Azərbaycan Universitetində V Avropa İqtisadi Konqresi işə başlayıb - Fotolar

Azərbaycan Universitetində V Avropa İqtisadi Konqresi işə başlayıb
Oxunma sayı: 499

Bu gün Azərbaycan Universitetində Avropa İqtisadi Konqresləri seriyasından olan beşinci tədbir öz işinə başlayıb. Konqresin digər həmtəşkilatçıları Türkiyənin Kocaeli Universiteti və Polşanın WSB Universitetidir. İndiyə qədər dünyanın müxtəlif ölkələrində keçirilən nüfuzlu beynəlxalq tədbir bu il “Qlobal iqtisadi trendlər” mövzusuna fokuslanır.

“Qafqazinfo” xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən rektor Səadət Əliyeva iqtisadiyyat sahəsində çalışan alimlərin diqqətini ciddi elmi tədbir kimi cəlb edən konqresin coğrafiyasının getdikcə genişləndiyini və iştirakçıların sayının artdığını bildirib. O qeyd edib ki, dünyada gedən qloballaşma tendensiyası və onun iqtisadiyyat da daxil olmaqla insan fəaliyyətinin bütün sahələrinə təsiri iqtisad elminin də qarşısına yeni tələblər qoyur.

 Prezident İlham Əliyevin elan etdiyi iqtisadi islahatlar paketləri və onların həyata keçirilməsi nəticəsində əldə olunan uğurların davamlı olmasının bir təminatı da qloballaşma şəraitinin doğurduğu reallıqların nəzərə alınması, onların elmi-nəzəri və praktiki əsaslandırılmasının təmin edilməsidir. Səadət Əliyeva konqresin təklif etdiyi platformanın belə məsələlərin müzakirəsi, onlara müxtəlif elmi baxışların formalaşdırılması və konkret elmi nəticələrin alınması baxımından uğurlu olacağına inandığını deyib.

Daha sonra millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə, Kocaeli və WSB universitetlərinin nümayəndələri Selçuk Koç və Pavel Urgacz, AMEA-nın müxbir üzvü, prof. Akif Musayev, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, prof. Vilayət Vəliyev çıxış edərək tədbirin iqtisadiyyat elminə töhfələr verəcəyinə əminliklərini ifadə edib, konqresin işinə uğurlar arzulayıblar.

Konqresin plenar iclasında dəvətli məruzəçilər Almaniyanın Oldenburg Universitetinin professoru Hans - Michael Trautwein, İspaniyanın Extremadura Universitetinin professoru Rui Alexandre Castanho, İtaliyanın Roma Tre Universitetinin professoru Roberto Ciccone, Polşanın Meterologiya və Su Təsərrüfatı İnstitutunun professoru Tomasz Kasprowiczin çıxışları dinlənilib.

Professor Hans - Michael Trautweinin məruzəsi “Qloballaşma, fraqmentasiya və iqtisadi düşüncənin təkamülü”nə həsr olunub. Prof. Rui Alexandre Castanho “Sərhəd əməkdaşlığı Avropada iqtisadiyyatın və sahibkarlığın inkişaf mexanizmi kimi” mövzusunda çıxış edib. İtaliyalı qonaq Roberto Ciccone “Kapitalın tənqidi və klassik yanaşmaya yeni baxış: makroiqtisadi və siyasi nəticələr”, Polşalı qonaq Tomasz Kasprowicz isə “Bitcoin və blokçeyn: özünü doğrultmayan çağırış və maliyyə sisteminin gələcəyi” mövzusunda məruzə edib.

Fasilənin ardından tədbir işini bölmə iclaslarında davam etdirib.

3 gün davam edəcək konqresin bölmələrində 13 ölkəni təmsil edən müəlliflərin müasir iqtisadiyyatın aktual problemlərinə həsr olunmuş 100-ə yaxın məruzəsinin dinlənilməsi planlaşdırılır. Tədbir iştirakçılarını audit, maliyyə təhlükəsizliyi, ekologiya, demoqrafiya, riyazi iqtisadi modelləşdirmə kimi istiqamət və aspektlərdə maraqlı təqdimatlar gözləyir.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi