ADP hakimiyyətin bədxərcliyini pislədi

adp-hakimiyyetin-bedxercliyini-pisledi
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, toplantıda ölkə həyatı ilə bağlı baş verən ictimai-siyasi hadisələr və partiyanın cari həyatına aid məsələlər əsas müzakirə obyekti olub. İdarə Heyəti Norveçdə baş vermiş terror hadisəsinə toxunub və bildirib ki, terrorun səbəbləri obyektiv şəkildə araşdırılmadan onun qarşısını almaq dünya üçün çətin olacaqdır.

Toplantı iştirakçıları dünyanı təhdid edən yeni qlobal maliyyə böhranı və onun Azərbaycan üçün yarada biləcəyi təhlükədən danışarkən bildiriblər ki, əgər bu baş verərsə onda ölkədəki aztəmiantlı ailələrin vəziyyəti daha da ağırlaşa və cəmiyyət sosial partlayışla üz-üzə qala bilər.

İdarə Heyəti eyni zamanda gələn il ölkədə beynəlxalq mahnı müsabiqəsinin keçiriləcəyi ilə bağlı hakimiyyətin bədxərcliyini pisləyərək bu tipli sahələrə yönəldilən vəsaitlərin yeni istehsalat sahələrinə yönəldilməsinin vacibliyini qeyd edib.

Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə toxunana idarə heyəti bəyan edib ki, Türkiyə Ermənistanla sərhədləri o şərtlə açmalıdır ki, Ermənistan Rusiya ilə aralarında mövcud olan hərbi əməkdaşlığa son qoysun.

Çində son zamanlar uyğurlara qarşı zorakılıqları pisləyən İdarə Heyəti Çin hökumətini fundamental insan hüquq və azadlıqlarına hörmət etməyə çağırıb.

Toplantı iştirakçıları həmçinin Belçikada hicaba qadağa qoyulmasını da qəti olaraq pisləyib, bu hadisənin reaksion qüvvələrin radikallaşmasına rəvac verəcəyini bildirib.

Fatimə Kərimli