“Bu foto üçün nə qədər “like” gələr?”

bu-foto-ucun-ne-qeder-like-geler
Oxunma sayı: 2127


Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Virtual aləmdə təkcə itirilən, daha doğrusu uçub gedən vaxt nə dərəcədə sosial şəbəkə istigadəçisi oldumuzu təyin etmir. Bu aləmin öz qanun-qaydası var. Eynilə ictimai yerlərdə tələb və vərdiş olunan davranış qaydaları kimi.

Facebook sosial şəbəkəsində daha çox “like” toplamaq-bəyənilmək, daha çox “comment” yazdırmaq-şərh bildirilməsi bir növ “gold cart”-qızıl kart almaq kimidir. Sonuc adətən buna hesablanır. Təbii, biz yazarların əsas istəyi paylaşdığı müəllif yazılarını, ədəbi nümunələri oxucuların oxuması və onlarla normal fikir mübadiləsi aparmaqdır. Başqaları sosial şəbəkələrdə nə üçün qeydiyyatdan keçir, bu artıq başqa yazının mövzusudur.

Bəzən üzvləri yüz mini keçən səhifələrin paylaşımları cəmi 5-6 üzv tərəfindən bəyənilir və heç şərh də yazılmır.  Demək ki, həmin paylaşım insanların nə istədiyinə cavab vermir və mənəvi ehtiyaclarını ödəmir. Əksər səhifə idarəçiləri, yaxud dost siyahında olan adamlar bunu başqa cür kompensasiya etməyi bacarırlar. Bir də görürsən, bayrağa bürünmüş qız fotosunun reklamı gedir. Vətənpərvər insanların dövlət atributlarına olan istəyini, onları “tərpədəcəklərini” nəzərə alıb bu cür özlərinə diqqət cəlb edirlər. Yaxud xəstə, şikəst, kimsəsiz, köməyə ehtiyacı olanların şəkillərini, videolarını paylaşır, altından da belə bir sual verirlər: “Bu foto üçün nə qədər “like” gələr?” Təbii ki, sual, adətən cavabsız qalmır. Oxuyanlar bəyənirlər. Həmin sualı verənlərə bir sual da biz verək: Şikəsti, xəstəni, kimsəsizi axı necə bəyənmək olar? Belə təbliğat aparansınızsa, insanları həmin fotonun sahiblərinə kömək etməyə səsləyin. Təbii ki, əgər onları tanıyırsınızsa. Tanımadığınız adamların, fotosunu hardansa kopyalayıb “like” dilənirsinizsə, onda siz özünüz əqli cəhətdən onlardan betər şikəstsiniz...

Bugünlərdə döyülmüş, üz-gözü şişmiş, göyərmiş balaca bir qızın şəkili üçün “like” dilənirdilər. Şikəst uşaqları qucaqlarına alıb küçələrdə dilənən qaraçılardan, dilənçilərdən heç nə ilə fərqlənməyən bu adamlar insanları da humanizm prinsiplərinə arxa çevirməyə səsləyirdilər. Uşaqlara qarşı zorakılğa son qoyulması tələbini səsləndirsəydilər, məgər azmı bəyəniləcəkdilər? Öyrənənə tövbə yoxdur məsəli yadıma düşdü... Öyrəncəlidirlər.

Dünyasını dəyişmiş bir insan haqda başsağlığı verirlər, nekroloq yazırlar, insanlar başlayır həmin yazılanları bəyənməyə. Bu qədər anormal yanaşma yəni...

Şəhid milli qəhrəmanların fotolarını paylaşıb altından “bu şəkilə nə qədər “”like gələr?” yazılması lap rüsvayçılıqdır. O oğullar həmin virtual dilənçilərin dinc yaşaması üçün canlarından keçir. Ona görə şəhid olmur ki, sabah belələri onların şəkilləri ilə dilənçilik etsinlər. Bu, ayrı bir həqarətdir.

Bütün müqəddəs olanları tapdayıb, insanlığa tüpürüb “like” dilənmək adamlara nə verir: çörəkmi, sumu, pulmu?.. Bunları versə belə itirilmiş vicdan, tapdanmış mənəviyyat hesabına almaq lazım deyil... Bəyənilmək, diqqət cəlb etmək üçün daha faydalı işlər görmək olar. Məsələn o şəhid qəhrəmanlar kimi... Yaxud həmin xəstələrə, kimsəsizlərə simsar ola bilmək kimi... Bacararsınızmı???