Avtomobillərə yeni nömrələr verilir

avtomobillere-yeni-nomreler-verilir
Oxunma sayı: 662

Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az xəbər portalına faktı təsdiq edərək bildirdi ki, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük qeydiyyat nişanının alınmasında "bir pəncərə" sistemi tətbiq olunur. Onun sözlərinə görə, bunun üçün Xocasən şossesində inşa olunmuş yeni inzibati binada ölkəyə daxil olan nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, həm də dövlət qeydiyyat uçotu aparılır. Həmin vaxt ölkəyə idxal olunan nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı verilir. Həmin qeydiyyat nişanının kodu 99-dur.

K.Əliyev qeyd etdi ki, ölkəyə idxal olunan bütün nəqliyyat vasitələrinə sahibinin harada qeydiyyatda olmasından asılı olmayaraq nömrələr bir kod altında verilir: "Sadəcə, burada fərq var ki, kimsə ölkəyə öz adına avtomobil gətirirsə, yeni kodla aldığı dövlət nömrə nişanı ilə avtomobilini idarə edə bilər. Əgər həmin şəxs avtomobili başqa adama satarsa, alan şəxs daimi qeydiyyatda olduğu yerə uyğun kodla nömrə alır. Ancaq birbaşa xaricdən ölkəyə idxal olunan avtomobillərə 99 kodu ilə nömrələr verilir və həmin nömrə dövlət qeydiyyat nişanı kimi istifadə olunur".

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyevin bu il fevralın 25-də imzaladığı Fərmanla ölkə ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsinin təmin edilməsi barədə respublikanın Daxili İşlər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə tapşırıq verilmişdi.