“Uşaqlarınızı çox danışdırın, tv qarşısında saatlarla oturtmayın” - - Müsahibə

usaqlarinizi-cox-danisdirin-tv-qarsisinda-saatlarla-oturtmayin-
Oxunma sayı: 17485


Bu dəfə söhbət açdığım mövzu gənc ailələr, evdə kiçik yaşlı uşağı olanlar üçün maraqlı, vacib dərs də ola bilər. “Qafqazinfo” mütəxəsislə müsahibəni təqdim edir.

Müsahibim İmanova Lalə xanımdır. Vaxtiylə Minsk Dövlət Pedoqoji Universitetinin defektoloji fakültəsinin tələbəsi olub. İxtisası oliqofrenopedaqoq-loqopeddir. Loqopedik fəaliyyətinə ilk olaraq 59 saylı uşaq bağçasından başlayıb.  Hazırda isə AR Təhsil Problemləri İnstitunda İnklüziv Təhsil şöbəsində böyük elmi işçi vəzifəsini icra edir. Slavyan Universitetində loqopediya fənnindən dərs verir. Eləcə də Prezident yanında tibbi-psixoloji-pedoqoji komissiyanın yeganə baza təsilli mütəxəsis üzvidir. Tələbələr üçün iki dərs vəsaiti, loqopedik bağçalar üçün xüsusi proqramın, eləcə də çoxsaylı elmi məqalələrin müəllifidir.

Loqoped yardımı nə zaman olur?

Lalə xanım əvvəlcə loqopedin kim olduğu barədə məlumat verir. “ Bu gün kiməsə “loqopedəm” dedikdə, bu sahənin nə olduğunu çoxu bilmir. Loqoped nitq qüsurlarınını aradan qaldırmağa yardım edən xüsusi sənət sahəsi, məsuliyyətli fəaliyyətdir. Loqoped həm də həkimdir. Onun əsas göstəriciləri tibb sahəsini, psixologiya, pedaqoqika kimi ağır sahələri mənimsəmək, nəzəri  və praktik cəhətdən bilikli olmasıdır. Hərdən loqopedlə defektoloqu eyniləşdirirlər. Bu doğru deyil. Defektoloq ümumi sözdür. Bunun özünün qolları var.”

“Dövrün stress, psixi  böhranı nitq problemlərini çoxaldıb”

“Bu gün əvvəlki onilliklərlə müqayisədə nitq qüsurlarına daha çox rast gəlinir. Ümumiyyətlə, nitq qüsurlarının yaranmasında bir çox amillər rol oynayır. Meydanagəlmə səbəblərini təxminən 4 qrupa bölmək olar: iris factor, prenatal(hamiləlik zamanı baş verən problemlərdən qaynaqlanan səbəb), natal-doğuş zamanı alınan travmalardan, postnatal-uşaqlıq dövründə baş vermiş hansısa hadisədən meydana çıxıan faktorlar. Müasir dövr texniki inkişaf dövrüdür, bu da təbii şəkildə hamilə anaya və uşağa mənfi təsir göstərir. Bu hələ gələcək problemin ən yüngül formasııdr. Kompyüter, mobil telefonun mənfi təsirləri, ekoloji durum, yediyimiz dərmanlar, GMO(geni modifikasiya olunmuş) məhsullardan istifadə dölə pis təsirini göstərir, nəticədə isə autizm, daun sindromlu, uşaq serebral iflici kimi xəstəliklər meydana gəlir.  Belə xəstəliklərlə yaşayan uşaqlarda da ünsiyyət, nitq problemləri yaranır.”

 “Valideynlərin 50%-ı uşağını yemək-içmək, geyimlə təmin etməklə kifayətlənir. Bəs uşağın psixikası …”

 “Valideynlər uşaq inkişafının normalarını təqribən öyrənib bilməlidirlər ki, hər hansı yaşda problemlə qarşılaşmasınlar. Problem ortaya çıxanda da müxəxəsisə müraciət edib, birgə həllini tapsınlar. İndi elə ailələr var ki, onlar üçün uşağın geyim-keçimi, yemək-içməyi vacibdir. Bunları təmin etdisə, qalan məsələlər də həll olunub. Bu yerdə əsas problemlər ortaya çıxır. Anlamırlar ki, uşağı əsasən psixi cəhətdən inkişaf etdirmək, onunla doğru ünsiyyət qurmaq  lazımdır ki, o da özünü şəxsiyyət kimi dərk edib qiymətləndirsin. Bəzi ailələrdə uşağın fiziki sağlamlığı əsas tutulur, vaxtında dərman, vitaminlər verirlər, amma yenə psixi sağlamlıq yaddan çıxır.”

 “Iki yaşlı uşaqlar artıq qısa da olsa cümlələr qurmalıdırlar”

Gələk əsas məsələyə, uşaqların hansı yaşdan danışmasına. Mütəxəsisin bu barədə deyəcəkləri çoxu üçün vacib qeydlər ola bilər. “ Çox vaxt iki yaşında olan uşaqlar “ata”, “ana”, “su ver”, “nənə”, “baba” kimi sözlər deyəndə, valideynlər bununla razılaşırlar. Hesab edirlər ki, belə də olmalıdır. Əslində isə bu yaşda uşaqlar sözlər yox, artıq qısa cümlələr qurmalıdırlar. Nitq qüsurlarının uşağın psixikasına birbaşa təsiri var. Uşaq danışa bilmirsə, unsiyyət qura bilmir, təsəvvürləri, hafizəsi, diqqəti , bir sözlə psixi funksiyaları tam inkişaf edə bilmir. Uşaq əsəbiləşir, aqressivlik yaranır, özünə qapana bilir.Ətrafdakı uşaqlar da ona gülürlər, ələ salırlar. Bu da  həmin nitq qüsurlu uşağa pis təsir edir, hətta əqli geriliyə gətirib çıxarır.”

“Kəkələmə sinir sisteminin bir pozuntusudur”

“Bəzən uşaqlar, elə böyüklərdə də kəkələmə, danışan zaman sözlərdə, cümlələrdə qırılmalar olur. Kəkələmə özü sinir sisteminin bir pozuntusudur. Belə insanlar əsəbi olurlar. Kəkələmə stressdən, qorxudan, aqressiv davranışlardan yarana bilər, təqlidlə məşğul olanlarda da meydana çıxar. Əgər uşağın sinir sistemi zəifdirsə, ailədə hər hansı münaqişə, neqativ halda kəkələmə baş verə bilər.”

“Nitqi zibil” kimin danışığına deyilir?

“Elə adamlar var ki, danışan zaman müxtəlif lazım olmayan səslər və ya hecalar deyirlər. Bu nitq qüsuru deyil. Bu vərdiş halına keçmiş vəziyyətdir. Loqopedlər belələrinə “nitqi zibil” deyirlər. “iii”, “eee” və s. formada səslər çıxaranlar ya söz ehtiyyatı olmayanlar, ya da sonra nə deyəcəyini bilməyənlərdir. İki dildə danışan şəxslərdə də belə vərdişlər olur. Yaxud adamlar var ki, danışanda sözlərin son hərfini “yeyir”. Səbəb tələsik danışıq da səbəb ola bilər. Buna Battarizm deyilir. Qədimdə Bat adlı hökmdar danışanda sözlərin sonunu qeyri-dəqiq tələffüz edirdi ki, sonra sözündən qaça bilsin. Bir də “R” səsini deyə bilməyənlərə rast gəlinir. “R” “səsi artikulyasiyada ən çətin səslənən hərfdir. Bu səsin əmələ gəlməsi üçün dil yuxarı dişlərin arxası tərəfə qalxmalı və dilin ucu titrəməlidir. Uşaqda dil əzələsi kifayət qədər hərəkətli deyilsə, problem yaranır. Peşəkar loqopedin bu problemi aradan qaldırması mümkündür.”

“Uşaqlarınızı bir neçə dildə öyrənməyə və danışmağa məcbur etməyin”

“Bir də əsas məsələ də var. Uşaqlarda nitq qüsurlarının olmasında ailədə iki dildə, misal üçün azərbaycanca və ruscada danışılması da rol oynayır. Uşaqlar bəzi hərfləri səsləndirəndə və ya sözlərin vurğularında yanlışa yol verirlər. İstifadə olunan dili zibilləmək olmaz. Sizə maraqlı misal çəkim. İranda Pəhləvi şahların dövründə şah oğluna həm fars, həm ərəb, həm ingilis, həm də səhv etmirəmsə fransız dilini öyrədirlər. Bir gün uşaq danışmaqdan imtina edir. Uşağın dərdini tapa bilmirlər.Sonunda məlum olur ki, uşaq bütün dillərlə necə yüklənibsə, danışa bilməyib. Beləliklə, dillərin tədrisi ləğv olunur. Buna görə də dil seçimini uşaq özü etməli, ana dilini mükəmməl bildikdən sonra ikinci dil öyrədilməlidir.”

“Azərbaycanda qondarma loqopedlər ortaya çıxıb. Diqqətli olun.”

Lalə xanımı narahat edən məsələlərdən biri də ölkədə yetərincə mütəxəsis loqopedlərin olmamasıdır. “ Bizim işimiz elədir ki, burada peşəkarlıq vacibdir. Səbir, xoş münasibət, davranış əsas meyyarlardır. Bu gün loqoped ixtisasına  bir çox təhsil ocaqlarında yiyələnmək mümkündür.  İndi evdar xanım, tamam başqa sahənin adamı özü üçün loqoped xidməti göstərən obyekt açır. Bu fəaliyyətə nəzarət yoxdur. Klinikalarda heç bu işlə əlaqəsi olmayan insanlar loqoped yardımı göstərirlər. 1 və ya 3 aylıq kursla loqoped olmaq mümkün deyil. Belə loqopedlər validenləri də aldadır, onlara təminat da verirlər, güya, uşağın nitq qüsurunu aradan qaldıracaqlar. Savadlı, təcrübəli loqoped özü belə təminatı verə bilməz. Çünki  nitq qüsurlarının səbəbi aydınlaşmadan tələsmək olmaz. Valideynlər belə mərkəzlərə müraciət edəndə loqopedin diplomunun surətini tələb etsələr, yaxşı olar. İndi xüsusi uşaq bağçaları da var. Bunu xüsusi qeyd edirəm ki, uşağın nitqi daha çox bağçada, yaşıdları ilə ünsiyyət zamanı formalaşır. ”

“Uşaqları öz dilində danışdırmayın”

“Buna afaziya deyirlər. Çox vaxt ailələrdə balaca uşaqla danışanda onun diliylə danışmağa can atırlar. Misal üçün, “çörək” əvəzinə “çöyək”, “balıq”, əvəzinə “bayıq”, maşına “bibip” və s. deyirlər. Bu yalnışdır. Uşağa hansı dildə sözü təqdim etsək, o da o cür qavrayacaq. Daim uşaqla körpə yaşından ünsiyyət qurmaq lazımdır. Yemək yeyəndə, küçəyə çıxanda bacardığınız qədər ondan söz soruşun, ətrafla tanış edin. Bu zaman uşağın qavrama qabiliyyəti də güclənər. Bir də uşaqlar 2-3 yaşlarında yaxşı danışmırsa,  tez loqoped də axtarmağa gərək yoxdur. Bəzən uşaqlar bağçaya gedən kimi nitqi düzəlir. Bu səbəbdən belə uşaqların yaşıdları ilə bir yerdə olmasına şəraət yaratmaq lazımdır. Uşaqlarınızı saatlarla televizor qarşısına qoysaz, onun, sözsüz, nitq problem də olacaq. ”

Raminə Eyvazqızı