“Bizim də bir Ayətullahımız olmalıdır” – Təklif

bizim-de-bir-ayetullahimiz-olmalidir-teklif
Oxunma sayı: 664

“Qafqazinfo”nun məlumatına görə, toplantıda çıxış edən DAK həmsədri Sabir Rüstəmxanlı hazırkı vəziyyəti qiymətləndirib və bildirib ki, İrana qarşı təzyiqlər olsa da İran Azərbaycana qarşı hədələrindən əl çəkmir: “Kimin etdiyi bəlli olmasa da, Azərbaycanda terror aktı baş verib, yazıçı Rafiq Tağı öldürülüb, amma İran Ayətullahı İslama sığmayan bəyanat verib və bu münasibətlə xalqı təbrik edib. Biz DAK olaraq buna dözə bilmərik”.

Tədbirdə çıxış edən DAK İdarə Heyətinin üzvü Əjdər Tağızadə Azərbaycan tərəfini İranda yaşayan cənubi azərbaycanlılara dəstək olmağa çağırıb: “Azərbaycanın bir nəfər məsul şəxsi çıxıb desin ki, orada yaşayan 35 milyon azərbaycanlının insan haqları var”. İran saytlarını da izləməyi tövsiyə edən Ə. Tağızadə vurğulayıb ki, bu saytlara göz gəzdirəndə aydın görmək olur ki, İran daxilində parçalanma var: “Hazırda İranda Xomeyni ilə Əhmədnejat canavar kimi bir-birinin gözünün içinə baxır, biri gözünü yuman kimi o biri onu parçalayacaq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə isə vurğulayıb ki, İranda prezident seçkilərindən sonra baş verən etiraz aksiyalarına dəstək verməyən dünya bu şansını itirdi: “O zaman dəstək verilmədiyindən, indi bu şansı yenidən qazanmağa çalışırlar”. Partiya sədri onu da qeyd etdi ki, bu mövzuda geniş və intensiv forumlar keçirmək lazımdır.

Mövzu ilə bağlı səslənənə fikirlərlə razılaşmadığını deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib ki, Yaxın Şərqdə baş verənlər İrana təsir etməyəcək: “İran illərdir ki, iqtisadi blokada şəraitindədir, Yaxın Şərq isə Avropanın iqtisadi çevrəsində idi və buna görə də orada baş verənlər indiki böhrana gətirib çıxardı. İran bu çevrədən kənarda olduğundan bu proseslər İrana təsir etməyəcək”. Hazırda Azərbaycanın İranda baş verənlərə sərt münasibət göstərməməsini doğru hesab edən partiya sədri vurğulayıb ki, emosiyaları kənara qoyub məsələyə qlobal yanaşmaq lazımdır: “Azərbaycan İranın işlərinə rəsmi şəkildə müdaxilə edəcək qədər güclü dövlət deyil. Eyni zamanda İrana hər hansı müdaxilə Cənubi Azərbaycana azadlıq verməyəcək. Azərbaycana azadlığı ancaq bizim beynimizin, ağlımızın məhsulu verə bilər, ABŞ-ın, Avropanın bura hücumu yox”.

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə qeyd edib ki, biz əvvəlcə nə istədiyimizi müəyyənləşdirməliyik: “Biz nə istəyirik? Biz nə etməliyik? Biz əvvəlcə bu suallara cavab tapmalıyıq”. Partiya sədri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun İrana səfərinə münasibət bildirərkən deyib ki, nazir müavini ilə görüşməklə məsələ həll olunmur: “Orada heç olmasa o bəyanatı verən Ayətullahla da görüşmək lazım idi”.

Daha sonra Sərdar Cəlaloğlu qeyd edib ki, azərbaycanlı şiələri İranın təsirindən çıxarmaq lazımdır: “Çünki onlar İran Ayətullahlarının yolu ilə gedirlər. Bizim də bir Ayətullahımız olmalıdır ki, onlar Rafiq Tağının öldürülməsinə fətva verəndə, bizim Ayətullah da Rəfsancaninin öldürülməsinə fətva versin ki, o, xalqa ana dilində təhsil almağa imkan vermir”.

Fatimə Kərimli