yaxşı tələb etmə şansı yaradır, savadlı ailələrin sayı daha da artır. Bir sözlə, gələcək savadlı nəsillər üçün müəyyən zəmanət yaranmış olur. Tarixi dəyişdirən 50 qadın siyahısında gördüyü işlərlə adını ön cərgələrə yazdırmağı bacaran Emmeline Pankhurst uşaq vaxtı atasının “kaş dünyaya oğlan kimi gələrdin” sözlərini eşitdikdən sonra ömrünün sonuna kimi qadın hüquqları üçün vuruşacağına dair özünə söz verir. Nəticədə, aktivist ömrünün son ilində ilk dəfə olaraq ingilis qadınına səs vermə hüququ qazandıra bilib.

Yazı Azəri Gənclər Alyansınin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Parlament seçkilərində qadınların elektoral aktivliyinin artırılması” layihəsi üçün hazırlanıb.

Günel Hacı