Azərbaycanda narkomanların sayı rəsmi statistikaya görə, 27 mindən çoxdur. Rəsmilər ilbəil reallığı əks etdirməyən sayda artımın olduğunu deyirlər. Həqiqətə qalanda isə, narkomanların sayı göstərilən rəqəmdən dəfələrlə artıqdır. Bu dəfəki deyəcəklərim nə onların sayının gizlədilməsi, nə də narkotiklərin dövriyyəsindəki nəzarət məsələsidir. Əsas məsələ, apteklərdə satılan dərmanları narkotikə çevirən şəxslərin bu əməli rahatlıqla həyata keçirməsidir. Məlumatımda deyilənləri fərziyyə kimi qəbul etməyin, çünki anonim şəkildə verilən informasiyalar həqiqətə uyğundur.
“Riyadfarm” bu dərmanı “100+100” yolu ilə satır
Dəfələrlə dərman bazarındakı saxtakarlıqla əlaqədar araşdırmalarımda da qeyd etmişəm ki, ölkədə satılan dərmanın 30%-dən çoxu saxta məhsuldur, qeyri-qanuni yolla satışa çıxarılır. Dərmanların keyfiyyətinə Nəzarət-ekspertiza İdarəsi bu məsələnin ciddiyyətinə varmasa da, apteklərdə əlaltında hazır holoqramı görmək olar. Hətta alıcının israrı, çoxbilmişliyini görən əczaçı bunu da nəzərə alır, elə satış prosesində dərmanı “leqallaşdırır”.
Gələk, əsas məsələyə. Aptekdə işləyən şəxslərdən biri “ bu narkomanların əlindən bezmişik”, deyir. Onun bu iradına səbəbsə, bir qisim şəxslərin xüsusən, damcı şəkilində göz üçün nəzərdə tutulan dərman preparatlarına “darışmasıdır”. Həmin əczaçının dediklərindən: “ İndi xüsusən gənclər “Tropin” adlı preparatı soruşurlar. Biz də əvəllər bunun fərqinə varmırdıq. Sonradan məlum oldu ki, bu su şəklində dərmanı digər narkotiklərlə birgə istifadə edirlər. Əvəllər reseptlə satırdıq. İndi resept sistemi özəl apteklərə sərf etmədiyindən istənilən dərman verilir. Bunu çoxu inkar etsə də, həqiqət belədir. Hətta “Tropin”-ə tələbat o qədərdir ki, biz özümüz də təşvişə düşmüşük. Artıq bu dərmanı həqiqətən də gözü üçün alan alıcılara da şübhəylə yanaşırıq. Bu dərmanın ən çox yayımını təşkil edən “Riyadfarm” dərman şirkətidir. Hətta bu şirkət 100 qutu dərmanı götürən aptekə 100 dərmanı da hədiyyə edir. Dərman elədə bahalı deyil.”
Vəziyyətlə bağlı kiçik araşdırma ürəkaçan nəticə vermədi. Yerli əczaçı şirkətlərlərin apteklərindən, dövlət apteklərindən bu barədə məlumat əldə etmək mümkün olmadı. Çoxu bu dərmanın adını eşidən kimi özünü elə apardırdı ki, məlumatlı olması nəzərdən qaçmırdı. Bu da təbiidir. Heç kəs işini itirmək istəmir. Hətta bir neçə narkoloq-həkim də bu barədə hər hansı məlumatının olmadığını deyir. Hərzamankı kimi. Amma əldə olunan məlumata görə, adı çəkilən dərmanla yanaşı çox preparat müalicə məqsədiylə deyil, narkotik(inyeksiya yolu ilə) qəbulu zamanı daha güclü effekt əldə etmək üçün alınır.
Yalnız 950 həkim( dərmandan yaxşı faiz qazanmış) arasında aparılan sorğunun nəticəsində ötən ilin ən yaxşı farmosevtik şirkəti olan “Avromed” şirkətinin səhifəsinə göz atırıq. Şirkətin dərman siyahısında adı çəkilən göz damcısı yoxdur. Qadağan olunmuş dərmanların siyahısını isə necə edirsənsə, ekrana çıxarmaq olmur. Əlbət ki, bu da “dərman siyasəti”nin bir yoludur. Bir sözlə, “T...” dərmanın adı da ortada yoxdur. Onda bu qadağan olunmuş ya olunmamış, saxta və ya leqal olan dərman apteklərə göydən tökülür. Hər halda belə çıxır.
Həqiqət ortadadır
Azərbaycandan fərqli olaraq Rusiyada belə məsələlərə nəzarətsizlik olduğu qədər nəzarət də var. Ən azından başbilən, canıyayanlar bu qəbildən məlumatları paylaşmağa çalışırlar. Məlumatlardan belə çıxır ki, kodein tərkibli preparatların satılması reseptlə olduğundan, narkomanlar göz damcısı olan preparatları alırlar. Bu sulu dərman uyuşdurucu maddəyə sulu “konservant” kimi qarışdırılır və gücləndirici effekt verir. Bu səbəbdən Rusiyada apteklərdə satılan bir neçə göz damcısına-“leqal narkotik” adı verilib.
Bu arada qeyd edim ki, Azərbaycanda qanuni şəkildə narkotik və psixotrop dərmanların istifadəsinə dair Nazirlər Kabinetinin göstərişi ilə siyahı hazırlanıb. 2001-ci ildə təsdiq olunmuş bu siyahıda 29 adda göstərilən narkotiklər yalnız vacib göstəriş əsasında, tibbi müdaxilələr zamanı istifadə oluna bilər. Bir məsələ də var ki, bu gün apteklərdə satılan dərmanlarının çoxunun təlimat dediyimiz içlik vərəqi yoxdur. Bu səbəbdən dərmanların tərkibi barədə də ətraflı məlumat əldə etmək mümkün deyil. Yəni, qanuni amma nəzarət altında satıldığına şübhə ilə yanaşdığımız leqal narkotiklər mövcuddursa, sözü gedən və əslində təhlükəli olmayan göz damcısının istifadəsi də normaldır. Yəqin ki, bu dərmandan sui-istifadə də narkomanların “icad”ı kimi heç nəzərə də alınmır.
P.S. Adı çəkilən dərmanın adını göstərməyimə etiraz edənlər də olacaq. “Bunu bilməyən dələduzlar da öyrənəcəklər”, deyəcəklər. Amma hər halda valideynlərin bu barədə məlumatlı olması gərəkdir. Axı göz problemi olmayanın evində ya cibində bu dərman niyə olmalıdır?
Raminə Eyvazqızı