Bəs əsgər ölümləri qanunidirmi?

bes-esger-olumleri-qanunidirmi
Oxunma sayı: 642

Kovboylar vəhşi Qərbin əsas simvoludur. Onlar ucsuz-bucaqsız Texas yaylalarında özbaşına otlayan yabanı, vəhşiləşmiş mal-qara sürülərini dəmiryol stansiyalarına qovub heyvanları sallaqxanalara, ərzaq istehsalçılarına satmaqla pul qazanırdılar. 1865-ci ildə əsasən Texas ərazilərində yaranan bu süvari və silahlı zümrə oğurluğun, zorakılığın, azğınlığın, vəhşi kapital yığımının, sentlər uğrunda qəddar mübarizənin rəmzi hesab olunur.

Deputatlarımızın özlərini kovboylara bənzətməsi elə bu üzdən diqqətimi çəkdi. Seçimləri o qədər düzgün idi ki, dəstəkləməyə bilmirsən. Bundan sonra həmişə Seyidova səs verəcəm. Seyidov o şəkildə lap elə bil Pekos Bill idi ki, durmuşdu...

Madam deputatlarımız özlərini vəhşi Qərbin qəhrəmanlarına oxşadır, Qərbin ən pis tərəflərini mənimsəyirlər, mən də acığımdan, bəlkə də paxıllığımdan özümü klassik Şərqin adamlarına bənzədəcək, özümü tipik şərqli kimi aparacağam. Şərqin ən pis cəhətlərini mənimsəyəcəyəm. Yəni bu gün özümü qeyri-konstruktiv, dağıdıcı, pozucu, kəsici, deşici, qızışdırıcı, bölücü, təxribatçı kimi aparacağam. Erməni dəyirmanına su tökəcəyəm. Düşmən qüvvələrin təsiri altına düşüb ölkəmizdəki sabitliyi pozmağa çalışacağam. YAP iqtidarının qazandığı misilsiz uğurlara, AzTV-nin sözü olmasın, küçələrə işıq salan müasir, beynəlxalq standartlı işıqlandırma sistemlərinə paxıllıq eləyəcəyəm...

Yəni “Əsgər ölümlərinə son!” tələbi ilə bu gün - martın 10-da keçiriləcək etiraz aksiyasına beşəlli dəstək verəcəyəm. Əcəb də eləyəcəyəm. Çünki heç bir azərbaycanlı balasının, illah da əsgərin dırnağına daş nədir, heç gilas çəyirdəyinin də dəyməsini istəmirəm. Orduda zabit olmuşam, əsgərin ayağına daş dəyməyin nə olduğunu general, nazir, sədr-müdir balalarından qat-qat yaxşı bilirəm...

Yaxşı, gəl baxaq görək Azərbaycan əsgərinin dırnağına daşın da dəyməməsini məndən başqa daha kimlər istəyir. Fəal gənclər istəmir. Müxalifətçilər istəmir. Vicdanını itirməmiş insanlar istəmir. Orduda artıq balasını, qardaşını itirmiş analar, atalar, bacı və qardaşlar istəmir. Kəsəsi, xalq, millət istəmir...

Bəs onda Azərbaycan əsgərinin dırnağına daş dəyməsini kim istəyir? Hə, burada məsələ qəlizləşir. Bunu kimin daha çox istədiyini adbaad, birbaşa yazsaq, poqon da əyri bitəcək, partbilet də. Konkret ad çəkməyə əslində heç ehtiyac da yoxdur. Özünüz də bilirsiniz ki, kim istəyir. O daşı başı bu ölkənin sərvətlərini talamağa, oğurlamağa qarışanlar istəyir. Onlar istəyir ki, pulları çox, kefləri kök olsun, əsgər də sərhəddə durub onları qorusun, öləndə də ölsün...

Dəqiq deyə bilmərəm, amma mümkündür ki, bunu generallar da istəyir. Amma niyə istəyir, məqsədləri nədir - bunu deyə bilmirəm. Onu isə dəqiq deyə bilərəm ki, görünür, onlar bunu doğrudan da çox istəyir. Əgər istəməsəydilər, təkcə bu ilin təkcə iki ay on günü ərzində, yəni 70 gündə 15 əsgərimizin və hərbçimizin qeyri-döyüş şəraitində ölməsinə niyə, necə razı olardılar?

Dəqiq deyə bilmərəm, amma mümkündür ki, bunu YAP hakimiyyəti də, məmurlar da ürəkdən istəyir. Əgər istəməsəydilər, qabağını alardılar. 20 ildir belə gedir, amma tükləri də tərpənmir. Sinirləri tamam ölüb sanki... Əgər istəməsəydilər, parlamentin tribunasından, AzTV-nin efirindən, “Yeni Azərbaycan”, “Səs”, “Azərbaycan” kimi qəzetlərinin səhifələrindən “Əsgər ölümlərinə son!” deyə heç olmasa bircə dəfə hayqırardılar. Daha həmin ekrandan-səhifədən yararlanıb şit-şit, gic-gic söhbətlər eləməzdilər, yaltaqlıq kimi murdar xəstəlik infeksiyası yaymazdılar.

Yox, lap dəqiqdir, bunlar əsgər ölümlərinin dayanmasını qətiyyən istəmirlər. Hökumət balası əsgərlikdə olan xalqa dünən belə hərbə-zorba gəldi: “Bakıda “Əsgər ölümlərinə son!” şüarı ilə keçiriləcək qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq”.

Yaxşı, bunu anladıq, 10 mart aksiyası qanunsuz imiş. Amma bəs əsgər ölümləri qanunidirmi?!