Bakıda “ölüm çimərliyi” - Dünən 4 nəfər batıb+Video

bakida-olum-cimerliyi
Oxunma sayı: 10963

Ötən gün Bilgəhdə iki nəfərin boğulması ilə bağlı rəsmi məlumat yayılıb. Bu gün “Qafqazinfo”nun əməkdaşları həmin ərazini taparaq ora baş çəkiblər. Sözügedən yer el arasında “dal dəniz” kimi tanınır. Çünki bura gözdən uzaq, kənar bir yerdir. Bilgəhdən Nardarana gedərkən villaların arasında bu çimərliyə dar cığırla düşmək olur. Cığırın başında insanı ilk qarşılayan “Çimmək qadağandır!” nişanıdır, onun arxasında isə çimən insanlar...

Burada heç bir iaşə obyekti fəaliyyət göstərmir. İnsanlar özləri ilə çətir, çadır və ya dəsmal gətirib yerə sərərək otururlar. Yaxınlıqdakı villaların birində işləyən şəxslə söhbətimiz zamanı məlum oldu ki, onların çimən adamlara müdaxilə etməyə ixtiyarları yoxdur, lakin yaxınlaşıb söz soruşanlara burada çimməməyi məsləhət görürlər.

Ətrafda çimən şəxslər və ərazidə olan Nardaran sakinləri ilə də söhbətləşdik. Onların sözünə görə, dünən bu ərazidə 16 nəfər batma təhlükəsi ilə üz-üzə qalıb. Onlardan 12-si xilas olunsa da, 4 nəfər boğulub. Lakin ərazi qadağan olunmuş çimərlik zonası olduğundan burada Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də fəaliyyət göstərmir. Buna görə boğulan adamları çıxarmaq çətinləşir. 

“Bəs dünənki 12 nəfəri kim çıxarıb?” sualına hadisə vaxtı orada olan və bu gün də yenə azyaşlı uşaqları ilə dənizə gələn qadın cavab verir. O, deyir ki, batan adamları elə dənizdə üzən digər şəxslər və daha çox “kənd uşaqları” xilas edib. Kənd camaatı demək olar ki, burada çimmir. Çünki çimərliyin ölümcül olduğunu bilirlər. Dənizin içinə doğru uzanan iki körpünün arası ən təhlükəli yer hesab olunur. Çünki körpülərin turbaları su burulğanı yaradır və iki hissədə yaranan burulğan dənizi güclü dalğa ilə geri çəkir. Körpülərə giriş isə qadağandır, buna nəzarət edən şəxslər də var. Onlar bildirirlər ki, körpüdən suya tullanan adamın sağ qalmaq ehtimalı yoxdur. Körpünün altında isə ümumiyyətlə, çimmək olmaz. Orada su burulğanı insanı hərəkət etməyə imkan vermir. 

Bu çimərlikdə adamların batmağının səbəbi dənizin içinə doğru çox da getmələri deyil. Ərazidə gözətçilik edən şəxs deyir ki, bir neçə gün öncə çimərlikdən 2 metr içəridə çimən şəxsi böyük bir dalğa götürüb və körpünün ən uc hissəsinə kimi aparıb. Orada isə böyük qayalar suyun altından boylanır. Heç bir şəxs həmin yerə qədər üzə bilmədiyi üçün o cavan oğlanın meyitinin axşamüstü dalğalar tərəfindən sahilə atılmasını gözləyiblər.

“Dal dəniz”də çimərliyin ən uc hissəsi sarı qumdur, cəmi 1-2 metr sonra isə suyun dərinliyi 2 metri keçir. Burada külək güclü və burulğanla müşayiət olunduğu üçün dənizin sahili də tam bəlli deyil. Bəzən dalğalar o qədər güclü olur ki, təxminən 10 metr də irəli gələrək yaşayış yerlərinin hasarlarına dirənir. Elə hasarların dibi ilə çəkilən piyada səkisinin altını da həmin dalğalar yuyub. Bəzən isə dəniz daha da geri çəkilir və qumluq sahə bir az da artır.

Mütəmadi olaraq bu ərazidə dənizə girən orta yaşlı kişi bizə bildirdi ki, “Çimmək qadağandır!” nişanları dünənki hadisədən sonra ərazidə quraşdırılıb. Lakin FHN əməkdaşları dəfələrlə əraziyə gələrək insanlara burada çimməməyi tapşırıb. Öz həyatına laqeyd yanaşan insanlar sonda “dib dəniz”in qurbanına çevrilirlər.

Bir müddət əvvəl bu çimərlikdə bir üzgüçülük müəllimi boğularaq ölüb. Burada ailəvi gələnlər çox az olur, təsadüfən şəhərdən kimsə tanımır deyə gəlir. Srağagün ailəsi ilə gələn cavan oğlan elə uşaqlarının gözü önündə batıb öldü. Bəzən dənizdə dalğa elə güclü olur ki, batan adamı xilas etməyə də getmək olmur. Bu gün hələ dalğa çox zəifdir. Əslində isə zəif deyil, sadəcə dünənkinə nisbətən zəif hesab olunur. İnsanlar batan zaman ilk müdaxiləni çimərlikdə olan şəxslər etməyə çalışır. Bu alınmayanda isə FHN-nin Novxanı qəsəbəsindəki xilasediciləri əraziyə çağırılır. Onlar isə daha çox meyiti çıxara bilirlər. Çünki güclü dalğalara görə adamlar çox tez boğulurlar.

Biz ərazidə gözətçilik edən şəxslə söhbət edərkən bir nəfər qaçaraq “tez şarı verin, batan var” deyib körpünün üstündə onu götürüb getdi. İki nəfər 20 yaşlarında cavan oğlan çimərlikdən 10-15 metr uzaqlaşdığı üçün geri qayıda bilmirdilər. Onları şarın köməkliyi ilə sahilə çıxara bildilər. Lakin onları xilas etmək üçün gedən şəxslər sahilə daha gec çıxa bildilər. Çünki bir neçə metr sahilə doğru üzdüyün zaman dalğa insanı onun iki qatı qədər geriyə atır. Sahilə çıxmaq istəyən insanlar üzməyə çalışsalar da, dəqiqələrlə elə öz yerlərində qalırlar, nəinki irəli, hətta daha geri gedirlər.  

Çimərlikdən geri qayıdarkən 3 uşağı ilə dənizə gələn qadına yaxınlaşıb xəbərdarlıq etdik ki, uşaqları çox irəli buraxmasın, əlavə də edib “dalğa güclüdür, dünən də burada 2 nəfər batıb” dedik. Qadının cavabı isə belə oldu: “Bilirəm, dünən özüm buradaydım. İki yox, 4 nəfər batdı, 3-nün meyitini çıxardılar, birini gecəyə kimi tapa bilməmişdilər. Onu da tapıblar?..”

Murad Əhməd

Video: Pərvin Zeynal